Aqşin Yenisey - Tanrının göndərdiyi kapitan - Nuh
18.03.13
Türk yazıçısı Yaşar Kamalın “barmaq boyda” dediyi “İncə Memmed” haqqında yazdığı romanını kitabxana küncünə tullayıb, sözün bütün mənalarında bərbəzəkli, Nobel almış yazıçımız Orxan Pamukun romanlarından bu cümlə ilə başlayan bir əsərinə keçək: “Bir gün bir kitab oxudum bütün həyatım dəyişdi”.
Roman başdan-başa ucuz romantik duyğuların əsiri olan, bütün həyatını sevdiyi qadının özüylə deyil, onun, guya, əfsanəvi xəyalları ilə keçirən, bundan ötrü həftələrlə bir avtobusdan düşüb, o birinə minən, şəhərdən-şəhərə yol ölçən, gecələr səhərəcən yatmayıb sokaklarda veyillənən, siqareti siqaretə calayan, bir sözlə, heç bir faydalı iş əmsalı olmayan bir avaranın həyatından bəhs edir. Eynən Hind kinosu.
Sualım başqadı; ümumiyyətlə, kitablar insan həyatını dəyişməyə qadirdirmi? İnsanların yazdığı kitabları bir yana qoyaq, bəşəriyyət Nuh əyyamından bu yana peyğəmbərlər vasitəsilə Allahın yer üzünə göndərdiyi kitabları oxuyur: oğurluq etmə, fahişəlik etmə, adam öldürmə, acgöz olma, nə bilim, donuz əti yemə və s. Ancaq bəşəriyyəti öz taxta gəmisinə doldurub bizim bu Naxçıvan həndəvərində xilas etmiş Nuh kişinin “ilahi kapitanlığından” üzü bu yana oğru yenə oğrudu, fahişə yenə fahişədi, adam öldürənin əlindən silahı almaq mümkün olmayıb, acgözün gözü yenə acdı, donuz əti qadağan olunmuşlar üçün restoranlarda menyular “lülə, tikə, qaban” kababları ilə başlayır.
Hanı bir kitab oxuyandan sonra dəyişən həyat? Hanı hətta ilahi kitabların arzusunda olduğu insan? Hanı bir kitab oxuyub oğru olmaqdan əl çəkən oğru? Hanı bir kitab oxuyub fahişəliyini tərgidən fahişə? Hanı bir kitab oxuyub gözütox olan acgöz? Hanı bir kitab oxuyub qaban kababına tamahı küsən ətyeyən?
Deməli, Orxan abinin romanı ilk cümləsindəncə ədəbi gopdu. Hə, ömrü boyu heç bir kitab oxumayan adam təsadüfən bir kitab oxusa, nəsə yüngülvari psixi, ruhani “deformasiyaya” uğraya bilər. Bu gopda xırda bir həqiqət də var: sevənə qədər kitab oxumayan, sevəndən sonra kitab oxuyub öz sevgisinə asi çıxan adam haqqında mənim heç bir müsbət təsəvvürüm yoxdu.
Sevirsənsə, oxuma, kitablar ailəni dağıdacaq, oxuyursansa, sevə bilməyəcəksən, əmin ol. Yenə kitablar səni ailə qurmağa qoymayacaq. Dünyada ciddi sevgidən bəhs edən əsərlərin heç biri xoşbəxt sonluqla bitməyib. Ciddi kitabların, demək olar ki, hamısı qadının əleyhinədir.
Səkkiz yaşımda, həyatımda ilk kitabı oxuyanda doxsan yaşlı nənəm ölməyə başladı. Arvadlar onu yorğan-döşəkdə yerə uzadıb başına yığışmışdılar; hamı əli qoynunda Əzrayılın yolunu gözləyirdi. İlk dəfə idi ki, insan əcəlinə tamaşa edirdim. Arvadın üstünə ağ mələfə sərmişdilər və nənəm o mələfənin altında yatmağa çalışan qızdırmalı çağa kimi hərdənbir əlini-ayağını tərpədərək can verirdi. Mən oxumağa başladığım ilk kitabı bitirdiyim gün nənəm öldü.
Sonra yenə kitablar... kitablar....
Sözsüz ki, ilk kitabı Allah özü yazıb. Bütün yazıçılar onun kitablarının təsiri altında yazıb-yaradırlar. Kitab yazmaq insanın Allaha bənzəmək arzusudur və bundan gözəl arzu ola bilməz düşüncəsindəyəm. Servantesin məhşur “Lamançlı Don Kixot” əsərində kitablarla bağlı bir səhnə var. Keşiş və Don Kixotun bacısı qızı bu qərara gəlirlər ki, onun başını cəngavərlik haqqında oxuduğu kitablar xarab edib. Hər ikisi Don Kixotdan gizli onun kitabxanasına girib, kitabları saf-çürük etməyə başlayır və yandırılacaq kitabları pəncərədən çölə vızıldadırlar. Əslində, bu səhnədə Servantes keşiş və bacıqızının əliylə öz dövrünün ədəbiyyatını saf-çürük edir və insanlara gop, yalan danışan kitabları tonqalda yandırılmaqla cəzalandırır. O kitabları ki, Don Kixot kimi ağıllı adamı xeyirxah cəngavər olduğuna inandırıb çöllərə salmışdı.
Ağıllı adamlar hər şeyi kitablardan öyrənib, hətta sevməyi də... /publika.az/
|