Rasim Qaraca - "Pi"nin qələbəsi
26.02.13
Fevral ayının 24-nü səbirsizliklə gözləyirdim. Bu ərəfədə çapa hazırladığımız “Pinin Həyatı” adlı roman əsasında çəkilmiş eyni adlı filmin Oskar mükafatına təqdim olunduğunu bilirdim və gözlənilənlər özünü doğrultdu.
“Pinin Həyatı” filminin 4 nominasiya üzrə Oskara layiq görülməsini bir qeyri-adi sevinc hissi ilə qarşıladım.
Kanadalı yazıçı Yann Martelin romanı əsasında çıkilmiş film ən yaxşı rejissor işi (Ang Lee), ən yaxşı vizual effektlər və digər nominasiyalarda birinci oldu.
Fevral ayının 24-də Ockar qaliblərinin açıqlanacağı günə bir gün qala Alatoran Yayınları seriyasından “Pinin Həyatı” romanının çapdan çıxması yalnız bir təsadüf idi və bir təsadüf yalnız bu qədər gözəl ola bilərdi – həmin axşam kitabın meydana gəlməsində əməyi olan kolektivin bütün diqqəti Los-Ancelesə yönəlmişdi.
Kitabın redaktəsini yenicə bitirmiş, əsərdəki hadisələrin həyəcanından hələ tam ayrılmamışkən “Pi”nin qələbəsini izləmək son dərəcə nəşəliydi. Yayıncılıq işindən bu qədər zövq aldığımı xatırlamıram.
Artıq “Pinin Həyatı” Azərbaycan dilində var və bu mənə böyük qürur hissi verir. Azərbaycan gənc oxucularına belə bir kitabı qazandırdığıma görə özümü xoşbəxt hiss edirəm. Westwood Creative Artists agentliyi ilə müəllif izninin alınmasıyla bağlı hələ bir il bundan öncədən başlamış yazışmalar və Canada Council for the Arts dəstəyi ilə həyata keçirilən layihə nəhayət öz bəhrəsini verdi, roman, əsasında çəkilmiş filmin Oskar mükafatını qazandığı elan olunan gün Azərbaycan oxucularına çatdırıldı. Məncə bu, Azərbaycan mədəni həyatında sıradan olmayan bir hadisə idi.
Yann Martel, 1963-cü ildə İspaniyanın Salamanka şəhərində kanadalı diplomat ailəsində dünyaya gəlib. Valideynləri ilə birlikdə Avropanı, Mərkəzi və Şimali Amerikanı dolaşıb, Alyaskada, Kosta-Rikada yaşayıb. Yaşa dolduqdan sonra Türkiyəyə və Hindistana səyahət edib. Kanadanın Trent Universitetində fəlsəfə öyrənib, yoqa ilə məşğul olub. Y.Martelin ikinci romanı olan “Pinin həyatı” yazıçıya böyük uğur qazandırıb, bu əsərə görə 2002-ci ildə Booker mükafatınına layiq görülüb.
Əsərdə 15 yaşlı yeniyetmə Pinin başına gələn inanılmaz hadisələr, onun Sakit Okeanda kiçik bir qayıqda amansız təbiətə və onunla birlikdə sağ qalmış vəhşi pələngə qarşı müqaviməti, yaşamaq uğrunda mübarizəsi öz əksini tapıb. /qaynar.info/
|