Qulu Ağsəs - Anam özünə görə bir kişi olsa da...
08.03.13
Martın 8-ini dünyanın hər yerində qeyd edirlər - kəndimizdən başqa. Həmin gün bizim xanımlar adəti üzrə ərlərinin qulluğunda durur, obaşdan çayın-çörəyin verir, günortalarına soyutma kartofyumurta tədarük eləyir, axşam darvazadan girən təki əlinə su tökür, ayaqlarını təndirdən pörşələnə-pörşələnə çıxmış vedrəyə salır, kürəyini ovur, belinə banka qoyurlar.
Kişilər də, bir qayda olaraq, arvadlarını söyür, hədələyir, qayınlarını ələ salır, uşaqlarını dayılarına oxşamamağa çağırırlar. Bu, bütün kənddə belədi; amma hamının ailə gizlinləri qaya koluyla çəpərlənib, ordan kənara atlanmır.
Bir kopolu arvadından, bir kopakqızı ərindən eşiyə informasiya sızdırmaz. Bu qanunların yaşı mixi yazılardan çox qədimdi və onu pozmağa kimsə cürət eləməz. Odu ki, ömrünün yarısını şəhərdə keçirmiş otuz yaşlı avropalı bəndənizin də az qala əsrin yaşıdı anasını bir dəstə gülə qonaq eləməyə ixtiyarı çatmır.
“Şarrr!” - hər gün ayağımı blokdan çölə qoyanda arxamca atılan suyun səsini eşidirəm: “Allah, sən balamı şərdən qoru, yazıqdı”. Anam Allahdan başqa heç kəsin yanında “mənim balam” sözünü dilinə gətirməz, qanundan qorxur, üstəlik inanır, özü də möhkəm inanır ki, oğlu həm də Allahın balasıdı, yoxsa məni tək başına böyüdüb ayağa qaldırmağa gücü çatmazdı. Əvvəllərsə anamın “ev Allahı” da varmış (mən görməmişəm). Anam onunçün səkkiz uşaq doğub, bacısı uşaqlarına qulluq eləyib, körpələrdən ikisi rəhmətə gedəndə günahın hamısını özündə görüb, “Allah” evdən gedəndə tənbəki qutusunu götürüb, onun ətrini tütündən alıb və o alandı...
Atam anamın heç vaxt adını çəkməyib, onu “a kişi”, “ay uşaq”, kefi lap kök olanda hərdən “Allah yaratmış” çağırıb. Anam özünə görə bir kişi olsa da, heç vaxt “Allahlıq” iddiasına düşməyib, atamın boş taxtına göz dikməyib, övladlarını ərinin adıyla böyüdüb... “Çıx get dədən öyünə, üç gündən sonra gələrsən!..” - Atam son nəfəsində anama belə əmr eləyib... “Məni qovursan?” - Anam ömründə bircə yol ərinə belə cavab qaytarıb. Sonralar başa düşüb ki, kişi yasın ilk günləri onun əl-ayaq altda qalmasından narahatmış, ona acıyırmış, yazığı gəlirmiş, bəlkə də son nəfəsində indiyəcən hiss elət dirmədiyi, dilinə gətirmədiyi sevgisini açırmış...
“Pensiyamı al, özümə gətir!” - Anamdan çıxmayan iş, xeyir ola, təqaüdün adını tutur? “Özümə xalça alacam, məni ona bükərsiz...” Mən də neçə aydı döşümə döyürdüm ki, anama deyəcəm prezident təqaüdündən sənə nə alım... /qafqaz.info/
|