Rasim Qaraca - Mart şeirləri
26.03.13
Nə qədər böyüklük var bu ağacda biri gəlib baltalasa səsini çıxarmayacaq...
* Bəzən çatlamış divarlarda da yazırlar: “mən səni sevirəm”
*
Sən dəmiryol stansiyası kimisən ikinizin də hörüklərində iki yetişməmiş vişnə var qızılgül qoxuyur hər ikinizin nəfəsi Perronda gəzişərək o baş-bu başa qəribəliyinizi düşünürəm hər ikinizin üzündə soyuq təbəssüm və əlində bıçaq...
*
Gecə yağan bu yağışın damlaları zülmət qaranlıqda parıltısını haradan alırsa ümidsizlikdən doğan bu misralar da mənasını oradan...
* Bir gün gələcək yollarımız ayrılacaq iki günəşli günlər başlayacaq kədər dolu gecələrdə göy üzündə iki ay...
*
Ayrılıq bu qədər acı olmazdı yadıma düşməsəydi hərdən birlikdə olduğumuz günlərdə “hələ birlikdəyik” söyləmən...
*
Şairlər sevgini çox əlçatmaz etdilər, göylərə, ulduzlara qaldırdılar... halbuki o burada çox yaxında – dəmlədiyin çayda, qızartdığın kartofda və yuduğun meyvələrdə imiş
*
Səni utandırmaq istəyirəm, çünki utanmanı da sevirəm...
*
Xatirələr daha aydın görünür bəzən göz yaşı pərdəsindən...
* Dil-dil ötər kiçik sevgilər böyüklərsə çox zaman susqunluğa qapılar...
*
Iynəli sevgi anlarıdır üstümdə düymə tikən qadının toxunmaları
/oxuzali.az/
|