Anar Amin - Əri olmayacaq nədən o qızın?
27.02.13
...Güllələr açıla yaralanasan, damarında gəzən qəlpə görəsən... Nə ola bir dəfə ölüb-dirilib, başının üstündə türbə görəsən...
Kimdənsə, nəyisə umub, susuruq, verməsə üstünə cumub-susuruq... Elə ağzımızı yumub susuruq, şeytan hardan girir qəlbə görəsən?...
Əri olmayacaq nədən o qızın? Ruh Yaradanındı, bədən o qızın... Yaxşı bax, yaxşı bax, gedən o qızın, gələndə yanında körpə görərsən...
...Səndən, məndən qabaq körpələr olub, səndən, məndən sonra körpələr oldu... Bizim aramızda olan körpələr, bizim aramızda körpülər oldu...
Doluya dəymədi boşlara dəyən: başlardı daşlardan daşlara dəyən... Elə zaman-zaman başlara dəyən, zərbələr çevrilib türbələr oldu...
...Abırdan, ismətdən, həyadan öldü, əlin üzdü kökdən, mayadan öldü... Bir palıd yıxıldı qayadan öldü, şahidi dərələr, təpələr oldu...
|