Şərif Ağayarın hekayəsi
28.03.13

Hərbi-siyasi məsələ

“Budrudum!!!”
 
Yarıoyaq olsam da, sırazı anlayıram. Top səsidi. Top səsi... Yaddaşımı kirkirədən keçirsən də, bu səs qulaqlarımdan gedəsi deyil.
 
...Füzuli bazarından aldığım karalyoku pencəyimin qoluna silib təzəcə bir dişlək almışdım ki, ərəsət qopdu. Elə bil hər şey mənim bu karalyoku dişləməyimə bənd imiş. Qaçhaqaç, qovhaqov, yıxılan, duran, büdrəyən, qışqıran, zarıyan... hamı qarışdı biri-birinə. Birdən: «Budrudum!!!» Dalınca da insanın qulaqlarını cırıqlayan vəhşi bir uğultu... Yenə şəhəri top atəşinə tuturdular. Qaçmağa macal yox idi. Yetən-yetən əlləri ilə başını qucaqlayıb yerindəcə şöngüyürdü. Səs gələn səmtə baxdım, heç nə görünmürdü. Uğultunun vahiməsi çiyinlərimdən aşağı basdı, mən də oturdum. Bu an ikinci gurultu və ikinci uğultu göylərin boşluğunu ağuşuna aldı. Saniyədən də az zaman ərzində nəsə qara bir şeyin şəhərin üstü ilə keçdiyini hiss etdim. Uğultudan əlavə, partlayışabənzər səs gəldi, şəhər silkələndi. Qorxmağa başlamışdım. Görünür, Füzuli şəhərinin şimalında, ən əhəmiyyətli yüksəkliklərin birində qərar tutan erməni hərbçiləri bazarın koordinatını düz götürmüşdülər. Tərs kimi bazar günü idi, adam əlindən tərpənmək olmurdu. Bazara düşən istənilən mərmi bir göz qırpımında böyük fəsadlar törədərdi və başına mərmi düşən həmin adamlardan biri də mən ola bilərdim.
 
Füzulidə hamı topu, qradı, minemyotu səsindən tanıyırdı. Hətta qırıcının səsini o biri uçaqlardan ayıra bilirdilər. Bu mənada şəhər əhalisinin sluxuna yağlı bir beş! İntəhası, qırıcı elə bir zibildi ki, raketi səsindən əvvəl gəlir. Daha doğrusu, əvvəl raketi gəlir, sonra özü, ən axırda səsi. Atdığı raketlər Qarabağ insanının həyatından qiymətli olduğu üçün qırıcıdan qorxanı avam hesab edirdilər.
 
Sağlığınızı görüm, mən də burada yaşadığım aylar ərzində bütün silah səslərinə öyrəşdim. Part eləməmiş ürəyimdə deyirdim: «peka... avtamat... qrad...».
 
Üstəlik səslərə uyğun rəftar: top, qrad atıldısa yerə yat, avtamat və tank səsi eşitdin qaç, bu artıq düşmənin yaxında olduğunu göstərir. Ama ən yaxşısı, elə yerdə yaşa ki, bu səslərin heç birini eşitməyəsən...
 
Eeeee.... şəxsən mən o qədər qaçmışam ki! Özü də tumançaq.
 
“Erməni gəldi!!!” – gecənin bir aləmi eşitdiyin bu dəhşət dolu səsdən sonra nə ana-bacı yada düşür, nə də pal-paltar.
 
“Budrudum!!! Uğğğğuğğğuğğğuuuuu... Bışşş!!!”
 
Hövlank qalxıram.
 
“Dam! Dam! Daram!”
 
Oğlumdu. «Elmlər»dəki oyuncaq mağazasından aldığı  bir bölük əsgəri yenə divanın, yorğan döşəyin ən əhəmiyyətli yüksəkliklərinə düzüb əməlli-başlı döyüş aparır. Nə qədər çalışsam da, uşağa bu adətini tərgitdirə bilmirəm. Məni boğaza yığıb. Uşaqdı də... Başa salmaq olmur. Başa salmaq olmur ki, ay bala, görürsən yatmışam, nə guppagup salmısan. Bəlkə elə qorxuram! Nədi, adam-zad deyiləm? Topdan-qraddan qorxmayan kafirdi. Bu sənin üçün, razborka-zaddı bəyəm? Mərmidi, üstünə düşdü, düşdü də, neyləyə bilərsən?!
 
“Tr...trrr...tererere... dam!”
 
Bilirəm, tankdı.
 
“Ay uşaq, qoy yataq!”
 
Hara yatıram.
 
...Füzulinin Veysəlli kəndinin yanında bir ferma var idi. Payız vaxtı Haramı düzünün şimalındakı dərə yoxuşa bu fermaya tərəf köç gedirdik. Birdən bir tank göründü və tırhatır gəlib yanımızda dayandı. Düzü ilk dəfə idi ki, tank görürdüm. Nə bədheybət səsi varmış! Bir az qorxdum da. Biləndə ki, bizimkilərdi, toxdadım. Tank dayanan kimi içindən bir əsgər hobb eləyib yerə düşdü, salamsız-kalamsız yaxınlaşıb say-seçmə qoyunlardan birini qoltuğuna vurdu. Müdirimiz qışqırdı:
 
-Ə, neynirsən?!
 
 
Cavab gəlmədi. Əsgər qoyunu tankın içinə salladı, sonra da özü yox oldu. Müdir atını tankın qabağına sürdü:
 
“A bala, bu qalxoz heyvanıdı, neyniyirsiz?”
 
Tank kərkinə-kərkinə müdirin üstünə yeridi. Müdir çəkilmədi. Əksinə atı mahmızlayıb tankla döş-döşə dayandı.
 
-Qoyunu verin köpəyuşağı! Dərəbəylikdi bəyəm!
 
Part, tanka bir ağac. Tank sanki ağrıdan dəli bir nərə çəkdi, tüstü-toz bir-birinə qarışdı. Müdirin atı hürkdü. O, uzaqlaşan tankın arxasınca baxıb tüpürdü:
 
- Bay sizin ananızı... Qiryətiniz varsa, gedin Xocalının hayıfını alın.
 
Sonralar öyrəndik ki, həmin tankdakılar Aşağı Veysəllidə xidmət edən əsgərlərdi. Bu bölgədə vur-tut bircə tank var idi. Ona görə camaatın gözündən basıb lotuluq eləyirdi. Aşağı Veysəlliyə erməni hücum edəndə nə qədər əlləşdilərsə həmin tank işə düşmədi, kənddə qoyub qaçdılar.
 
“Da-da-da-da...”
 
Zibilə düşmədim:
 
“Ay uşaq, qoy gözlərimin çimirini alım” – bunu da mən deyirəm. Dalınca da ürəyimdə: «Avtomatdı. Görəsən, bu köpəyoğlu silahların səsini belə dəqiq çıxarmağı hardan öyrənib?»
 
...Örüşdən evə qayıdırdım. Bir atlı çıxdı qarşıma, əynində hərbi paltar, əlində avtamat. Yuxarıdan aşağı mənə baxıb:
 
“Sizin uşaqlar axşam bizim fermanın üstündən güllə atıblar. Bu, adama sataşmaqdı. İndi səni öldürəcəm, onlara ibrət olsun.” – dedi.
 
“Qardaş, Allaha and olsun xəbərim yoxdu.”
 
“Kəs, düdük gədə! Bu da o döyül ki, müdiriniz əmimi ağacla vura!”
 
“Müdir vurub, get onu öldür də.”
 
“Qohumu döyülsən, səni öldürəcəm. Ora baax” - əlini Əmralılar kəndinə tərəf uzatdı – “bilirsən orda hər gecə neçə adam ölür? Sən də onların biri...”
 
Avtomatı ayağa verdi. Çaşıb-qalmışdım, təzəcə qorxmağa başlayırdım ki, güllələr səpələndi. Ayağımın altındakı toz-torpaq, xırda daş-kəsək sifətimə çırpıldı, gözlərim tutuldu, elə bildim öldüm. Yalnız qarşımdakı adamın bərkdən güldüyünü eşitdim. Gülüş at ayaqlarının səsinə qarışıb zəiflədi və itdi. Hardasa on dəqiqə yerimdən tərpənə bilmədim. Elə bil ayaqlarımı yerə mıxlamışdılar.
 
“Da-da-da-da...”
 
Nə olur-olsun avtomat qüdrətli silahdı. Ama hərdən düşünürəm ki, gör bu Kalaşnikov əclaf bəşəriyyətə nə qədər ziyan verib. Bəlkə də dünyada onun kəşf etdiyi avtomat qədər insan qətlə yetirən silah olmayıb. Həm də avtomat daha çox ədalətsiz əllərdə qaqqıldayıb.
 
Avtomat dedim yadıma düşdü, Ağcabədidə məşhur bir adam vardı: Cəbhəçi Mamed. Raykomu devirib, bir müddət hakimiyyəti əlinə almışdı. Mamedin avtomatının güllə yerləri uzun zaman Ağcabədi rayon İcra Hakimiyyətinin binasını və qarşısındakı heykəlin postamentini bəzəyib. Sağlığınızı görüm, o güllə yerlərinə çox baxmışam, hətta sığallamışam da! Mənə elə gəlib, hələ də istidi bu güllə yerləri. Elə bil Səməd Vurğun məşhur misrasını məhz burada qələmə alıb: Soyuq divarlarda güllə-filan... Əvvəllər binanın qarşısında Leninin heykəli olub. Deyilənə görə, Mamed onun da təpəsini odlayıbmış. Sonra heykəli çiyinlərindən bir-iki santimetr aşağıdan kəsib ondan Məmmədəmin Rəsulzadə düzəltdilər. Ağcabədidəki Rəsulzadənin köksündə Leninin ürəyi «çırpınırdı». Aşağısında isə Cəbhəçi Mamedin güllə naxışı... Avtamat gülləsinin yeri ağ mərmərdə gül kimi açılır.
 
“Uuuuuuu.... Uuuuuuu....”
 
Təyyarədi yəqin... Qırıcı. Ama qırıcının səsini dəqiq çıxara bilmir oğlum. Qırıcının səsi hardasa burulur, əyilir, uzaqlaşdıqca daha çox uluyur.
 
...Bizimkilər Füzulinin ermənilər tərəfindən zəbt olunmuş Hoğa kəndinə hücum planlaşdırmışdılar. Plan belə idi: əvvəlcə qırıcılar qalxıb kəndi bombalayır, sonra tanklar-beempelər gedir, ardınca pexota. Qırıcılar gəlmədi, texnika xoda düşmədi, əsgərləri verdilər qabağa. Yalan olmasın, hər metrəyə bir əsgər itirmək bahasına kəndə girdilər. Erəmənilərin qoyub qaçdığı ağ çaxırdan nübar eləməmiş, qırıcılar Yevlaxdan qalxdı. Hava əlaqəsi alınmadığına görə kənddə bizimkilərin olduğunu qırıcılara xəbər verə bilmədilər. Yevlax susurdu... Bu susqunluğu qırıcıların Hoğa kəndinə yağdırdığı bombalar pozdu. Qırıcıları ruslardan od qiymətinə kirayə götürüblərmiş. Kim idi bizdə qırıcı alan, ya onu idarə edən. Deyirdilər, ruslar qəsdən bizimkiləri qırıblar… Axşam gün batmamış ermənilər təzədən yerlə yeksan olan Hoğa kəndinin bütün yüksəkliklərinə qayıtdılar.
 
“Vğğğğğğğğ.... ıııııııınnn....!”
 
Bu da hərbi maşın – rus “Ural”ı...
 
...Xocavənd qaçqınları Ağcabədi ilə Taxtakörpü arasındakı asfalt yolla qoyun sürüsü aparırdı. Birdən bu urallardan biri nəriltiylə döngədən çıxdı. Çobanlar birtəhər yolun sağ-soluna atıldılar. Ural gəldiyi sürətlə sürünün ortasına helləndi. Təkərlərə dolaşan qoyun-quzu krelə dəyib cındır əsgi kimi yan-yörəyə səpələnirdi. Maşın sürünü başa-baş iki yerə böldü və uzaqlaşdı.
Bir-iki ağsaqqal kişi qəza ilə əlaqədar ordunun rayon mərkəzindəki qərargahına getdi. Qərargah rəisi heç kimi qəbul etmədi. Axşam işdən çıxanda yaşlı kişilərin biri onu yaxaladı:
 
“Başına dönüm, yoldaş mayor, bu qoyunların yiyələri Kurapatkində vuruşur. Hamısının ailəsi, uşağı burda yataxda bu heyvanlarnan birtəhər dolanırdılar, indi biz neyləyək?”
 
“A kişi, özün bilirsən, hərbi vəziyyətdi, gündə yüz meyit gəlir, sən də iki-üç qotur qoyunun dalınca düşmüsən.”
 
“Yoldaş mayor, vallah əlacımız yoxdu.”
 
“Sən nə təhər adamsan, a kişi! Əmr dalınca gedən maşın yubana bilməz! Sürü asfalt yolda nə gəzir?”
 
“Başqa yol yoxdu, qadan alım.”
 
“Get, get burdan, vaxtımı alma!”
 
Kişini itələyib UAZ markalı maşına yaxınlaşdı. Kişi dözmədi:
 
“Qurumsaxlar! Siz öləsiz, düz prezidentin yanınacan gedəcəm!”
 
“A kişi, ağzının qatığını dağıtma, get, nə bilirsən elə! Get, get...” – qərargahın qarşısındakı əsgərlər kişini zorla itələyib darvazadan çölə çıxartdılar. Kişi arxasını səkidəki ağacların birinə söykəyib dərindən köks ötürdü, sonra boynunu büküb çarəsizcə duran yoldaşlarına baxdı və dedi:
 
“Evin yıxılsın, fələk!”
 
“Dam-daram-dam-duuuuum!!!!”
 
Bu dəfə, day özümü saxlaya bilmirəm, oğlumun hərbçilərinə əməlli-başlı hücum edirəm. Ayağımı yüksəkliklərdən enib döşəmənin üstündə sıraya düzülən əsgərlərin üstünə qoyub yerimdə bir dəfə buruluram. Ayağım da, nəmxuda, qırx dörd razmer! Başı üzülən, qılçası çıxan, avtamatı düşən... Hərbi texnikaya dəymirəm. Hər necə olsa, əsas insandı. İnsan olmayandan sonra topu, qradı kim atacaq?! Sonra bu şil-şikəst əsgərləri xışmalayıb balaca yataqxana otağının künc-bucağına səpələyirəm… Bölük komandirinə də bir şapalaq:
 
“Dur əynini geyin, kaşanı ye! Baş-beynimi aparma!”
 
Və təbii, atəşkəs bərpa olunandan sonra gedib rahatca yatmağıma davam edirəm...
 
Ən yaxşı müdafiə hücumdur deyənlər haqlı imişlər. Oğlumu elə susdurmuşdum, “mıq” eləyə bilmirdi. Ama əsgərlərini bir daha səfərbər etmək istəyini eşidəndə dalağım sancdı. Bu xəbəri mənə arvad verdi. Bizim arvadağa evdə KİV rolunu oynayır. Hər axşam bütün xəbərləri mənə və ailə üzvlərinə o çatdırır; larmpıçka yanıb, video işləmir, yataqxanada otaq satırlar, anamın təzyiqi qalxıb, çörək qurtarıb və s. Onu da deyim ki, qaynanamgilnən lap yaxın oluruq. Demək olar, bir yerdə... Aramızda bir divar var. Sizə deyim, qaynata-qaynana ilə yaxın olmaq Rusiya və İran kimi ölkələrlə qonşu olmaq kimi bir şeydi. İstənilən vaxt «ölkə KİV»inə sensasion xəbərlər ötürməyi, daxili münaqişələrdən istifadə edib bu və ya digər məsələləri öz mənafelərinə uyğun həll etmək üçün «ölkə»yə burun soxmağı bacarırlar. Bu da təbii, kişinin hakimiyyətinin ictimai dayaqlarını sarsıdır. Necə olur-olsun kişi evin ali baş komandanıdı. Bütün hakimiyyəti – lap belə maliyyə naziri postunu arvada güzəştə getmək, xəzinəni onun ixtiyarına vermək olar, ancaq ali baş komandan vəzifəsini heç zaman əldən vermək olmaz! Əsgərlikdə olmasam da, belə işlərdə təcrübəliyəm.
 
Etiraf etməliyəm ki, qaynatam və qaynanam Rusiya və İran  kimi həmişə mənə qarşı qərəzli olublar, qızlarının və nəvələrinin tərəfini saxlayıblar. Odur ki, bu atəşkəs məsələsində sərt siyasət yürütdüyüm üçün mənə yumşaq notalar göndərdilər:
 
“Uşağın xətrinə dəymə. Sən o yaşda olanda şalvarının düymələrini aça bilmirdin.”
 
Mənim qohumlarım, yəni atam və anam beynəlxalq təşkilatlar timsalında çıxış edirlər. Çünki onlar uzaqda – rayonda yaşayır və bizə az-az gəlirlər. Üzdən arvadın və oğlumun sözünü deyib Rusiya və İranla hesablaşsalar da, mahiyyət etibarı ilə mənim tərəfimdədirlər. Çünki mən ailəni onlar istəyən kimi idarə edirəm. Lazım gəlsə, «polis»in, yəni iri və güclü yumruqlarımın hesabına arvad üzərində tam və qəti qələbəmi təmin edirəm. Amma nə olar, nə olmaz, həddi çox aşmıram, arvadın etiraz aksiyalarına, qonşularla qeybətləşməsinə, hətta mənim qarama döşəməsinə icazə verirəm. İstənilən məsələdə onun səsini qiymətləndirir, təkliflərini dinləyir, sonda öz bildiyimi edirəm.
 
Nə isə, arvaddan aldığım son məlumata görə, oğlumun bölüyündə ölən, qılçını-qolunu itirənlərlə yanaşı itkin düşənlər də vardı. Ölənlər və yaralılar hamısı tapılmışdı, itkin düşənlərin işi fırıq idi. Çünki bizim otaqda hündür və ağır şkaflar var, bu şkaflarla divarın arasına düşən əsgərin yiyəsinə xeyri yoxdu. Üstəlik, mən bilən, əməliyyat vaxtı pəncərə açıq olub. Güman ki, itkin düşənlərin bir qismini fırıldatmışam küçəyə – maşınların təkəri altına. Oğlum ümidlərini üzmüşdü tamam. Bölüyü bərpa etmək üçün ona vaxt lazım idi. Əlbəttə o, atəşkəsdən istifadə edib öz işini görə bilərdi. Buna görə, diqqətini bağça, məktəb, əlifba kimi zərərsiz istiqamətlərə yönəltmək lazım idi. Mənim son siyasi missiyam bu idi. Bacarırdım da!
 
Günlərin birində qaynım bir kulyok əsgər, texnika və hərbi sursat gətirdi evimizə. Oğlum sevindiyindən dingildəyirdi. KİV, müxalifət, Rusiya, İran tamamilə onun tərəfində olduğundan səsimi çıxara bilmədim. Bu azmış kimi, beynəlxalq təşkilatlar da təxminən arvadın və oğlumun tərəfində idilər. Təklənmişdim.
 
Qayınımın gətirdiyi kulyokdan nələr çıxmadı: 3-4 bölüyün əsgəri, 3 qırıcı təyyarə, 10 tank, 4 top, 11 hərbi maşın, çoxlu qumbaralar, minalar, tapança, avtamat və pulemyotlar, hətta ovçarka... Bütün bunlar bir yana, səngərin üstünə yerləşdirmək üçün qum doldurulmuş kisələr və sairə və sairə... Bu açıq-aşkar hərbi müdaxilə idi. Beynəlxalq aləmin hadisəni susqunluqla qarşılaması isə tarixi ədalətsizlikdən başqa nə ola bilər ki?
 
İndi, hər səhər oğlumla aramda belə bir dialoq gedir. O, var səsi ilə, mən isə yarıyuxulu ürəyimdə…
 
“Budrudum!!!”
 
“Top.”
 
“Tr...trrr...tererere... dam!”
 
“Tank.”
 
“Da-da-da-da...”
 
“Avtamat.”
 
“Vğğğğğğğğ.... ıııııııınnn....!”
 
“Bu xocavəndlilərə divan tutan “Ural”.
 
“Uuuuuuuuuuuuu....”
 
“Bu da Yevlaxdan Hoğa kəndi üçün qalxan qırıcılar...” /kulis.az/
 

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.