Qurban - Zalım qızı görmürsənmi...
05.03.13
Yoxsan
Yoxsan, daha sən yoxsan, Hər şey qalıbdı dalda. Odlu baxışlarını Çıxarıb atacağam Gözümdən damla-damla...
Neçə yetim arzular Körpə quş balası tək Açsa göyə ağzını Yumacağam bərk-bərk.
Dalınca nə söyləyib, Nə də bir söz deyəcəm. Sevgi on addımlıq yol - Beşini birgə getdik, Beşini tək gedəcəm...
1984
Məktub
Əllərim də çatmır ki, Öpsün qara saçından. Harda gecələyim bəs Ayrılığın ucundan.
Ağrılı ahlar kimi Günlər axır irəli. Səndən məktublar gəlir, Atmamısan, deməli.
Ora yağsa qar-yağış Neynərəm sözlərimlə. Baxaram uzaqlara Kədərli gözlərimlə.
Neynəyərəm görəsən, Dilin desə sevmirəm. Bu sevgidi, Sevgidə Unudulan bədbəxtdi, Unudanı bilmirəm...
1987
Suya girən kimi...
Suya girən kimi
Girdim aylı gecəyə. Uzaq ulduzlardan uçub gələn külək Uşaq kimi qucaqladı boynumu.
Göy qulun dərisi kimi hamar, Göy qız dodaqları kimi dolu.
Suya girən kimi Girdim aylı gecəyə; Düzənlərə aylı gecə dağılıb Yanaqlara dağılan qəm kimi.
1988
***
Sakitəm. Günün nuru Bayram fişəngi kimi səpələnib havaya. Qəzəbdən, Ağrıdan, Düşüncədən ayrılmışam. Yormur məni musiqi, heyrət. Sakitəm.
Sakitəm - Dörd tərəfim suyun altı kimi sakitdi.
1989
Bütün gün
Bütün günü ov kimi Həyəcanlı olmuşam. Yorğunam, ağrıyıram.
Günlər elə getdi, qayıdacağına ümid yox. Ürəyim güllü yaza aldandı, Əlim, üzüm-gözüm peşman düşdü.
İnciməyin siz Tanrı, Yorğunam. Bir-iki kəlmə sözüm var. Həm də heç nəyin ustadı deyiləm! Əvvəllər ümid edərdim, Sabahları bayram günləri tək gözlərdim.
Ayaq üstə olmuşam gün uzunu, Ayaqlarım zirzəmi tək sızıltılı. Dünən gecədən hava da dəyişib, Bu gün bütün günü ov kimi həyəcanlı olmuşam.
1990
Çox gəlmişik
Bu sarı-sarı xəzəllər Küçələrlə axıb-gedir. Çönür sağa, çönür sola Bu dünyadan çıxıb gedir.
Yenə hər şeydən çox çəkən Sarı heyva ağacıdı. Tanrı havaya nə qatıb Çəkməyə nəfəs - acıdı...
Töküləcək suvaq kimi Uçulacaq gün işığı. ...Çox gəlmişik, çox gəlmişik Allah baxır üzü aşağı...
1995
Görən, gözəl olsam...
Bu yarpaqlar əl götürmür Dil ayırmır budaqdan. Bu yarpaqlar haçan doyar Ağacların dadından.
Ayaz göydə bir qız üzü, Qəlbin atdanar baxsan. ...Bir adam duyarmı, görən, Kirpiyimi qalxızsam.
Bir dodağın yeri yoxdu İndi mənim adımda. Dodaqlarım alışacaq Nəfəsimin odundan.
Mən bir topa qaranlığam - Ürəyimdi közərən. Görən gözəl olsam, Allah, Yenə yalqız gəzərəm?
Bəlkə ölsəm axır biləm Nə var könlüm altında. Bəlkə ölsəm anlayaram Nə umuram qadından...
1996
İki göz, bir ürəyəm
Adaşım yox, bu, mənəm, Məni də gör, İlahi. Yıxılmışam, nə yaman Uzaqmış yer, İlahi.
Çoxdandı səsim çıxmır, Ağlayaram - görərsən. Qapımın cəftəsini Bağlayaram - görərsən.
Küləyin harda yatıb, Günəşin harda batıb? Odunun odu yoxdu. Ağzımdan dadmı qaçıb, Ağzımın dadı yoxdu.
Düşürəm pillələri, Bax gedirəm, İlahi. Deyəsən, uzaqlarda Yer görürəm, İlahi. Yer tikərəm özümə, Göy hörərəm, İlahi.
...İndi ümidlər qalıb Əsən mehə, küləyə. Dayanmışam, baxıram İki göz, bir ürəyəm.
1997
Qaranlığa göz qoyurdum
Bax bu kağız, bu da qələm Bəlkə yazım: “Gəlmişəm”. Zalım qızı, görmürsənmi Bu gün sizə gəlmişəm.
Məni yola salarsanmı? Hara yola salasan... Bəlkə cığır göstərəsən, YOLA yola salasan.
Yox, görmədim, zalım qızı, Yox, eşitdim getmisən. Qaranlığa göz qoyurdum İşıq düşüb getmisən.
1999
Təmənna
Ehey yoldan keçən dərviş, Huy çağırsam baxarmısan? Çubuq-çubuq nərdivanla Bu xanəyə qalxarmısan?
Bir yaxşılıq elərmisən? Ah-nalədən çəkinməyib, Xəncər alıb Düz köksümə saplarmısan?
Hanı dərvişin cavabı, Qalmadı könlümün tabı... Mövlam, oxudum kitabı, Kitabımı bağlarmısan?
2013
/teleqraf.com/
|