Sabir Rüstəmxanlının “Əbədi Sevda” kitabının təqdimatı keçirilib
29.03.13
Bu gün Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının şeir və poemalarından ibarət “Əbədi Sevda” kitabının təqdimatı keçirilib.
Təqdimatda xalq yazıçısı Anar, şairlər Musa Yaqub, Rüstəm Behrudi, Çingiz Əlioğlu, millət vəkilləri Qənirə Paşayeva, Elmira Axundova, Fazil Mustafa, Asim Mollazadə, Qənirə Paşayeva, AYB-nin katibi Rəşad Məcid, professorlar Qəzənfər Paşayev, Vaqif Arzumanlı, Cəmil Həsənli, tənqidçi Vaqif Yusifli, yazıçı-publisist Əkbər Qoşalı, AYB-nin sədr müavini Nazim İbrahimov, tənqidçi Əsəd Cahangir, gənc yazar Pərvin Nurəliyeva, həmçinin digər tanınmış ədəbiyyat və mətbuat nümayəndələri iştirak edib.
Tədbirə açan AYB-nin sədri Anar kitabdakı şeir və poemalarla hələ tanış olmadığını deyib: "Kitabla tanış olmasam belə mən Sabir Rüstəmxanlının yaradıcılıq yoluna bələdəm. Sevinirəm ki, o, aktiv siyasi fəaliyyətlə yanaşı, böyük şair kimi də bir gün qələmi yerə qoymayıb. Hər zaman mühitdə baş verənləri oxucuya çatdıra bilib".
“525-ci qəzet"in baş redaktoru Rəşad Məcid qeyd edib ki, bu kitabda həmçinin Sabir Rüstəmxanlının keçdiyi həyat yolu və siyasi fəaliyyəti də geniş yer alıb.
Millət vəkili Elmira Axundova kitabı ilk dəfə gördüyü üçün daha geniş fikir söyləyə bilmdəyini qeyd edib. Amma buna baxmayaraq o, Sabir Rüstəmxanlı ilə bağlı ilk tanışlıq illərindən danışıb.
Sonra AYB-nin sədr müavini Nazim İbrahimov Sabir Rüstəmxanlının həyat yolunda rastlaşdıqları incəliklərin sonradan onun yaradıcılığına sirayət etdiyini vurğulayıb.
Şair Çingiz Əlioğluya görə, Sabir Rüstəmxanlı sözü daha uzaqlara yetir və o sözlərdən Azərbaycanın hər qarışı, uzaq və yaxını görünür.
Sonra tanınmış şair Musa yaqub Sabir Rüstəmxanlının şeirə məsuliyyətindən söz açıb. O keçmiş illərdən bir anı da xatırlayıb. Vurğulayıb ki, bir vaxtlar Sabir Rüstəmxanlı qeyd edib ki, şair hər zaman öz kitabına giriş sözünü özü yazmalıdır.
Şair Rüstəm Behrudi AYB-nin yeni kitab barədə danışandan sonra deyib ki, Natəvan klubunda ilk dəfə bu gün olub.
Millət vəkili Qənirə Paşayeva çıxış edərək bildirib ki, sabir Rüstəmxanlı yazılarında həyatda olduğu kimi görünən şairlərimizdəndir.
Sonra Fazil Mustafa, Cəmil Həsənli, Asim Mollazadə, Əsəd Cahangir və digərləri çıxış edərək Sabir Rüstəmxanlının yaradıcılıq yoluna geniş nəzər salıblar.
Sonda Sabir Rüstəmxanlı tədbir iştirakçılarına öz təşəkkürünü bildirib. /teleqraf.com/
|