Anar Amin - 8+7=15 Mart
16.03.13
Ömrün Zərdüşt Şəfizadə yaşını adladım. Bu gün ömrün Mikayıl Müşfiq yaşını tamamlayıram. Qarşıda ömrün Fərhad Mete yaşı durur. Otuz üçüncü 8 mart gününü pak və qəyyur olan Allah mənə qismət edəcəkmi, bilmirəm... Bildiyim budur ki, yeddi gündən sonra “min illik” dostum Qismətin doğum günüdü. O Qismət ki, ondan dost olmağı öyrəndim. Dostluğu qorumağı isə bəzən bacardım, bəzən yox. Bu da bəndənizin öz günahıydı... Mən barbar təbiətliyəm. Düşünürəm ki, heç vaxt şəhərli ola bilməyəcəm. Bir vaxtlar Qismət haqqımda belə deyirdi: “Anar Amin Orhan Pamukun romanlarına oxşayır - şəhərlə kəndin sintezidir”. Şəhərlə kəndin arasında çoxlu dostlar qazandım...İtirdiyim dostları axtarsam da, tapa bilmirəm. Bəlkə də dünyada axtarmaq qədər kədərli, tapmaq qədər sevincli heçnə yoxdu... Yoxu var edən Allaha and olsun ki, Qismətin bizim ədəbi nəslin boynunda haqqı var. O haqqı dananlar da var, danmayanlar da... Kim danır, qoy dansın, mən dana bilmərəm. Bizə kitab almağı, mütaliyə etməyi o öyrədib. O mənə kitab almağı öyrətsədə, mütaliyə etməyi öyrədə bilmədi. Çox cəhtlər elədi alınmadı, nəsə... ...Sözüm onda yox, imkanımız olanda bir-birimizə kitab alırdıq... Mən ona Əfəndi, o mənə Qağa deyirdi. İki-üç il bundan əvvəl, söz vaxtına çəkər, elə bu vaxtlar ad günü ərəfəsiydi, ona bir kitab hədiyyə edib: “Əfəndim, səni qarşıdan gələn ad günün münasibətiylə təbrik edirəm! Otuzuncular Cavid Əfəndiyə, altımışıncılar İsa əfəndiyə, biz də sana borcluyuq...” - dedim. Gülümsədi və belə buyurdu : Kitab oxumağı sevməsən də, kitab hədiyyə etməyi xoşlayırsan. Sən mənə aldığın kitabların hamısını oxumuşam. Mən sənə verdiyim kitablardan heç olmasa birini oxumusan? -Səfillər haqqı hərəsindən beş-on səhifə... Qəh-qəh çəkib güldü... -Oxuduğun səhifələri verdiyim kitabların sayına vururam, yarım kitab eləmir, Qağa. Heç olmasa bir kitab oxu... -Mənim kitab oxumaqla aram yoxdu, Əfəndim. Hansı kitabı istəyirsən alım sənə, bağışlayım. Səni and verirəm Səfillərə, mənə kitab oxu demə... Gülüşünə ara vermədən belə bir şərt kəsdi: Gəl belə eləyək, mənim evdə xeyli oxuduğum kitablar var. İki-iki, üç-üç verim oxu, hər kitaba bir qonaqlıq. Rakı içmisən?. -Yox! -Rakı qonaqlığı, razılaşdıq? ...Vurağan vaxtlarım idi, razılaşdım. Elə mənə vurmağı da o öyrətmişdi. Bu minvalla rakının hesabına zülümlə bir neçə kitab oxudum... Biz Qismət Əfəndiylə belə dost idik...
8 mart, 2013.
Avanqard.net
|