Şəmşad Ağa - Qurdun nəğməsi...
05.03.13
Biz qurduq, itlərə baxanda azdı sayımız... (Vladimir Solouxin)
Sən yala öyrədilmiş ev iti, mən bir ac qurduyam bu amansız savaşın... - bağışla, eyni cür düşünə, yaşaya bilmərik... Sən hürür, mənsə ulayıram; kökümüz, soyumuz, qanımız eyni olsa da. sən hürdükcə cılızlaşır, uladıqca mən bir az da böyüyürəm; beləcə böyüyür sənə olan nifrətim, qəzəbim... uduzduğun azadlıq sahibinin əlinə, boynundakı zəncirə... mənimki meşənin sonsuzluğuna, sükutuna qədərdir... mən səni keçmişə, sən məni gələcəyə aparmaq arzusundaykən, acizik hər ikimiz ümidimiz qədər... daha bir fərqimiz var, anlasana! - sən gündoğana hürürüsən, diksinirsən ay işığına. mən ulayıram günbatana, tənhalığa sarı... birimiz yal, birimiz ov axtarışındaykən ikimizin də gözündə bir körpə şəkli donur, hər səhər, hər axşam; biri qurd, biri it balası... biz soydaşıq, qardaş ola bilməyimiz yaşamımız qədər zor... çünki mən uladıqca çevrilirəm sürüdən ayrılmış bir ac yalquzağa, amma sən, amma sən... hürdükcə quduzlaşır, qancıqlaşırsan... Bağışla məni...
|