Milli Kitab Mükafatının qalibləri iyunda məlum olacaq
01.03.13
“Əli və Nino” nəşriyyat evinin təsis etdiyi Milli Kitab Mükafatının ekspert şurası martın 1-də iyirmiliyə daxil olan əsərlərin adını açıqlayacaq.
Nəşriyyat evindən verilən məlumata görə mükafatın əsas məqsədi dəyərli ədəbi əsərlərin üzə çıxarılması və stimullaşdırılması, Azərbaycan mədəniyyətinin və ədəbiyyatının ictimai əhəmiyyətinin gücləndirilməsidir.
Ötən il avqustun 28-dən başlanılan müsabiqəyə indiyədək Azərbaycanın bütün bölgələrindən 241 əsər təqdim olunmuşdur. Onların 175-i nəsr əsəri, 58-i şeir, 8-i isə uşaq nağıllarıdır. Eyni zamanda, Türkiyə, İran, Ukrayna, Rusiya, ABŞ, Almaniya, İsveç, Böyük Britaniya və Hollandiyada yaşayan həmvətənlərimiz də müsabiqəyə əsərlərini təqdim edib.
Martın 15-də isə 10 əsərdən ibarət “qısa” siyahı müəyyənləşdiriləcək və qiymətləndirilmə üçün münsiflər heyətinə təqdim olunacaq. Milli Kitab Mükafatının qalibləri iyunun 4-də mükafatlandırılacaq. /AzərTAc/
|