Niyazi Mehdi - Azərbaycan qılığında “mız/miz”lər
15.03.13
Bir ayıbın etirafı
Bioqrafiyamın indiyənəcən yazmadığım ləkəsindən danışım. Hələ Qorbaçovun yenidənqurması gəlməmişdi, di gəl, yeni yellər əsməyə başlamışdı. Bunu ondan bilirəm ki, Bakıda Kommunist Partiyasının bir iclasına məni çağırmışdılar, nəinki çağırmışdılar, hətta çıxış etməyi təklif etmişdilər. Bu dəvət ona görə qəribə idi ki, heç bir kommunist fəallığı üçün canfəşanlıq etməmişdim, yazılarımda Marksdan, Lenindən, Brejnevdən sitat gətirməzdim. Ancaq yox, bir dəfə “Ulduz” dərgisinə yolladığım məqalədə Karl Marksın sözlərini “Qara mavr belə demişdi” kimi vermişdim, onu da redaksiya pozmuşdu. Zamanında “Qara mavr” (Ortaçağda “mavr” müsəlmanlara, Liviya tərəflərin ərəblərinə deyərdilər) Marksa dostlarının qoyduğu ərkyana ayama idi. Ləqəb məqaləmdə yerinə düşürdü, Rusiyada pozmazdılar, bizdə isə pozdular.
Hə, Azərbaycan Kommunist Partiyasının iclasından danışırdım. Məni tribunaya çağırdılar. Sözsüz, istəyirdim nəsə çıxışım intellektual olsun, ancaq partiyanın addımlarını öymək ritorikasını necə ağıllandırmaq olar?! Yalnız dil, deyim səviyyəsində nəsə etmək olardı. O zaman mən başladım “Mərkəzi Komitəmiz” deməyə. Düzü, mənəcən kiminsə “Mərkəzi Komitə”ni “mız/miz” mənsubiyyət şəkilçisi ilə əzizlədiyini, doğmalaşdırdığını eşitməmişdim.
Deyəmmərəm ki, məhz mənim axmaq dil icadımdan sonra isimləri “mızlaşdırmaq” dəbə düşdü, ancaq hər halda bəlkə də keçmiş suçuma görə Azərbaycan türkcəsində “mız/miz”lə yapılan yaltaqlığa, mehribançılığa allergiyam var.
“Mız/miz”in yayılma arealından
Bu mənsubiyyət şəkilçisi ilə ən çox mehribançılıq yaradılan məkan toylardır. Mən “Mərkəzi Komitəmiz” sözünün prizmasından tamadaların dilindəki “bəyimiz”, “gəlinimiz” sözlərini eşidəndə lap ət tökürəm. Bütün toylarda bütün tamadalar və bəylə gəlinə alqış demək istəyən kim varsa, bu “mızlaşdırmadan” istiadə edir və beləcə, bəlkə də adi ola bilən deyimi bayağılaşdırırlar.
“Bəyimiz”in bayağılığından sonra “Azərbaycanımızın”, “Bakımızın” bayağılaşmasının qarşısı alınmaz olur. Çox maraqlıdır, Britaniya vətənsevərliyinə heç kim mız qoya bilməz. Ancaq bir vaxtlar qonaq sifətində Liberal Partiyanın konfransında iştirak edəndə İngiltərə, Britaniya ilə ilgili yalnız belə deyim eşidirdim: “Bu ölkə” və ya “Bu məmləkət”. Ona görə qəribə idi ki, britaniyalılar heç olmasa “bizim ölkə” də demirdilər. İngilis dilinin qrammatikası “mızlaşdırmağa” imkan vermir. Ancaq “bizim ölkə” ha, demək olardı, axı! Mənim qulağıma ingilisin “bu ölkə” deyimi quru, yekəxana, hətta təhqiramiz gəlirdi. Elə bil ağızlarını büzürdülər. Bizdəki “Azərbaycanımız”dan sonra başqa cür necə ola bilərdi?!
Bu ölkədə (yəni Azərbaycanda) orqanisizm iddiaları
Sosiologiyada toplumsal ilişgilərlə ilgili orqanisizm (üzvilik) anlayışı var. Cəmiyyətin sistem olmasını hamı bilir. Ancaq bu sistemdə kəsimlərin necə bağlanmasını başı bədənə, ayaqların bədənə bağlanması kimi düşünmək onu orqanizm biçimində düşünməkdir. Əski dünyada padşahı başla, döyüşçüləri əllərlə, kəndçiləri ayaqlarla eyniləşdirəndə sanki müxtəlif sosial vahidlərin necə birləşməsinə gözəl arqument tapırdılar: hamısı bir orqanizmin üzvləridir. Biz insan ilişgilərini bağlaşma, müqavilə üstündə quranda sanki mexanizmin hissələri kimi qururuq. Ancaq qohumluq, mehribançılıq terminlərində quranda orqanizmi ideal götürürük.
Dayılar, qaqaşlar
Azərbaycanda müraciət formalarına baxın: dayıoğlu, dayı, əmi, əmioğlu, qardaş (qaqaş, qədeş) - hamısı orqanisizmin laflarıdır. Ofisiant sənə “dayı”, “əmi”, bəzən “qaqaş” deyir. Sən də ofisianta “qaqaş” deyirsən. Bu, yersiz “mehribançılıqdan” necə qurtulmalı? Anadolu türkləri yunanlardan “əfəndi”, yəni ağa sözünü götürərək sosial alanda yersiz orqaniklikdən qurtulublar. Bizdə “müəllim”, “bəy” sözü bu qurtuluşa yardım edir. Ancaq “müəllim” sözünün öyrətmək və təhsillə bağlı olması bir az işləri dolaşdırır.
Bizim bu mədəniyyətdə çox ciddi problem nəzakət dilinin zəifliyidir. Biz “mız/miz”lə, “qaqaş”la, “dayı” ilə mehribançılıq, şirindillik yapırıq və yanlış olaraq bunu nəzakət sayırıq. Ancaq nəzakət istiliyi, şirinliyi az olan sayğıdır. “Mız/miz”dən görünən istiqanlılığın bir böyük eybi odur ki, nəzakət mədəniyyətini gəlişməyə qoymur, çünki onun yerini tutub durur. /teleqraf.com/
|