Əlizadə Nuri - 50.   Şeirlər

16.03.13

Yolu oğurlanmış, haqqı danılmış, nəhəng Azərbaycan şairi Əlizadə Nurinin 50 yaşı tamam oldu.


ÇİÇƏKLƏR BOY ATIR AY İŞIĞINA...

Çiçəklər boy atır Ay işığına,
sevdalı ulduzlar göydən tökülür.
Tanrı biçir göydə bulud zəmini,-
bahar yağışları dən-dən tökülür.

Gecəni məst edib şehli çiçəklər,-
şeh deyil, gül üstə ətirdi, yoxsa?
Qaranquş gözümə yorğun görünür,-
yazı dimdiyində gətirdi yoxsa?!

Günəş xumar-xumar əridir qarı,
quşlar nəğmə-nəğmə dindirir yazı.
Çaylar da tələsir dənizə sarı,-
qaçır ki, dənizi muştuluqlasın...


SONUNCU ÜMİDDİ SONUNCU NƏĞMƏ...

Sonuncu güllədi sonuncu şeir,
götürüb sinəmə sıxacam onu.
Yerini bilirəm itmiş günəşin,
göyün yaxasına taxacam onu...

Sonuncu güllədi sonuncu yarpaq,-
payız atıb yerə tərksilah olur.
Tənha xanımların payız gələndə,
göz yaşı-evində tək silah olur!

...Sonuncu ümiddi sonuncu nəğmə,
onu da qürbətdə yazmışam, Vətən!
Göndər yellərini axtarsın məni,
bu qərib çöllərdə azmışam, Vətən!...


MƏN ÖZ ÜRƏYİMİ QUŞA ATMIŞAM...

Bəs hanı qucağı o Göy- atasa?
Günün altında da yel tutmuşam mən.
Bu vətən deyilən ögey anasa,
yersiz bu dünya da yer tutmuşam mən...

Yar, yaram qaysaqdı, ya yar, ya sarı,
məni Xəstə Qasım ağlar, ya Sarı.
Yarpaqdı... Nə fərqi, yaşıl, ya sarı,-
baharla payızı bir tutmuşam mən.

Quş görüb, gülləmi boşa atmışam,
mən öz ürəyimi quşa atmışam!
...Min yol adımızı qoşa atmışam,-
deyəsən, boş yerə “zər tutmuşam”mən...


NƏ YAMAN DADLIDI BU YAĞIŞ BELƏ...

Başımı dizimə qoyub ağladım,-
göz yaşım dizimdə soyudu Allah.
Məni Yer üzünə niyə atmısan,-
bu ki, bir çıxılmaz “quyu”du, Allah?!

Sən qəmli oxuma qaranquş, belə,
neylər Göy sevənə yüz qarğış belə?!
...Nə yaman dadlıdı bu yağış belə,-
yoxsa gözlərinin suyudu, Allah?!

Şah kimi saxlama, saxla məni şax!
Sevdim dönüb oldu o daş da yumşaq...
Yüz nağıl desəm də yatmayan uşaq,
adını çəkəntək uyudu, Allah...
Günü görmək üçün oyanmışam mən,
dan üzü rənginə boyanmışam mən...
Boyunu görməyə boylanmışam mən,-
boyun bu dünyanın boyudu, Allah!


BİR ŞİRİN GÜNAHA BATIB GEDƏRDİM...

Atsam bu yazığı kimsə götürməz,
yoxsa ki, bu ömrü atıb gedərdim.
Günah sayılsaydı sevgi dünyada,-
mən də bu günaha batıb gedərdim...

Ya könül korlaşıb, ya da ki, ağıl,
kim ölü haqqında deyirsə sağlıq...
Bilsəydim yasaqmış gözüaçıqlıq,
mən bütün ömrümü yatıb gedərdim...

Xırmandı bəy edən bildirçini də,
indi Çin paylayır hər bir çini də...
Sevgisiz yüz ilin sevincini də,
bir eşq əzabına satıb gedərdim!

Adam var bəy durar Vətən yasına,
eli satar aşa, ya aşnasına...
...Gedərdim ölümün tamaşasına,-
bu ömrün başını qatıb gedərdim...


ÇOX ADAM İTİRDİM BU TƏKLİK ÜÇÜN...

Yayda Günəş ilə dodağı qaçar,
qar olar Tanrının qış təbəssümü!
Dimdiyi ucunda dəni görəndə,
nə xoşbəxt olurmuş quş təbəssümü!

Çox adam itirdim... Bu təklik üçün,
beş barmaq lazımmış bir tətik üçün...
Çox şey gərək deyil xoşbəxtlik üçün,
bəsdi bir körpənin xoş təbəssümü...

...Bir gülü pərişan görmüşəm bu gün,
bir qəbri qəlbi şan görmüşəm bu gün...
Bir daşı danışan görmüşəm bu gün,-
Allah, nə qəmliydi daş təbəssümü...


İBADƏT

İbadət evidi bu dünya bəlkə
o bülbül bu gülə ibadət edir.
Quşlar quş diliylə, quş ləhcəsiylə,
otlar ot diliylə ibadət edir.

Üzü göyə sarı doğulur adam,-
göylərə baxmağa o adət edir.
Bardan budaqları əyilən ağac,
əyilib torpağa ibadət edir...

...Bir yolçu əyilər namaz qılmağa,
salar yarpaq-yarpaq kölgə bu ağac.
Boylanır səmanın səcdəgahına,
yerin əlləridi, bəlkə, bu ağac?!

...İlahi, dilimə toxundu adın,
başladım dilimdən həya etməyə.
Yaxşı ki, anadan lal doğulmadım,-
yaxşı ki, dilim var dua etməyə!

Çiçəyə ibadət edib dəririk,
bir gülün iyinə əyilir adam.
Adam sevəndə də ibadət edir,
sevib ürəyinə əyilir adam...

Söz də göydən enib, qibləgahdı o,
sözdən möcüzələr get xahiş eylə.
Şeirin də möhürü, möhürbəndi var,-
qələm də şeirə sitayiş eylər!

Özümdə olmuram şeir yazanda,
təkcə Allah görür nə halətdəyəm.
Əl açıb ibadət eləmək azdı,
mən həm də könlümlə ibadətdəyəm...

...Göydəki günəşə, yerdəki suya,
bir gün ruhumuzu əmanət edək.
Ölüm də Allahdan gələn haqdısa,
öləndə ölümə ibadət edək...


BƏLKƏ BULUDLAR DA GİZLİCƏ SÖZDÜ...


İlahi, ruhumun təknəsi boşdu,-
İlahi, ruhumun acan yeridi.
Göy üzü quşların məskənidirsə,
söz də-şairlərin uçan yeridi.

Uduzduq-bu ağlı kəmlərin üstə,
getdik şikayətə kimlərin üstə?
Tanrı göndərdiyi qəmlərin üstə,
hamıdan qabaqda bu can yeridi...

Canım qəm biçirdi, biçində idi,
qəm də bu qiymətdə, bu çində idi...
O ulduz ovcumun içində idi,
o ulduz göylərə haçan yeridi?

Şairin qanadı ikicə sözdü,
sözdü gün işığı, bu gecə sözdü...
Bəlkə buludlar da gizlicə sözdü,-
yağışlar bu sirrə açar yeridi?!


SƏN GÜLÜ DƏRƏNDƏ, GÜL SƏNİ DƏRDİ...

Bahar istəyirsən gəl bəri, gözlə,
qaranquş gətirən xəbəri gözlə...
Bir az səbrini bas, səhəri gözlə,
xeyir çətin gələ şər qarışanda.

Kim silər sellətsən göz yaşlarını,
içmisən, sərməstsən,-göz yaşlarını...
Tanıya bilməzsən göz yaşlarını,
gözünün yaşına tər qarışanda.

Bu səhər, bu sənin,- busəni dərdim...
Sünbülü oxşadım, süsəni dərdim.
Sən gülü dərəndə, gül səni dərdi,-
nə gözəl olurmuş zər qarışanda?!


QOCA BALIQÇI...

Sahildə torunu unudub qoca...
Bəlkə su pərisi çağırıb onu,
bəlkə də bu qoca su pərisini,
haçansa sevdiyi qıza oxşadıb,
girib dalğalarla qol-boyun olub...
Görən hara gedib qoca balıqçı,
ah bəlkə, toruna balıq əvəzi,
dənizdə boğulmuş bir gözəl qızın,
nişan üzüyüymüş düşüb bu dəfə?.
Sıxıb o üzüyü göz yaşlarına,
bəlkə havalanıb qaçıbdı qoca?!

Qocadan nigaran qalan balıqlar,
gəlib tora girib öz istəyiylə,
qoca balıqçının xəbəri yoxdu...

Dəniz də nigaran dalğalanır hey,
sanki yaxasını cırıb ağlayır,
toru yetim qalmış o qoca üçün...

...Qocadan sahildə bu tor qalıbdı,
bir də qum üstündə qaloş izləri...


DAYAN, QOY BU QƏMDƏN DOYUM, GÖNDƏRİM...

Ocaq öz ömrünü tapşırıb gedir,
tüstü balasına, köz balasına.
Bir sözü böyütmək çətindi vallah,
dəyməyin şairin söz balasına...

Dünya çox qocalıb, hər sini keçib,
yolların düzünü, tərsini keçib.
Göyərçin öpüşmək dərsini keçir,
dimdiyi ucunda öz balasına...


Dayan, qoy bu qəmdən doyum, göndərim,
alma ürəyimi soyum, göndərim...
...Ana göz yaşı da qoyub göndərir,
cehizin üstündə qız balasına...


SƏN MƏNİ DOST ELƏ BU DÜŞMƏN ÜÇÜN...

İşıq var, içindən qara əl baxır,
kim gəlib qoruyar o kimdən məni?
İlahi, içimə yıxılmışam mən,
İlahi, sən qaldır içimdən məni...

Dişi vermədin ki, didişmək üçün,
sən məni dost göndər o düşmən üçün...
Bir saman çöpünə ilişmək üçün,
min yol yolumu sal biçindən mənim...

Dayazda nə varsa, dərinə gətir,
günəşə istidi,-sərinə gətir...
Mənim də adımı dilinə gətir,-
qaytarma dilinin ucundan məni...

Ney çalan deyiləm, mən ney kimiyəm.
Yerinə düşməyən təşbeh kimiyəm...
Mən sapı qırılmış təsbeh kimiyəm,
salıb itirərsən ovcundan məni...


GECƏNİN SİRRİNİ YARASA BİLƏR...

Xoruz ilini də it ili “qapdı”,-
alın bu “xoruzu” “itin” əlindən...
O əsgər Şuşanı xilas eyləyər,
özü xilas olsa bitin əlindən...

Kasıb axşam evə bükülüb gedir,
payız yarpağıtək tökülüb gedir.
Tüstü Göy üzünə çəkilib gedir,
bu siqar əlindən, tütün əlindən.

Bu bağlı baxtımı yar aça bilər,
gecənin sirrini yarasa bilər...
Bu zülmət gecədə yol aza bilər,-
durun bu şəhərin tutun əlindən...


QƏLƏM...

Bir qızın qaşına çəkilən qələm,
bir qızın gözündə azan qələməm.
Qəmimi kökləyib çalıram hər gün,-
mən qələm ozanam, ozan qələməm.

Bu soyuq adamlar qar ağacları...
Kölgədən tanıyar kor ağacları.
Qoymaram darıxa dar ağacları,
mən hər gün özünü asan qələməm!

Yaz gülü öpməsə qoxusuz qalar...
Sudan da saf imiş bu susuz qalan!
Özü səhərəcən yuxusuz qalan,
özgə yuxusunu yozan qələməm...

İndi o söz mülkü cəhənnəm kimi,
şeir atdı məni bu sənəm kimi.
...Mən qırdım özümü bir qələm kimi,-
gördüm ki, hər ucu yazan qələməm...


GİRİM BU KOĞUŞA QƏDDİ DÜZƏLSİN...

Meşə yıxılıbdı balta səsinə,
kəsməyə bir balta sapı qalmayıb.
Ağaclar meşədən qaçmaq istəyib,
ancaq yeriməyə tabı qalmayıb...

Meşənin içindən axan bu çay da,
heç kimi çağırmır, yalqız ağlayır.
Bəlkə, bu meşədə bir qız azıbmış,-
bəlkə, bu çayı da o qız ağlayıb?!

Kim bu ağacların boynunu vurub,
kimdisə ya cəllad,-ya nadan olub.
...Girim bu koğuşa... Qəddi düzəlsin,
bəlkə də ağaca oxşadan oldu...

Avanqard.net

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.