Bakıda səyyar kitab sərgilərinə start verilir
28.02.13
Hər həftəsonu keçiriləcək sərgilər şəhərin 40-dan çox yaşayış məntəqəsini əhatə edəcək
Hədəf Nəşrləri mətbuat xidmətindən verilən məlumata görə, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi ilə Hədəf Nəşrləri arasında bağlanmış uzunmüddətli müqaviləyə əsasən, paytaxt ərazisində yerləşən 40-dan çox mədəniyyət evinin qarşısında səyyar kitab sərgiləri təşkil olunacaq.
Hədəf Nəşrlərinin mətbuat xidmətindən verilən məlumata görə, bu işlər “Səyyar kitab” layihəsi çərçivəsində həyata keçiriləcək.
Mart ayının 10-dan başlayacaq kitab sərgilərinin əsas məqsədi Bakının müxtəlif kənd və qəsəbələrinin sakinləri üçün kitabçılıq sahəsində olan yeniliklərdən xəbər tutmaq və onlara lazım olan müxtəlif kitab və dərs vəsaitlərinin güzəştli qiymətlərlə satışını gerçəkləşdirməkdir.
Layihə hər həftəsonu bir mədəniyyət evinin qarşısında keçiriləcək və tələbatın yüksək olduğu yerlərdə sərgilərin müəyyən bir vaaxtdan sonra təkrar keçirilməsi də nəzərdə tutulub.
Sərgilərdə Bakı sakinləri həm Hədəf Nəşrlərinin, həm də müxtəlif yerli və xarici nəşriyyatların kitab məhsulları ilə tanış olmaq, ucuz qiymətə əldə etmək imkanı qazanacaq. Sərgi-yarmarka çərçivəsində abituriyentlər və magistratura imtahanlarına hazırlaşan bakalavrlar da özlərinə faydalı olan test bankları və dərs vəsaitlərini ala biləcəklər.
Mindən çox adda müxtəlif kitabların qatıldığı sərgidə öz məhsulları ilə iştirak etmək istəyən şəxslər və ya təşkilatlar “kitabevim.az” saytı vasitəsi ilə əlaqə saxlaya və sərgilər barədə ətraflı məlumat ala bilərlər. Sərgilərin aylıq proqramı barədə yaxın günlərdə məlumat veriləcək. /525.az/
|