Con Apdaykın hekayəsi
26.03.13

Qqrinviç-villicdə qar yağımı

Meypl ailəsi Vestsayd rayonunun 13-cü küçəsinə təzəlikcə köçmüşdü. Elə həmin axşam Rebekka Kyun onların evinə baş çəkdi, çünki Meypl ailəsinin evi Rebekka Kyunun evinin bir neçə addımlığında yerləşirdi. Rebekka hündürboy qadın idi. Bənizindəki dəyişilməz gülümsəyişlə, həm də nəvazişlə Coanı salamladı, həm də elə döndü ki, Riçard Meypl onun paltosunu və şarfını çıxara bilsin. Rebekkanın sərbəstliyi Riçarda da sirayət etdiyindən, o da çox dəqiqliklə və zərifliklə rəftar etdi. Riçard və Coan artıq iki il olardı evli idilər. Riçard arvadına nisbətən o qədər cavan görünürdü ki, dostları onu evin sahibi kimi qəbul edə bilmirdilər, qonaqların tərəddüdləri Riçarda təsirsiz ötüşmədiyindən, adətən arvadı Coan kokteyl hazırlayırdı, Riçard isə arvadı kokteyl hazırlamaqdaykən, hörmətli-izzətli qonaq kimi divanda əyləşib kef edirdi. Beləliklə, Riçard qaranlıq otağa daxil oldu, Rebekkanın paltosunu və şarfını ikinəfərlik çarpayının üzərinə qoyub, qonaq otağına qayıtdı. Palto onun əlinə yüngül yatmışdı.
 
Rebekka döşəmədə torşerin yanında əyləşib, ayağının birini altına keçirdi, bükülən çarpayıya dirsəkləndi, bu çarpayını əvvəlki kirayənişinlər çıxartmağa vaxt tapmamışdılar, Rebekka danışırdı:
 
- Təsəvvürünə gətirirsənmi, biz onunla yalnız bircə gün tanış olmuşduq, həmin qadın ofisdə mən iş öyrədirdi, ancaq mən onsuz da razılaşdım. Onda mən mənasız bir həyat sürürdüm, bu həyatın adını qoymuşdular qadın pansionu. Orada zallarda çap maşınları vardı, dəlik yerinə iyirmi beş qəpik atıb, yazı yazmaq olardı.
 
Coan kürəyini dümdüz saxlayıb, yaş burun dəsmalını əliylə əzərək, valideynlərinin Vermontdakı evindən gətirilmiş sərt antikvar stulda əyləşmişdi. Coan bəzi məsələləri dəqiqləşdirmək üçün bənizini Riçarda çevirib dedi:
 
- Əvvəllər Bekki bu qızla və onun dostuyla yaşayırdı.
 
- Hə, dostunun adı Jak idi, - Rebekka razılaşdı.
 
- Sən onlarla yaşayırdın? – Riçard soruşdu.
 
Riçardın belə ədayla, belə özünə inamla Rebekkaya ünvanladığı sualın tonu qaranlıq otaqda onu bürüyən hisslərin nəticəsiydi, həmin otaqda Riçard sirli mənalara yüklənmiş halda, qonaq gəlmiş Rebekkanın paltosunu çarpayıya qoydu, bununla da sanki hansısa bir bəd xəbər çatdıracaqmış kimi nəvaziş göstərdi.
 
- Hə, onlarla yaşayırdım. Jak məndən tələb edirdi ki, onun adı mütləq poçt yeşiyində yazılmalıdır: hansısa məktubların itə biləcəyindən dəhşət qorxurdu. Qardaşım flotda məzuniyyət alıb, mənə baş çəkməyə gələrkən, onun baxışları ilk olaraq həmin bu poçt yeşiyini cəlb etdi. – Rebekka bu barədə danışmaqdaykən, barmaqlarıyla havada üç paralel xətt çəkdi, bununla da adların yerləşimini göstərdi:
 
Corcina Klayd.
 
Rebekka Kyun.
 
Jak Simmerman.
 
Qardaşım onda belə dedi: "Əvvəl sən tərbiyəli qız idin”. Jak isə iki günlüyünə də olsa çıxıb getməyi heç ağlının ucundan da keçirmədi, getsəydi heç olmasa qardaşımın gecələməyə bir yeri olardı. Jak getmədiyindən, qardaşım məcbur qalıb döşəmədə yatmalı oldu. – Rebekka gözlərini sallayıb, çantasından bir qutu siqaret dartdı.
 
- Doğrudanda gözəldir, deyilmi? – Coan dedi və yersiz fikir söylədiyini anladığından, əlacsız-əlacsız gülümsədi.
 
Riçardı narahat edən Coanın soyuqdəyməsiydi. Bir həftəyə qədər arvadının xəstəliyi davam etdi, heç bir irəliləyiş-filan olmurdu. Coanın bənizi solğunlaşmışdı, yanaqlarında isə al-qırmızı və sarımtıl ləkələr əmələ gəlmişdi. Modilyaninin naturaçılarına bənzəyirdi. Çünki Coanın da eynilə badamşəkilli mavi gözləri, uzun boynu vardı, eynilə Modilyaninin naturaçıları kimi kürəyini dümdüz tutmaq, başını müxtəlif vəziyyətlərdə əyərək əyləşmək, əllərini dizləri üstünə qoymaq şakəri vardı. Rebekkanın da bənizi solğunluğuyla fərqlənirdi, ancaq bu solğunluq daha çox karandaşla cızma-qara edilmiş rəsmləri xatırladırdı. Rebekkanın ağır göz qapaqları və qüsursuz cızılmış dodaqları Leonardo da Vinçinin rəsmlərini xatırladırdı.
 
- Xeres şərabından kim içmək istəyir? – Riçard məxməri səsiylə ucadan soruşdu.
 
- Bəlkə nəsə daha sərt içki istəyirsən? – Coan təklif edirmiş kimi Rebekkadan soruşdu. Bu sual sanki reklam lövhəsində peyda olmuşdu, həmin reklam lövhələrində əks olunan təsvirlər baxış bucağından dəyişərlər. Rebekkanın gözlərinə baxan Riçard, onun gözlərindən oxudu ki, hansı spirtli içki gətirməli olduğuna özü qərar verməli olacaq.
 
- Xeres elə yerinə düşər, - Rebekka dedi. Onun səlist diksiyası vardı, ancaq səsinin zəifliyi sözlərindəki əminliyi azaldırdı.
 
- Elə mən də Xeres içmək istərdim, - Coan dedi.
 
- Əla, - Riçard dedi və səkkiz dollarlıq "Tio Pepe” butulkasını buxarıdan götürdü, bu içki şüşəsini onun şirkətdəki ikinci adam olan dostu, ispan xeresinin dequstasiyasından gətirmişdi.
 
Riçard üç nəfərin şərəfinə nümayişkaranə jestlə butulkaları açdı, elə qonaq otağındaca açdı, hər üç qədəhi yarıya qədər doldurdu və iki qədəhi xanımlara uzatdı, sonra isə daş rəfə dirsəklənib, öz qədəhindəki payını çalxaladı, belə çalxalamaqla sadə və mürəkkəb efirləri qovmağa çalışırdı, - belə etməyi Riçarda onların agentliyində şərablar üzrə reklam mütəxəssisi öyrətmişdi. Bundan belə, bir adət olaraq Coan sağlıq dedi, belə sağlıq deməyi Coan valideyn evində öyrənmişdi.
 
- Bizim sağlığımıza! Axırıncı yox, axarıncı olsun!
 
Rebekka hekayəsini danışmağa davam edirdi. Jak prinsipə girərək özünü əziyyətə salmırdı. Corcina bir yerdə üç həftədən çox qalmırdı. Mənzildə pişik formasında pul daxılı vardı, bu pul daxılına hamının eyni qədər hüququ vardı. Jak və Corcina hərdən-birdən televiziya üçün ssenarilər yazırdılar. Onlar QAR adlı seriala böyük ümidlər bəsləyirdilər (Qalaktikalararası, bəlkə də Planetlərarası və ya hansısa Araşdırmalar Bürosuna). Onlara qonaq gələn bir cavan kommunist vardı, həmin bu gənc gec-gec yuyunurdu, ancaq həmişə əlində pullar oynayırdı, onun atası Vest-Saydın yarısına sahiblənmişdi. Gündüz hər iki qız işə gedərkən, Jak yuxarı mərtəbədə yaşayan cavan bir isveçli qızla mazaqlaşırdı, bu qız demək olar hər gün öz süpürgəsini yuxarıdan onların balaca eyvanına salırdı.
 
- Lap əsl snayperçidir, - Rebekka dedi.
 
Rebekka hüzur içində yaşaya biləcəyi başqa bir mənzilə köçdükdə isə, Corcina və Jak öz döşəklərini götürüb onun yanına gəlmək qərarına gəldilər. Rebekka anladı ki, onlarla ciddi rəftar etməyin zamanı yetişib. Buna görə də onları qəbul etməkdən imtina etdi. Nəticədə Jak Corcinanı atdı və başqasıyla evləndi.
 
- Keşyü fındığı istəmirsiniz? – Riçard soruşdu. Bu sualı ünvanlamamışdan əvvəl, Rebekkanın onlarda qonaq olmasını nəzərə alan Riçard yaxşı bir mağazaya gedib, bir banka ləpə almışdı, ancaq lap Rebekka qonaq gəlməsəydi belə, Riçard əyləncə xatirinə başqa bir bəhanə uyduracaqdı, məsələn, daimi alıcı olmaq istədiyi mağazadan ilk dəfə nəsə qazanmaq.
 
- Yox, lazım deyil, təşəkkür edirəm, - Rebekka dedi.
 
Riçard belə imtinanı gözləmədiyindən, Rebekkanı razı salmaq üçün təkidlə təkrarladı:
 
- Götür! Götür! Sağlamlığa xeyirdi!
 
Rebekka iki keşyü fındığı götürdü, birindən kiçik dişləm aldı.
 
Bundan sonra Riçard fındıqları arvadına uzatdı. Bu gümüşü ləyənçəni Meypl ailəsi toy günlərində hədiyyə olaraq almışdılar, ancaq hara qoyacaqlarını bilmədiklərindən, bu hədiyyəni açmamışdılar. Coan bir ovuc fındıq götürdü.
 
- Özünü necə hiss edirsən? – Riçard yenə arvadının solğun bənizinə heyrətlənibmiş kimi baxıb soruşdu.
 
Riçard yanında qonağın olmasını heç də unutmamışdı, sadəcə, arvadına necə qayğıyla yanaşdığını nümayiş etdirmək istəyirdi, amma bu saxta qayğı deyildi, kiməsə yalnız və yalnız nümayiş etdirmək xatirinə göstərilmiş qayğı deyildi, bu qayğıda bir səmimilik vardı.
 
- Özümü lap əla hiss edirəm, - Coan peşiman-peşiman ərinin sualını cavabladı. Hərçənd Meypl ailəsi susmurdu, amma evləndikdən sonra üç ay gənc xaçpərəstlər İttifaqının yay düşərgəsinin ərazisində balaca taxta evdə yaşadıqları günlərdən danışırdılar, onların hər ikisinin tanıdığı Bitsi Flanerin utilitaristlərin İlahiyyat akademiyasına qəbul edilmiş yeganə qız olmasından danışırdılar, Riçardın reklam biznesinin onu əfsanəvi beysbolçu Yoqi Berra ilə yaxınlaşdırmasından danışırdılar, ər-arvad hər ikisi özlərini ən yaxşı hekayə danışan sanırdılar, söhbətin gedişatında Rebekkanın yumşaq səsi fərqlənirdi. Rebekkanın bütün qeyri-adilikləri özünə çəkmək fərqliliyi vardı.
 
Rebekkanın varlı dayısı dəmir evdə yaşayırdı, bu evdə dəmir mebellər vardı, bütün bunları da ona görə etmişdi ki, yanğından dəhşət qorxurdu. Böyük Depressiyanın başlamasına az qalmış böyük bir yaxta tikdi, bu yaxtada dostlarıyla birlikdə Polineziyaya üzmək istəyirdi. Böhran illərində onun dayısının bütün dostları müflis oldu. Dayısı isə yenə daşdan pul çıxartmağı bacardı. Hətta havadan da pul çıxartdığını demək olardı. Amma tək-tənha səyahət etmək də onun qismətində deyilmiş, buna görə də yaxta Ustris körfəzində qaldı. Nəhəng yaxta idi. Otuz fut hündürlüyündə olardı. Bütün bunlar bir yana, onun dayısı vegeterian olduğundan, Rebekka on üç yaşına kimi Ümumdünya Şükran Gününü ənənəvi hind toyuğu yemədən keçirirdi, çünki onların ailəsində həmin bu gündə dayısıgilə getmək bir adət halını almışdı. Ancaq müharibə illərində bu adətə son verildi, çünki uşaq ayaqqabılarının rezin dabanları dayısının döşəmələrində qara ləkələr qoyurdu. Ta o vaxtdan bu günə kimi Rebekkagilin ailəsi dayısı ilə bütün əlaqələrə son verdi.
 
- Hər bir tərəvəzin yemək dəyişimi kimi təmtəraqla verilməsi məni məhv edirdi, - Rebekka danışırdı.
 
Riçard yenə hamıya xeres şərabından bir qədər süzdü və xanımların diqqət mərkəzində olduğunu görüb dedi:
 
- Məncə bir çox vegetarianlar Ümumdünya Şükran Günündə cəmdəyi təmizlənmiş hind toyuğu verirlər, içində də üyüdülmüş fındıqlar.
 
Arada yaranmış bu qarmaqarışıqlıqda Coan dedi:
 
- Birinci dəfədir eşidirəm. – Bu söhbətdə Coan on dəqiqə olardı iştirak etmirdi və indi onun səsi kəsilmişdi. Coanın öskürəyi Riçardın ürəyinə xəncər kimi batdı.
 
- Hind toyuğunun cəmdəyini nə üçün doldururlar? – Rebekka siqaretin külünü nəlbəkiyə çırpıb soruşdu.
 
Haradansa aşağılardan narın-narın taqqıltılar eşidildi. Pəncərəyə sarı birinci Coan qaçdı, onun ardıyca Riçard, sonuncu isə Rebekka qaçdı. 13-cü küçə boyunca altı nəfər polis at oynadırdı. Meypl ailəsinin heyrət dolu səsləri kəsildikdə, Rebekka xəbər verdi:
 
- Bu atlı polislər hər axşam buralardan keçirlər. Hamısı eyni vaxtda keçirlər. Qəribə polislərdir, elə bil nəsə ciddilik çatmır bunlarda.
 
- Oy, qar yağır! – Coan ucadan dedi. Coanın qar yağımına münasibəti həqiqətən də təsirliydi. Coan qarı çox sevirdi, amma son illər elə də qar yağmırdı. – Bu qar yağımı bizim yeni mənzilimizin şərəfinədir! Birinci əsl ailə axşamının şərəfinə!
 
Coan özünü unudubmuş kimi Riçardı bağrına basdı, Rebekkanın yerində başqa birisi olsaydı, ər-arvad qucaqlaşarkən ya üzünü çevirərdi, ya da nəvazişli təbəssüm göstərərdi, amma Rebekka heç gözünü də çəkmədi. Onun xoşagəlimli bənizi qucaqlaşan sevgili cütlüyün arasından pəncərəyə baxırdı. Qar yalnız avtomobillərin damlarında qalırdı, yaş səkiyə düşən kimi əriyirdi.
 
- Mən getsəm yaxşıdır, - Rebekka dedi.
 
- Xahiş edirəm, getmə, - Coan inadla dedi. Riçard arvadından belə inadkarlıq gözləmirdi. Axı Coanın üzgün olduğu aşıq-aşkar görünürdü. Bəlkə də onların yeni mənzili, illərin biri-birini əvəz etməsi, əla xeres şərabı, qucaqlaşarkən yenə əvvəlki tək aralarında elektriklənmənin yaranması, bütün bunlar yəqin, Rebekkanın gəlişi də daxil olmaqla, Coana çox xoş təsirlər bəxş etdi.
 
- Yox, mən getməliyəm, siz lap əldən düşmüsünüz.
 
- Hələ getməmişkən, bir siqaret çəkək. Dik, bizə xeres şərabından süz.
 
- Dibinə kimi süzməyin, - Rebekka qədəhi uzadaraq dedi. – Coan, mənə vurulmuş bir oğlanın ofisiant qılığına girməsi barədə danışmışam sənə?
 
Coan növbəti hekayəni intizarla gözləyirmiş kimi qəhqəhə çəkib, cavab verdi:
 
- Yox, Rebekka, danışmamısan, düz sözümdü. – Coan indicə yatmağa qovalanacaq uşaq kimi stulun arxasına söykənib soruşdu. – Hə, nə etdi o? Özünü ofisiant kimi qələmə verdi?
 
- Hə. Elə artistdir ki... Demək, bir dəfə biz taksidən çıxırdıq, səkidə isə lyukdan buxar çıxırdı. Səncə nə olsa yaxşıdı? Demək bu gədə, bardaşqurma əyləşib, - Rebekka başını aşağı salıb, əllərini tavana qaldırdı, - özünü şeytan kimi göstərməyə başladı!
 
Meypl ailəsində gülüş qopdu Rebekkanın danışdığı hekayəsindən daha çox, bu hekayəni danışmaqdaykən, əl-qol hərəkətləriylə hadisələri təsvir etməsinə gülürdülər Meypl ailəsi. Rebekka bu təsviri hərəkətləriylə həm başqalarının oyunbazlığını, həm də özünün bu oyunbazlıqlara necə soyuqqanlı yanaşdığını nümayiş etdirirdi. Rebekka danışarkən, Coan və Riçard sanki onun danışdıqlarını gözləri önündə canlandırırdılar, Rebekkanın taksi qapısından tutmasını görürdülər, oyunbaz hərəkətlər edən adama ehtirassız-filansız baxmasını görürdülər, həmin aktyorluq edən oğlan isə belini xeyli büküb, barmaqlarını iblisanə əyərək, tülkülük edirdi, özünü elə göstərirdi güya başından buynuzlar çıxır, alov dilləri ayaqlarını yalayır, dabanlarında isə dırnaqlar uzanır. Riçard qəfildən anladı ki, məsələnin mahiyyəti başqadır, Rebekkanın başına həmişə əcaib-qəraib hadisələr gəlir, ətrafında cərəyan edən hadisələr onun soyuqqanlı sakitliyiylə əlaqədə məzəli görünür. Bəlkə də Rebekkanın bu gün Riçardla Coanın evində keçirdiyi gün barədə, kiməsə bu barədə hekayət edərkən gülməli-məzəli görünəcəkdi. Məsələn, Rebekka bu ailədə keçirdiyi günü belə təsvir edə bilərdi: "Küçə boyunca atlı polislər çapır, evlərinə qonaq getdiyim Coan isə qışqırır: oy, qar, qar! – sonra isə həmin bu Coan əri Riçardı qucaqlayır. Riçard isə bütün günü deyirdi ki, ay arvadım xəstədi, ay arvadım özünü pis hiss edir, özü də bir ucdan şərabdan vururdu”.
 
- Yəqin, sənin qarşında hoqqabazlıq edən o oğlan, başqa fokuslar-mokuslar da edirdi, eləmi Rebekka? – Coan soruşdu.
 
- İlk görüşümüz münasibətilə biz həmin oğlanla böyük bir gecə klubuna getdik. Həmin klub hansısa evin damında yerləşirdi. Getmək istəyərkən isə, həmin bu oğlan royal arxasında əyləşdi və arfada ifa edən qadın ona yalvar-yaxır edənə qədər royalda danqıldatdı.
 
- Həqiqətən arfada ifa edən qadın? – Riçard təəccübləndi.
 
- Hə. Bütün gecə əllərini arfanın simlərində oynadırdı. – Rebekka geniş dairəvi hərəkətlərlə qadının arfada necə ifa etməsini təsvir edirdi.
 
- Səninlə kluba gəlib, fortopianoda çalan o hoqqabaz oğlan arfada ifa edən qadını müşaiyət edirdi? – Riçard bu sualı verib, qıcıqlanmasını gizləməyə çalışdı, amma nədən bunu büruzə vermək istəmədiyini heç özü də bilmədi.
 
- Yox, sadəcə royal arxasında əyləşib, ağlına gələni çalırdı. İndi təfərrüatı ilə xatırlamıram.
 
- Sən demə belə hadisələr də olarmış! – Coan sanki Rebekkadan hekayənin davamını  istəyirmiş kimi heyrətlə dedi.
 
- Ardına qulaq as. Biz həmin bu hoqqabaz oğlanla başqa bir yerə getdik, orda isə masa boşalana kimi gözlədik. Heç ona baxmağa macal tapmamış, bir də nə görsəm yaxşıdır, görürəm həmin bu hoqqabaz zalda ora-bura vurnuxaraq, kimdəsə qıcıq doğuran nələrinsə olub-olmamasıyla maraqlanır.
 
- Dəhşət! – Coan dedi.
 
- Hə, dəhşətdi. Elə orda da royal arxasında ifa etdi. Hamının diqqətini özümüzə cəlb etməyi bacardıq. Gecəyarısı birdən ağlına necəsə batdı ki, biz onun bacısıgilə dəyməliyik, bacısı da Bruklində yaşayırdı. Mən təmiz əldən düşmüşdüm, ayağım yorğunluqdan saxlamırdı. Biz metrodan iki dayanacaq tez çıxdıq, Manhetten körpüsünün altında. Ətrafda bir nəfər də gözə dəymirdi, yanımızdan yalnız qara limuzinlər keçirdi. Haradasa bizim başımızın üstündə, - bu sözləri deyərkən Rebekka başını yuxarı qaldırdı, sanki buludlara, günəşə, səmaya baxdı, - Manhetten körpüsü var, onun üstündən isə, mənim dostumun sözləriylə desək, dəmiryolu keçir. Sonra hansısa nərdivan tapdıq, həmin nərdivanda isə bizi metroya göndərmiş iki polis vardı.
 
- Maraqlıdır, bu qəribə oğlan nəylə dolanır? – Riçard soruşdu.
 
- Müəllimlik edir. Yeri gəlmişkən, mən deməzdim axmaq oğlandı.
 
Rebekka ayağa qalxıb, gümüşü-ağ dərili əlini yuxarı uzadıb, əl-qol açdı. Riçard onun paltosunu və şarfını gətirdi və Rebekkanı ötürməyə keçdi.
 
- Bir neçə addımlıq yoldu, - Rebekka kiçicik qətiyyət belə nümayiş etdirmədən etiraz etdi.
 
- Riçard, onu mütləq ötürməlisən, - Coan ərinə məsləhət verdi. – Həm də yolüstü  siqaret alarsan.
 
Coana baxanda anlamaq olardı ki, o, indi xəyalında canlandırır necə əri narın-narın qarların üstüylə addımlayacaq, necə soyuqdan əlləri qızaracaq, necə üstü-başı qara bürünmüş halda qayıdacaq və necə gəzintidən xoş bir abu-hava gətirəcək. Əgər Coan öskürməsəydi, zökəm olmasaydı, onda ərinə qatılıb, daha xoş ovqat yarada bilərdi.
 
- Sənə məsləhət görürəm, heç  olmasa iki gün siqaret çəkməyəsən, - Riçard dedi.
 
Riçardla Rebekka plləkənlə enməkdəykən, Coan qapının ağzından, yuxarıdan onlara əl elədi.
 
Titrək qar dənəcikləri dərini xəfif-xəfif sancırdı. Bu qar dənəciklərini yalnız fənər işığında görmək olardı. 
 
- Dəhşət qar yağır, - Riçard dedi.
 
- Hə, elədi.
 
Yağan qar dənəciklərinin ucbatından işıqforun yaşıl gözü sulu-mavi rəngə çalırdı. Bu işıqforun yanından keçərkən, Rebekka 13-cü küçəyə keçmək üçün şosseyə kimi Riçardın arxasıyca gəlməyə cürət etmədi.
 
- Sən o tərəfə getməlisən, düzdü? – Riçard öz qərarsızlığına aydınlıq gətirmək üçün soruşdu.
 
- Hə.
 
- Bir dəfə səni Bostondan gətirirdik. – O zamanlar Meypl ailəsi səksəninci küçədə yaşayırdı. – Qonşuluqda hansısa böyük binaların olmasını xatırlayıram.
 
- Sizin nəzərdə tutduğunuz binalar kilsə və qəssablar məktəbidir, - Rebekka dedi. – Hər gün səhər tezdən saat 10-da mən işə gedərkən, uşaqlar buralara tökülüşürlər: gülürlər, hamısı da başdan-ayağa qan içində olurlar. Axı qəssablar məktəbində təhsil alırlar.
 
Riçard kilsəyə baxmaq üçün başını qaldırdı. Kilsə təpəsinin silueti Yeddinci Avenyu küçəsində yerləşən yeni yaşayış evlərinin işıqlandırılmış pəncərələrinin fonunda sınıq görünürdü.
 
- Yazıq kilsə, - Riçard dedi. – Belə  şəhərdə kilsənin təpəsi yüksək tikinti mövqelərini çətinliklə saxlayır.
 
Rebekka cavab vermədi. Heç adəti üzrə "bəli” də demədi.
 
Riçarda aydın oldu ki, Rebekkanın susqunluğu tərbiyəçi tonuna görə verilən cəzadır. Bu cür yöndəmsizliyin öhdəsindən gəlmək üçün Riçard onun diqqətini ilk gördüyü nəsnəyə yönəltdi, bu nəsnə isə böyük qapının üzərindəki yarıyazılı-yarıpozulu lövhə idi.
 
- "Ərzaq ticarəti məktəbi”, - Riçard ucadan oxudu. - Yuxarıdakı qonşular danışırdılar ki, əvvəl bizim mənzilimizdə yaşayan şəxs ət ticarətiylə məşğul imiş və özünü "delikates təchizatçısı" kimi təqdim edirdi. Özü də onun məşuqəsi vardı.
 
- Bax, həmin böyük pəncərələr, - Rebekka boz daşla üzlük çəkilmiş üçüncü mərtəbədəki evə işarə edərək dedi, - bu böyük pəncərələr bizim yolun o başındakı pəncərələrimizə baxır. Mən o pəncərələrə baxarkən, elə bilirəm, oranın sakinləri mənim qonşularımdır. Həmişə onların evlərində kimsə olur. Anlaya bilmirəm onlar nəynən dolanırlar.
 
Bir qədər də yol getdikdən sonra dayandılar, Rebekka nisbətən uca səslə soruşdu ki, buralar necə göründü Riçarda:
 
- Bəlkə qonağım olasan, baxasan, görəsən mən hansı şəraitdə yaşayıram.
 
- Böyük məmnuniyyətlə. – Məncə, imtina etməyim heç yaxşı olmazdı.
 
Onlar dörd beton pillələrlə aşağı endilər, sürtülmüş, qırmızı boyayla rənglənmiş qapını itələdilər və boğucu havası olan zirzəmiyə düşdülər. Buradan taxta nərdivanla çıxmaq lazım idi. Riçard hələ küçədə olarkən etik qaydaları aşdığını hiss edirdi, amma indi onun şübhələri günahkarlıq hissinə qədər böyüdü. Pillələrlə qalxmaqdaykən qadının arxasına baxmaq ədəbsizlikdir. Üç il əvvəl Kembricdə Coan liftsiz evin beşinci mərtəbəsində yaşayırdı. Hər dəfə Riçard onu öz mənzilinə apararkən ehtiyat edirdi, hətta onların arasında olan münasibətlərin artıq heç bir kəs üçün sirr olmadığı məqamlarda belə, yenə də ehtiyat edirdi, birdən evin sahibi qəzəbli halda həyətə düşüb, onu diri-diri yeyəcək.
 
- Ah, burda necə istidir! – Rebekka qapını açaraq, ilk dəfə Riçardın yanında belə  gözlənilməz ifadə işlətdi.
 
Rebekka tutqun lampanı yandırdı. Çardaqda yerləşmiş otaq çox kiçik idi. Tavanın maili panelləri divarla birləşərək yaşayış sahəsinin xeyli hissəsini tuturdu. Bir neçə addım da atıb, Rebekkanın yanına yaxınlaşan və nəyəsə görə paltosunu əynindən çıxarmayan Riçard qəflətən ondan sağ tərəfdə taxça açıldığını gördü, burada tavan döşəməyə kimi əyilmişdi. Orda ikinəfərlik çarpayı vardı. Hər üç tərəfdən sıxılmış çarpayı mebel əşyası kimi yox, yorğanla örtülmüş taxta səkiyə bənzəyirdi. Riçard dərhal döndü və Rebekkaya baxmağa cürət etmədən gözləriylə iki stul nəzərdən keçirdi, metal torşerin qapağında balıqların və gəmi sükan çarxlarının təsviri vardı, həmçinin dörd rəfli kitab şkafı: maili divarların yanındakı bu hal adamı vertikal vəziyyətin yöndəmsizliyi fikrinə yönəldirdi. 
 
- Hə, bax burda soyuducunun yanında elektrik sobam var. Bu barədə danışmışdım, - Rebekka xatırlatdı. – Yoxsa danışmamışdım?
 
Elektrik sobası soyuducunun kənarından çıxıntı kimi qabarmışdı. Riçard ağ qapıya toxundu.
 
- Çox rahat otaqdı, - Riçard dedi.
 
- Pəncərədən açılan mənzərədən zövq ala bilərsən, - Rebekka dedi.
 
Riçard pəncərəyə yaxınlaşıb, Rebekkanın yanında durdu, pərdələri açdı və balaca çardaq pəncərəsinin ayri-üyrü şüşəsi arasından küçənin əks istiqamətindəki binaya tamaşa etdi.
 
- Bu uşaqların pəncərəsi bütün divar boyuncadır, - Riçard dedi.
 
Rebekka razılıq əlaməti olaraq nəsə uzatdı.
 
Əks istiqamətdəki mənzildə işıq yanırdı, amma içəridə bir kimsə gözə dəymirdi.
 
- Bənzər mebel mağazasıdır, - Riçard dedi. Rebekka əynindən paltonu çıxartmamışdı. - Qar isə daha güclü yağırdı.
 
- Hə. Elədir.
 
- Nə deyirəm. – Bu söz  çox cəzbedici səslənirdisə də, Riçard pəsdən fikrinə davam etdi: - Mənzilini mənə göstərdiyin üçün sənə təşəkkür edirəm, Rebekka. Mən... Sən bunu oxumusan? - Riçard aşağı skamyada sərilib qalmış "Meym xala” kitabına işarə edərək soruşdu.
 
- Hələ oxumağa vaxt tapmamışam, - Rebekka cavab verdi.
 
- Elə mən özüm də oxumamışam. Yalnız kitab barəsində yazılmış müəllif yazılarını oxumuşam, vəssalam. Düzünə qalsa, həmişə kitabın özünü oxumaqdansa, kitab barəsində ümumi müəllif yazılarını oxumağı üstün tuturam.
 
Onlar artıq çıxışa tərəf irəliləyirdilər. Çıxışın kandarında Riçard yöndəmsiz halda geriyə döndü. Bunun da nəticəsində həmin axşamın təfərrüatlarını beynində canlandırdı, belə nəticə gəldi ki, məhz elə bu yerdə Rebekka sərhədləri aşmışdı: birincisi, Rebekka heç bir ehtiyac-filan olmadan onun bədəninə kip sıxılmışdı, ikincisi, bilərəkdən bütün bədəninin ağırlığını bir ayağının üzərinə yükləmişdi, başını da böyrü üstə əymişdi ki, boyca beş santimetr aşağıda olsun və Riçardı təhrik etsin, həm də onun bənizi bir çox gizlinləri saxlayırdı.
 
- Nə deyirəm, - Riçard əlini uzatdı.
 
- Nə deyirəm, - Rebekka hazırlıqla tutdu, yəqin heç bir qabaqdangəlmişlik etmədən.
 
- Qə... qə.... qəssablardan uzaq dur. – Riçardın dili dolaşdı və əlbəttəki bütün yumor boş-boşuna getdi: Riçardın gülüş telləri o zaman şaqqanaq çəkdi ki, Rebekka onun sifətinə baxdı və Riçardın zarafat etməyə hazırlaşdığını anladı, ancaq o danışmamışdan əvvəl susdular.
 
Riçard nərdivanla aşağı düşərkən, Rebekka məhəccərlərə dirsəkləndi ki, növbəti meydançanı görə bilsin.
 
- Yaxşı yol, - Rebekka dedi.
 
- Hələlik. – Riçard yuxarı baxdı, ancaq Rebekka artıq mənzilinə daxil olmuşdu.
 
Onları cəmi bir neçə pillə ayırırdı!..

Tərcümə: Ramil Rahiboğlu /ann.az/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.