Günel Mövlud - Mənim ilk qonorarım
01.03.13
Onun adı İskəndər idi. Ağlım kəsəndən cəmi bir neçə il yaşadığım kəndin ən mərd oğlanı hesab olunurdu. Hələ çox gənc idi, səhv eləmirəmsə yaşı 19-u təzə keçmişdi. İskəndər qeyri-adi dərəcədə yaxşı oğlan idi. Üzü daima gülümsəyər, özü isə heç vaxt zarafatından qalmazdı. Onun təmiz, saf təbiəti, ünsiyyətcilliyi, səmimiliyi kəndimizdə qocalı-cavanlı hamının ürəyini fəth eləmişdi. İskəndər istədiyi evə qapını döymədən girə, istədiyi süfrədə rahatca əziz qonaq kimi deyil, ailənin bir üzvü kimi otura bilərdi. O bu haqqı öz canıyananlığı, qayğıkeşliyi, xeyirə-şərə yaramağı, mərdliyi ilə qazanmışdı. Kənddə kim ev tikdirirdisə, ən çox zəhməti İskəndər çəkirdi. Kim toy edirdisə, toyun yaraşığı İskəndər olurdu. Heç kim bacısını, arvadını, qızını onunla söhbət, zarafat elədiyinə görə danlamazdı, buna etiraz eləməzdi.
İskəndərin əsgərliyi qanlı-qadalı 92-ci ilə düşdü. Şuşanın işğal olunduğu, Xocalı faciəsinin qəfil qara bulud kimi başımıza çökdüyü, hər gün evlərə onlarla şəhid cənazəsi gəldiyi o məşum ilə.
İskəndər orduya həvəslə, ürəklə getmişdi. O dövrün bir çox gəncləri kimi müharibənin, sonra qələbənin romantikasına qapılmışdı. Doğulub böyüdüyü, hazırda işğal təhlükəsi gözləyən doğma kəndinə bir gün qələbə ilə qayıdacağına ürəkdən inanırdı.
O ön cəbhədə vuruşduğu müddət ərzində bir neçə dəfə kəndə baş çəkmişdi. Kəndin bütün uşaqları kimi mən və qardaşlarım da ünsiyyətcil, zarafatcıl İskəndəri çox istəyirdik. O kəndə gələndə, bütün kənd uşaqları kimi biz də onun qabağına qaçmış, döyüşçü paltarı, papağı, avtomatı ilə oynamışdıq. Uşaqlara cibindən şirniyyat, konfet ya nəsə belə bir şey çıxarıb vermək istəyən bütün böyüklər kimi İskəndər də uşaqlara nəsə vermək istəmişdi. Amma onun çoxsaylı ciblərindən patronlardan savayı heç nə çıxmamışdı. O bizə cibindəki patronları paylamış və bu patronları oddan uzaq tutmağımızı bərk-bərk tapşırmışdı.
Dərs ləvazimatının tapılmadığı həmin illərdə aşağı sinif şagirdləri say çöpləri sarıdan çox korluq çəkirdilər. Bəzilərinin valideynləri rayon mərkəzindən rəngli say çöpləri tapa bilsə də, bəzilərinin də valideynləri əlinə keçən çubuqları bıçaqla yonub, say çöpləri düzəldirdilər. Kənd məktəbində rəngli say çöpləri olan şagirdlər bü çöpləri həvəslə partanın üstünə düzür, alma-armud ağaclarının budaqlarından yonulma çöpləri olan uşaqlar isə bu kobud budaqcıqları vuclarında gizləyərək, saymağı öyrənirdilər.
İskəndərin bizə bağışladığı patronlar birinci sinif şagirdləri üçün göydəndüşmə oldu. İndi patronları ürəklə partanın üstünə qoyub saymaq öyrənən uşaqlar da vardı. Müharibənin qızğın vaxtında birinci sinif şagirdinin patronla say öyrənməsi adi hal kimi göründüyündən, kənd müəllimləri o uşaqlara heç nə demirdilər.
Elə həmin il bir səhər İskəndərin həlak olması barədə kəndə xəbər yayıldı. O döyüşdə vurulmamışdı. Yüksək gərginlikli elektrik xətti qırılıb onun oturduğu tankın üstünə düşmüş və İskəndəri vurmuşdu. Onun ölümü bütün kənd üçün şok oldu. Heç kim onun öldüyünə inanmaq istəmədi. Elə bil bir ata-ananın deyil, bütün kəndin oğlu həlak olmuşdu. Heç kim onun ölümünü həzm edə bilmirdi... Yadımdadı ki, mən də böyüklərə qoşulub çoxlu ağlamışdım. Sonra onun barəsində təəssüratlarımı şeir halına salmış, beşinci sinifdə oxuyan uşağın yaza biləcəyi qədər yaxşı bir şeir yazmışdım. Şeiri məktəbdə ədəbiyyat müəllimimə göstərmişdim. Müəlimim şeiri bəyənmiş, iri hərflərlə kağıza yazıb, məktəb dəhlizinin divarına vurmuşdu.
İskəndərə şeir həsr eləməyim onun anası Mina xalanın qulağına çatan kimi durub evimizə gəlmişdi. O gəlib ağlaya-ağlaya oturdu və şeiri oxumağımı istədi. Şeiri əzbərdən dedim. Sonra o şeiri bir daha oxumağımı istədi. Yenə oxudum. Mina xala oğlunu öydüyüm şeirə dəfələrlə qulaq asdı. Sonra məni qucaqladı, öpdü və yenə ağladı. Az sonra o şeiri yazdığım vərəqi də məndən alıb, çıxıb getdi. Gedəndə, oturduğu döşəkcənin altına işarə eləyərək, anama:
- Bunu uşağa gətirmişəm. Zəhmət çəkib. Qoy əvəzini görsün dedi. Biz onun konfet, şirniyyat-zad qoydubunu düşünüb, etiraz eləmədik. Amma o gedəndən sonra anam onun oturduğu döşəkcənin altına baxanda, orada biz tərəflərə təzə-təzə gəlib çıxan, qiyməti olduqca bahalı olan işləməli İran corabları gördük. Corabın qatını açanda, arasından şax bir yüzlük də çıxdı. Yadımdadı ki, o vaxt anamla nə edəcəyimiz bilmədik. Bu yüzlüyü heç nə olmamış kimi qəbul eləmək mümükün deyildi. Onu Mina xalaya geri qaytarmaq isə qadını çox incidərdi. Bu, olduqca pis, çıxılmaz və qeyri-müəyyən bir vəziyyət idi. O yüzlük mənim ilk qonorarım idi... /simsar.az/
|