Elçin AYB sədri Anardan yazdı
14.03.13

1.

Həyatın elə çağları, məqamları, hətta anları var ki, onlar insanın daxilində mənəvi bir öhdəlik yaradır və bu mənəvi öhdəlik, olsun ki, daha artıq dərəcədə təhtəlşüur səciyyə daşıyır. Soyuq mart günü, hələ səhərin gözü açılmamış – sübh tezdən kompüterin arxasına keçib Anarın 75 illiyinə yazdığım bu sətirlər mənim içimdəki təhtəlşüur mənəvi öhdəliyin ifadəsidir və bu, Anarla birgə yaşanmış o çağların, məqamların, anların qarşısındakı həmin mənəvi öhdəlikdir.

Düz 15 il bundan əvvəl mən Anarın 60 illiyinə də bir yazı yazmışdım və bu 15 il – vaxtın ildırım sürəti ilə uçduğu indiki dövrdə elə də böyük bir zaman vahidi deyil, ancaq biz indi ömrümüzün elə bir məsafəsinə gəlib çatmışıq ki, hər nə gedir, bağdan yox, bağbandan gedir.

Mən 15 il əvvəlki həmin yazımı artıq tam dəqiqliyi ilə xatırlamıram, ancaq yerimdən qalxıb iki addımlığımdakı kitab dolabından o yazını götürüb nəzərdən keçirməyə ehtiyac da hiss etmirəm, çünki burasını tam dəqiqliyi ilə bilirəm ki, orada nə yazmışamsa, indi də o fikirdəyəm və bu 15 il heç nəyi dəyişməyib, daha doğrusu, bu 15 ilin dəyişdirdiyi yalnız zahiri dəyişikliklərdir: daha az-az görüşmüşük, umu-küsü bəlkə, daha çox olub, hətta mətbuata da çıxıb və obıvatelə ləzzət edib, onu ehtizaza gətirib və görünür, bu yerdə bir az səhv etmişik, bizim ədəbi mühitdəki ədəbi-əqli gerçəkliyi saya salmamışıq (bəlkə də düz etmişik?); bəzən sorağı bir-birimizdən yox, qəzetlərdən, televiziyadan, internet saytlarından almışıq, ancaq mənim düşüncəmə görə bütün bunlar münasibətlərin daxili mündərəcatında cücərərək kök salmayıb.

Ancaq, deyəsən, təkrara varmamaq üçün 15 il bundan əvvəl yazdığım o yazıya baxmaq lazımdır və mən indicə başladığım bu yazını yarımçıq qoyub, Anarın 60 illiyinə yazdığımı tapıb yenidən nəzərdən keçirirəm.

... Qəribədir, həmin yazı da, demək olar ki, eyni başlanğıcla başlayır: “Anarın 60 yaşı tamam olur və belə bir gündə Anar haqqında söz deməyi mən özümün mənəvi borcum hesab edirəm...”

İstəyirəm oxucu mənə inansın ki, bu – mənim qurduğum “ədəbi fənd” deyil, tam bir təsadüfdür, hətta mən indicə yazdığım başlanğıcı dəyişmək də istədim, ancaq nə üçün dəyişim? Mən buna qəribə dedim, əslində isə, görünür, bu, qəribə yox, sadəcə olaraq həqiqətin ifadəsidir.

2.

Dünyada söz-söhbət mövzularından çox nə ola bilər? – ancaq bu saysız mövzular arasında elələri var ki, mən onu yalnız Anarla danışa bilərəm, başqa heç kimlə və güman edirəm ki, Anar da mənə dediklərini başqa bir həmsöhbətə deyə bilməz, həm də, indiki halda söhbət yalnız dünyanın hansısa, Aşıq Cüma demişkən, “pünhan” sirrlərindən, yaxud İsgəndərin buynuzları ilə bağlı quyu ehtiyacından getmir, çünki bəzən ən sadə həyati söhbətlər münasibətlərin daha artıq məhrəmliyini tələb edir.

(Anar, Elçin, Araz Dadaşzadə. 1968-ci il)

)Arzular da çox olub və nə yaxşı ki, bu uzun illər boyunca o arzu-istəklərin bir qismi həyata keçib. Ən böyük arzulardan biri, əlbəttə, Azərbaycanın yenə də müstəqil bir dövlət olması idi və biz bunu gördük. Başqa böyük bir arzu Söz azadlığı idi və bunu da biz gördük. Ancaq, sən demə, Söz azadlığı istedadla bahəm əsil ədəbiyyatı yaratdığı kimi, ədəbi mühiti xəstələndirə də bilirmiş. İstedad Söz azadlığını tələb etdiyi kimi, qrafoman da, iddialı heçlik də Söz azadlığından geninə-boluna istifadə etməyi bacarır və böhtandan, qarayaxmadan, şaiyəçilikdən tutmuş roman, poema, şeir adı ilə nəşr olunan maklaturaya qədər belə bir eybəcər bacarıq nəticəsində bu gün bizim ədəbi mühitin (ədəbiyyatın yox, hətta ədəbi prosesin də yox, məhz ədəbi mühitin!) ambulator yox, stasionar müalicəyə ehtiyacı var.

Bu fikirlər, olsun ki, yenə haray-həşirlə “Elçin Anar haqqında yazısında Söz azadlığının əleyhinə çıxıb!” kimi dedi-qodu yaratsın, ancaq mən, aydın məsələdir,  Söz azadlığının əleyhinə deyiləm (bu, gülünc bir şey olardı!), söhbət Söz azadlığından bu azadlığa layiq şəkildə istifadə etməkdən gedir.

Və bu yerdə deməliyəm ki, mən heç istəməzdim, Anar bəzən olduğu kimi, ədəbi mühitdəki bu bulanıq ab-havadan əsəbiləşsin, hərdən vaxtını layiq olmayan ünvanlara cavab verməyə həsr etsin, çünki Anar yaxşı bilir ki, sənət bütün epoxalarda qeyri-sənətlə, hətta anti-sənətlə yanaşı addımlayır, təhlillə, həqiqi qiymətlə, təqdir və tənqidlə, alqışla böhtan, qarayaxma, kin-küdurət, şöhrətlə iddia, istedadla qrafoman həmişə tərəf-müqabil olub və Zaman da həmişə sənətin və istedadın yanında olub.

Başa düşürəm ki, adam bəzən hissə qapılır və ədəbi mühitdəki həmin bulanıq ab-havanın göstəricisi olan kin-küdurətin yaratdığı o böhtan və qarayaxmaları gələcək qarşısında cavabsız qoymaq istəmir, ancaq “gələcək” nədir? – zaman və zaman da, dediyim kimi, həmişə sənətin və istedadın, indiki halda Anarın yanındadır.

Bəşəriyyətin ən böyük kitablarından biri “Don Kixot” deyilmi və hanı indi o böyük kitabın yazıldığı dövrdəki o miskin qarayaxmalar, böhtanlar? Elə öz yaxın keçmişimizdə Azərbaycan mətbuatı Mirzə Fətəliyə, Zərdabiyə, Mirzə Cəlilə, Sabirə, Nərimanova, Üzeyir bəyə, Əli bəy Hüseynzadəyə, Əhməd bəy Ağayevə, Ərəblinskiyə atılan böhtanlarla, qarayaxmalarla, şaiyəçiliklə, kin-küdurətlə dolu deyilmi? Əlbəttə, bütün bunlar hamısı məlum məsələlərdir və təəssüf ki, hərdən xatırlamağa məcbur olursan. Söz azadlığına alternativ yoxdur və gerçəklik də bundan ibarətdir ki, onu yalnız arzulamaq, ondan yalnız ədəbiyyatın inkişafı naminə istifadə etmək kifayət deyil, ona dözmək də lazımdır.

Söz azadlığı dedi-qodunu ictimailəşdirir, yəni onu mətbuata, əsasən də, təbii ki, sarı mətbuata çıxarır və bu yerdə mən özümə sual verirəm: bəyəm sovet vaxtı bizim ətrafımızda dedi-qodu yox idi? Bəyəm gənc Anarın hekayəsi Sovet İttifaqının Mərkəzi Televiziyasında səhnələşdiriləndə və bu televiziya tamaşasında SSRİ xalq artisti Lyubov Dobrjanskaya kimi böyük rus artistləri iştirak edəndə, yaxud Edvard Radzinski onun hekayəsi əsasında ssenari yazanda və “Mosfilm” də film çəkəndə, yaxud da “Literaturnaya qazeta”da Anarın bir yazısı dərc ediləndə, öz qələmlərindən bir şey çıxara bilməyən nadan dedi-qodu həvəskarları bunu cürbəcür şaiyələrlə, “tanışlıqlarla” yozmurdular? Bəyəm mən özüm həmin “Literaturnaya qazeta”da, yaxud “Voprosı literaturı”da, “Yunost”da bir yazım çıxanda üzümə gülüb məni təbrik edən, arxada isə şaiyə yayanları, danos yazanları az görmüşəm?

Əslində Anarın hər bir yeni əsəri, publisistikası, ədəbi-tənqidi mülahizələri böhtançılığa və qarayaxmaçılığa verilən ən yaxşı cavabdır. Anar bizim X1X əsrin ikinci yarısı, XX əsrin əvvəllərində yazıb-yaratmış, fəaliyyət göstərmiş yuxarıda adlarını çəkdiyim böyük ədiblərin, maarifçilərin, mədəniyyət xadimlərinin XX əsrin ikinci yarısı, XX1 əsrin əvvəllərindəki, təəssüf ki, az saylı davamçılarından biridir.

“60-cılar Nobel almadı” – bu gün bizim ədəbi mühitdə tez-tez səslənən mənasız fikirlərdən biri də, misal üçün, budur və kimi bunu həqiqi təəssüf hissi ilə deyir, kimi də bundan kam alır.

Nobel mükafatı haqqında məlum arqumentləri təkrar etmək istəmirəm, ancaq bu məqamda İlyas Əfəndiyevlə bağlı bir xatirəni söyləmək istəyirəm. Düzdür, mən bunu artıq bir dəfə yazmışam, ancaq elə bilirəm ki, yenə də söyləməyim yerinə düşər.

Bir dəfə İlyas Əfəndiyevlə söhbət edirdik, çox zaman olduğu kimi, söz yenə gəlib ədəbiyyatın üstünə çıxdı və İlyas Əfəndiyev, görünür, hansısa daxili ovqatın təsiri ilə əlini kitabxanasına tərəf uzadıb:

– Bunlardan sonra biz niyə yazırıq?- dedi.

Doğrusu, o zaman – 25-30 il bundan əvvəl İlyas Əfəndiyevin dilindən verilən o sual mənim üçün gözlənilməz səsləndi.

“Bunlar” – yəni İlyas Əfəndiyevin o zəngin kitabxanasındakı Homer, Nizami, Dante, Füzuli, Servantes, Şekspir, Molyer, Höte, Balzak, Lev Tolstoy...

O zaman mən İlyas Əfəndiyevin o sualına belə cavab verdim ki, yəqin hər bir yazıçı öz xalqının tarixi və taleyi kontekstində qiymətləndirilməlidir, belə olmasaydı “bunlardan” sonra yeni-yeni nəsillər də gəlməzdi və doğma ədəbiyyatlarını yaratmaz, inkişaf etdirməzdilər. Düzdür, İlyas Əfəndiyev yəqin həmin məqamda içindəki ovqatın təsiri ilə bu sözləri ironik bir təbəssümlə qarşıladı, ancaq elə bilirəm ki, ədəbiyyat tarixində “bunlar” həmişə olub və əsrlər boyu “bunlardan” sonrakı yaradıcılıq prosesinin davam etməsi ədəbiyyatın missiyasından doğan əbədi, həmişəlik bir prosesdir.

Mən ona görə bu epizodu xatırladım ki, Anar öz doğma xalqının tarixi və taleyi kontekstində yaradıcılığı yüksək qiymətə malik görkəmli ədibdir. Mən əvvəllər də dəfələrlə yazmışam ki, sənətdə və o cümlədən də, təbii ki, ədəbiyyatda sənətə aparan yol millidən keçir, milli kökləri olmayan sənət bəşəri yox, zahirən kosmopolit pərdəsinə bürünmüş bir şeydir, çünki böyük mənada kosmopolitliyin özü üçün də millilik keçilmiş bir mərhələdir.

Anar milli ədəbiyyatın, milli mədəniyyətin maraqları ilə yaşayan və həmin maraqları ən yüksək tribunalardan müdafiə etməyə qadir bir intellektual, həmin milli ədəbiyyata, mədəniyyətə nəinki səriştəli qiymət verməyi bacaran, eyni zamanda həmin mənəvi dəyərlərlə fəxr edən görkəmli ədəbiyyat, mədəniyyət xadimidir.

Anar, necə deyərlər, qanıyla, canıyla öz xalqına bağlı olan, genetik yaddaşa, zövqə və təəssübkeşliyə malik bir qələm sahibi, bir vətəndaşdır. O, azərbaycanlı xarakterinin, indi dəbdə olan sözlə desək, mentalitetinin koloritini duyan, hiss edən mənim uzun illər boyu tanıdığım az adamlardan biridir.

Baxın, “Dədə Qorqud”dan Mirzə Fətəliyə, Mirzə Cəlilə, Üzeyir bəyə qədər, İçəri Şəhərdən, xalça sənətindən, muğamdan tutmuş Səttar Bəhlulzadənin, yaxud Mir Cavadın tablolarına qədər böyük bir milli-mənəvi sərvət Anarın yaradıcılığında özünün həm bədii, həm də publisistik ifadəsini tapmışdır. Eyni zamanda, Anar qərb və rus ədəbiyyatının mütaliəsinə, dünyagörüşünün geniş miqyasına görə də mənim həyatda təsadüf etdiyim çox az şəxslərdən, ziyalılardan biridir.

Yadıma gəlir, 60-cı illərin əvvəllərində Anarın elə ilk hekayə və povestləri necə səs saldı, öz məxsusiliyi ilə necə seçildi. O zamanlar mən dəfələrlə bunun şahidi olmuşam ki, gənclər Anarın o ilk yazılarını hansı bir həvəslə oxuyurdu və o hekayələr, povestlər gənclikdə ədəbiyyatla bağlı necə bir ruh yüksəkliyi, bir coşğunluq yaradırdı.

Anarın hekayələri, povestləri Azərbaycan nəsrinin inkişafında, yeni-yeni bədii-estetik çalarlar əldə etməsində rol oynadığı kimi, dediyim o ruh yüksəkliyi, o coşğunluq da bizim oxucuların bədii zövqünün formalaşmasında rol oynadı.

O hekayələrlə ədəbiyyata gələn Anar, elə o hekayələrlə də layiq olduğu şöhrəti qazandı və illər keçdikcə o gənc yazıçı görkəmli nasir oldu, görkəmli publisist, ədəbiyyatşünas, sənətşünas, dramaturq, rejissor oldu, tərcümələr etdi, hətta... şeir də yazmağa başladı...

3.

(Anar və Elçin. 1988-ci il)

Xatirələr məni 60-70-ci illərə aparır, o gözəl günlərə ki, mənim Vaqif küçəsi (indiki Həsən Seyidbəyli küçəsi) 30-da həyətdən altıncı, küçədən isə dördüncü mərtəbədə 16 kv.m.-lik mənzilim, Anarın isə qonşu blokda həyət tərəfdən ikinci mərtəbədə, küçə tərəfdən isə yarımzirzəmi olan mənzili var idi və Anargilin o mənzilinin bir tərəfində Tural balaca olduğu üçün (Günel isə hələ dünyaya gəlməmişdi) balkona çıxıb siqaret çəkmək olurdu, o biri tərəfində isə küçədə gəzən Bakı sakinlərinin ayaqqabıları görünürdü.

Dediyim o gözəl günlərdə Anarın həmin mənzilində xudmani məclislər qururduq və bəzən səhərə qədər çəkən o məclislər heç vəchlə yalnız yeyib-içməkdən ibarət deyildi, daha artıq dərəcədə həyat barədə, dünyanın işləri barədə, yaşadığımız ölkənin – Sovet İttifaqının gerçəkləri barədə etibarlı söhbətlər, ədəbi müzakirələr üçün məhrəm, doğma şərait yaradan, mənəvi tələbatdan gələn görüşlər idi: dünyada baş verən siyasi-ictimai olaylar, ən son ədəbi hadisələr, ən son kitablar, filmlər, “samizdat” nəşrləri, yeni fikirlər, planlar, yeni ideyalar...

Yadıma gəlir, Anar Moskvadan Sartrın Nobel mükafatından imtina etməsi barədə bəyənatını gətirmişdi, “Mən nə üçün Nobel mükafatından imtina etdim?” adlı o məşhur və bugünkü nəşrlərdə geniş yayılmış bəyanatı Sartr Parisdə İsveç jurnalistləri ilə görüşdə vermişdi, ancaq o bəyanat elə o zaman dünya ictimai fikrində səs salsa da, SSRİ-də onun çapı qadağan edilmişdi. Onu “samizdat” rus dilinə tərcümə edib makina yazısı ilə qrankalarda yaymışdı və o bəyənatı da Anar özünə xas olan həvəs və həyəcanla həmin gecə məclislərindən birində bizə oxudu: mən idim, Araz Dadaşzadə idi, Yusif idi – indi xatırladığım bunlardır.

O bəyanatın mənə necə təsir etməsi indiyə qədər – aradan bu qədər illər keçdikdən sonra da mənim hissiyyatımdadır. O zaman mən aspiranturanı yenicə bitirib Nizami adına Ədəbiyyat və Dil İnstitutunda (sonra müstəqil Dil İnstitutu yarandı) kiçik elmi işçi işləyirdim və o bəyanatı Anardan götürüb özüm makinada qara kağızla bir neçə nüsxədə üzünü köçürdüm, bu gün tez-tez xatırladığım unudulmaz insanlara, əsil ədəbiyyat adamları olan bizim nəzəriyyə şöbəmizin müdiri, akademik Məmməd Cəfər müəllimə, institutun direktor müavini işləyən Kamal Talıbzadəyə, bizim şöbədə baş elmi işçi işləyən Yaşar Qarayevə, onlar oxuyandan sonra da başqalarına verdim.

Bu yazının mövzusundan kənara çıxsam da bir gülməli epizod yadıma düşür: o zaman rəhmətlik Xəlil Rza da (hələ “Ulutürk” deyildi) bizim institutda işləyirdi və böyük bir həvəs və yorulmazlıqla gördüklərini, eşitdiklərini, elədiklərini hər gün mütəmadi gündəliyinə yazırdı. Mən Sartrın o bəyənatını Xəlilə də verdim. Arazda çox güclü yumor hissi var idi, eyni zamanda, hamımızdan daha ehtiyatlı idi və bəyanatı Xəlilə verdiyimi eşidəndə gülə-gülə: “- Sənin işin xarabdı!”- dedi. “Niyə?” “KQB Xəlili addım-addım izləyir, gec-tez onun gündəliklərini əldə edəcəklər, görəcəklər ki, Sartrın bəyanatını ona sən vermisən!”

Ancaq mən yenə Anargildəki o gecə görüşlərinə qayıdıram. Tez-tez yeni yazılarımızı bir-birimizə oxuyurduq və o yazılara görə sidqürəkdən gələn bir səmimiyyət və hərarətlə bir-birimizi təbrik edirdik, iradlarımızı da eləcə bir səmimiyyətlə bildirirdik (ədəbiyyatla bağlı kompromis yox idi!), ən başlıcası isə, kimin yazdığından asılı olmayaraq hər bir uğurlu yazı öz şəxsi uğurumuz kimi bizi sevindirirdi, fərəhləndirirdi və həvəsləndirirdi.

Yadıma gəlir, Anar yenicə yazdığı “Adamın adamı” pyesini oxuyanda necə qızğın müzakirə etdik, yaxud mən “Qatar.Latur. Pikasso. 1968” hekayəsini oxuyandan sonra cibində pul olanda dinc otura bilməyən Yusif Səmədoğlu rus dilində: “Eto xoroşaya li-i-iteratura, Qa-a-aqili (məni  belə çağırırdı, Anara isə “A-a-anari” deyirdi).- dedi və ayağa qalxdı: – Getdik!..”

Və bizi köhnə “İnturist”ə apardı.

O da yaxşı yadımdadır ki, Anar Vaqifin (onda hələ Səmədoğlu deyildi, sadəcə Vəkilov idi) bir dəftər şeirlərini əlyazmasında götürüb, özü makinada yazmışdı və Vaqif oldu-olmadı, uzaqgörən çeşməyini yuxarı qaldırıb həmin şeirləri bərkdən oxuya-oxuya o şeirlərə sevgisini başqaları ilə də bölüşmək istəyirdi.

İndi fikirləşirəm ki, Anarın o yarızirzəmi mənzili əslində o zaman üçün elitar ədəbi klub kimi bir şey idi və Araz Dadaşzadə, Yusif Səmədoğlu, Emin Sabitoğlu, Rəhman Bədəlov, başqa bir-iki nəfər o “ədəbi klubun” “üzvləri” idi, bəzən Toğrul Nərimanbəyov da gəlib gecə saat 3-də Kavaradosinin ariyasını oxuyurdu (qonşular yaxşı adamlar imiş!), bəzən də Emin Sabitoğlu Mirzə Babayevlə gəlirdi və şux, duzlu, baməzə bir adam olan rəhmətlik Mirzə kişi yaş fərqinə baxmayaraq, özünü bizlərdən biri kimi aparır, Eminlə lap yenicə hazırladıqları mahnını Eminin pianoda müşaiyəti ilə ləzzətlə oxuyurdu. (Mirzə kişi ilə mən xüsusən son illərdə konsertlərdə, müxtəlif tədbirlərdə, xeyirdə-şərdə tez-tez görüşürdüm, hərdən də işdə mənim yanıma gəlirdi və onun ən böyük arzusu özünün 90 illiyində səhnəyə çıxıb oxumaq idi, lap az qalmışdı, hayıf qismət olmadı.)

Əlbəttə, tələsik (amma dadlı!) salat hazırlamaqdan tutmuş süfrə açıb-yığışdırmağacan o unudulmaz (və bəzən də, dediyim kimi, haylı-küylü!) gecə görüşlərinin bütün əziyyətini çəkən isə Anarın vəfalı həyat yoldaşı Zemfira idi. Zemfira Səfərova bu gün görkəmli musiqişünas alimdir və mən o uzaq keçmişdə qalmış o gözlənilməz gecə məclislərində Zemfira xanıma verdiyimiz əziyyətləri yadıma salıb özümüzü qınayanda, təsginliyi onda tapıram ki, əslində, Zemfira xanım da bizim səmimi və istəkli bir bacımız, dostumuz, o “ədəbi klubun” üzvü olan məsləkdaşımız idi.

Deyirlər, divarın da qulağı var, ancaq həqiqətən divarın qulağı olsaydı, Anarın o mənzilindəki söhbətlərə görə KQB çoxdan bizimlə haqq-hesab çürütmüşdü.

Bu gün yalan-doğru, bilən də, bilməyən də, görən də, görməyən də Sovet İttifaqını söyür, hərdən tərifləyənlər də var, ancaq bizim söyüb, yaxud tərifləməyimizdən asılı olmayaraq, bu nəhəng imperiyaya obyektiv qiyməti tarix verəcək. İndiki halda həqiqət isə bundan ibarətdir ki, Anar da, mən də, adlarını çəkdiyim və çəkmədiyim başqa dostlarımız da sovet sisteminə, Sovet İttifaqındakı siyasi riyakarlığa, senzuraya, ictimai yalana və ictimai əxlaq pozğunluğuna, deyilən ilə mövcud arasındakı təzada, bu ölkənin beton sərhədlərinə nifrət edirdik və yeri gəlmişkən deyim ki, bu nifrət, belə bir daxili barışmazlıq “60-cılar” dediyimiz ədəbi nəslin istedadından, yaradıcılığının səviyyəsindən asılı olmayaraq bütün nümayəndələri üçün səciyyəvi bir xüsusiyyət idi və onların, o cümlədən də “60-cılar”ın ən parlaq nümayəndələrindən biri  olan Anarın yaradıcılığının ümumi əhəmiyyəti də, mənim fikrimcə, bu yaradıcılığın məhz belə bir dünyagörüşü üzərində köklənməsidir.

Sovet İttifaqında – 60-70-ci illəri, 80-nin birinci yarısını, hələ Qorbaçov “yenidənqurmasının” başlanmadığı dövrü nəzərdə tuturam – guya Cambul Cabayevin yazdığı “Batır Yejov haqqında dastan” kimi biabırçı falsifikasiyalar daha təşkil və təbliğ edilmirdi, Semyon Babayevskinin “Qızıl ulduzlu qəhrəman”, yaxud həmişə rəsmi ümumittifaq ədəbi tədbirlərində rəhbər dekorasiya atributu kimi rəyasət heyətində oturan və həmişə də bütün tədbir boyu yatan Berdı Kerbabayevin “Ağ qızıl ölkəsinin Aysoltanı” kimi parlaq sosrealizm nümunələri olan romanları, yaxud da Anatoli Sofronovun “Bir şəhərdə”, “Moskva xarakteri” kimi pyesdən çox əyani təbliğat materiallarını xatırladan “əsərlər”  daha Stalin mükafatı almırdı, Maksim Qorki adi aşıq Süleyman Staliskini böyük təntənə ilə “XX əsrin Homeri” adlandırmırdı, ancaq bu dəfə də partiya ideologiyasının təyinatı ilə ədəbiyyat generalları olmuş “toxunmazlar” Lenin mükafatları alırdı, redaksiyalarda, nəşriyyatlarda ədəbiyyata münasibətdə partiya “meyarlar”ı hakimi-mütləqliyi əldən verməməyə çalışırdı, amma bütün bunlarla bərabər, Moskva mətbuatında ümumittifaq miqyaslı proqressiv ədəbi proses də baş qaldırır və get-gedə güclənirdi.

Bu proqressiv ədəbi prosesin bizim “60-cılar”ın ən aparıcı nümayəndələrinin, o cümlədən də, təbii ki, Anarın ədəbi simasının müəyyənləşməsində, layiq olduğu ədəbi nüfuzu qazanmasında, şübhəsiz ki, ciddi rolu oldu. Anar da daxil olmaqla bizim “60-cılar”ın həmin nümayəndələri ümumittifaq ədəbi prosesinin müşahidəçiləri yox, öz bədii əsərləri və ədəbiyyatın aktual problemlərinə həsr olunmuş konseptual məqalələri ilə o ədəbi prosesin bilavasitə iştirakçılarına çevrildi, bu isə, aydın məsələdir, istedad və savad tələb edirdi.

4

Qalxıb fotoalbomları varaqlayıram.

Budur, Anar, Araz Dadaşzadə, mən. 1968-ci il. Bu fotoşəkil, əgər səhv etmirəmsə, biz Qobustanda qayalıqları gəzdikdən sonra, elə orada çəkilib.

O vaxt kimin ağlına gələrdi ki, mən bu sübh çağı Anarın 75 illiyinə yazı yazdığım bir vaxtda, artıq iyimi üç il olacaq ki, Araz haqq dünyasına köçüb və mən hər dəfə 2-ci Fəxri Xiyabana gedəndə Arazın başdaşını görəndə diksinirəm, çünki Arazın yoxluğu bu gün də mənim üçün inanılmaz bir şeydir. Bu iyirmi üç il, heç şübhə etmirəm ki, Arazı Anardan nəinki uzaqlaşdırmayıb, əksinə, xatirələrin doğmalığı və hərarəti onu Anara daha da yaxınlaşdırıb və onların dostluğunun “stajı” da xeyli artıq idi...

Anar, Fikrət Qoca, mən. Bu da 60-ın sonları, 70-in əvvəlləridir və nə yaxşı ki, o uzaq gözəl illər Anarla Fikrətin bir-birinə bugünkü münasibətindən qətiyyən inciməyib, nə yaxşı ki, onlar yenə bir yerdədir.

Anar, Yusif Səmədoğlu, mən. Yenə 60-cı illərin sonlarıdır. O vaxt kimin ağlına gələrdi ki, sağlam, canlı, şux Yusifin duzlu-məzəli zarafatları, ağayanalığı, qrafomanlıqla (və qrafomanlarla!) bağlı ironik atmacaları bizim xatirələrimizə çevriləcək...

Yusifin bir sözü yadıma düşdü, elə o vaxtlardan da hafizəmə hopub, hətta, indi dəqiq xatırlamıram, hansı yazımdasa yazmışam da. Bir dəfə, elə həmin illər – 60-ın sonları, 70-in əvvəlləri idi, Yusif, Anar və mən, gecə saat 12-dən sonra Dənizkənarı bulvarda o zaman yeni salınmış “Venesiya”nın arxasında, budaqları sallanıb yerə dəyən söyüd ağacının altında həmişəki kimi oturmuşduq. Həmişəki kimi də “Venesiya”nın gecə gözətçisi İbad dayı özü bişirdiyi toyuq içalatı ilə yumurta çığırtmasını elə tavanın içində və xüsusi olaraq bizimçün saxladığı bir şüşə “Moskovski” ilə birlikdə xəlvəti gətirib mizimizin üstünə qoymuşdu. Söhbət bu dünyanın işlərindən, həyatdan, ölümdən-itimdən düşdü və o zaman Yusif barmağını göyə uzadıb, gözəl kəkələməsi ilə:

– hə-ə-ər şey o-o-orda məlum o-o-olacaq...- dedi.- Ora ge-e-edəndən sonra hə-ə-ər şey aydınla-a-aşacaq...

Yusif artıq 15 ildir ordadır və yəqin ordan bizə baxıb hərdən-bir bizim bu dünyada hansısa “dünyəvi” istəyimizə, hərəkətimizə, əsəbiləşməyimizə baxıb, qayğılarımızı görüb başını bulaya-bulaya bütün bunların mənasızlığına gülümsəyir...

Budur, İlyas Əfəndiyev və Anar. 80-ci illərin sonlarıdır. Nə münasibətləsə Bakı küçələrindən birində çəkilib.

Bu da Rəsul Rza ilə mən. Arxasında yazı var: 1980-ci ilin fevralında Yazıçılar İttifaqında çəkilib.

İlyas Əfəndiyevlə Rəsul Rza da indi haqq dünyasındadırlar, biz isə, əzizim Anar, hələ ki, bu dünyadayıq.

Sənin 60 illiyinə yazdığım o yazı belə bir diləklə qurtarırdı: “Allah... bizə qismət etsin ki, yenə iyirmi beş-otuz ildən sonra (dünyada o qədər möcüzələr olur ki!) yenə də canlı Anar haqqında... yazım... o zaman tamam başqa bir dünya olacaq.”

“Başqa bir dünya” barədə bir söz deyə bilmərəm, ancaq mənim o otuz il diləyimdən hələ yalnız on beş il keçib və on beş il də hələ irəlidədir.

Ancaq o otuz ili də gərək bir az çoxaldaydım...

Belə hiss edirəm ki, deyəsən, sənin 75 illiyinə yazdığım bu yazı ənənəvi təbrik yazıları çərçivələrinə tam uyğun gəlmir, ancaq bu, görünür, əvvəldə dediyim həmin təhtəlşüur mənəvi öhdəlikdən gələn bir sərbəstlikdir və bu yerdə mən bu yazını sidqürəkdən gələn, eləcə də, ənənəvi təbriklərə uyğun olan arzularımı sənə bildirməklə bitirmək istəyirəm: nə qədər mümkündürsə, o qədər çox yaşa, nə qədər mümkündürsə, səmimi və mehriban ailənlə birlikdə o qədər xoşbəxt ol, nə qədər mümkündürsə, o qədər yaz-yarat.

Sənin 60 illiyinlə bağlı o yazım belə adlanırdı: “Qocalığa hələ çox qalıb” və mən sənin 75 illiyinlə bağlı bu yazının da adını elə o cür qoyuram: “Qocalığa hələ çox qalıb.”

13 mart 2013. Bakı.

/525.az/

Yenililklər
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.