Qismət - Reklamda və Kafkada gülümsəməyin fərqi
25.02.13
Hiss elədim ki, monitorun qarşısında gülümsədi. Bunu pauzasından sezdim, sonra yazmağa davam etdi : Mikayıl Müşfiq donos yazıb... Monitorun qarşısında əllərim əsdi, amma sonra mən də gülümsədim, çünki aramızdakı fərqi anladım : Mən Müşfiqin yazdığı şeirləri oxumuşdum, o isə yazmadığı donosları... *** Bəzi şeylər çoxdan məhv olub, xəbərimiz yoxmuş... *** Bir yazı bitirdim, elə bil dünyanı çiynimdən kənara qoydum... *** Hesse = iztirabın kübar ifadəsi. *** Kitab evində iki oğlan Qan Turalının "Polis qorxusuyla öpüşmək" kitabını götürüb vərəqlədilər, sonra biri o birindən soruşdu : Oxumusan kitabı ? Yox - dedi o birisi.
Sualı verən başını yelləyə-yelləyə dedi : Mən də oxumamışam, amma bilirəm ki, tərbiyəsiz kitabdı. Konkret cəmiyyəti uçuruma aparırlar. *** İbn Xəldunun sözüdür : Coğrafiya alın yazısıdır. *** Floberin arzusu imiş : Mövzusu heç nə haqqında olmayan, bütün xarici bağlardan arınmış, təkcə, formanın yaratdığı daxili güc hesabına yaşayan bir kitab yazmaq... *** Biri var Bualo ilə razılaşmaq, biri də var Kalvino ilə... *** Əkrəmin kitablarının tonqalında bir kişi siqaretini yandırdı, bir qullab vurdu, birdən nəsə oldu, kişi təmiz Azərbaycanca danışmağa başladı... *** Onlar - hanniballıqlarını, vandallıqlarını içlərində gizlədən o adamlar, sən demə neçə illərində yanımızdaymış və biz onlarla özümüzü məsləkdaş bilərkən, nə qədər uzaqmışıq, yadmışıq... *** - Dünən iş olub ? - Xırda-para, Dostoyevskini, Tolstoyu yandırmışıq, vəssalam.
Bu dialoq Rey Bredberinin çox-çox illər əvvəl yazdığı, ədəbi şedevrlərdən hesab edilən, senzura əleyhinə, ifadə azadlığı naminə yazılmış ən məşhur əsərlərdən olan "Fahrengeytlə 451 C" romanındandır. *** Bizim xalq kitaba yalnız onu yandıranda toxunur... *** Bu gün İlahə xanımla Cem Yılmazın tamaşasına baxdıq, Camaatın marağı, zarafatlara reaksiyası məni sevindirdi. Demək klişelərdən yorulmuş, kompleksiz düşünmək istəyən insanlar çoxalır. Düzdür, kinoteatrdan çıxanda, belə bir dialoq da eşitdim :
- Yox, əşşi bunların mordası xoşuma gəlmədi, bir az da gözləyək görək... ( Üç-dörd qarageyimli oğlan bu sözləri tamaşadan çıxan 3 rəfiqə haqqında dedilər ) Belə-belə işlər... *** Adamın saçını külək daraya, əl-üzünü yağış yuya, torpaq öpə ayağından, yoluna günəş doğa... *** Bilənlər nə qədər bilirsə, bilməyənlər də o qədər bilmir... *** Əsərdə tarixi məqamlar var - tarixçi çağıraq, açıq-saçıqlıq var sekspatoloq - çağıraq, qətl hadisəsi var - müstəntiq çağıraq, bu yanaşmayla ədəbiyyat oxunmaz, sadəcə biz bunu dərk etmək üçün çox yol keçməliyik. *** Necə bilirsiz, bir tele-kanalın şüarlarından birinin "Döyüş alnımıza yazılıb !"- olması normaldı ? *** Bəzən çap olunmadan yazmaq lazımdı... *** Əlbəttə, bizimkilər hər şeyin asan yolunu axtarırlar. Məsələn, 500 səhifəlik kitabı oxumağa canları çıxır, istəyirlər ki, filmini tapsınlar, vikipediyadan oxusunlar, ya da kimsə onlara danışsın. Sonra bir anın içində o kitabdan "xəbərdar" olsunlar, başlasınlar orda-burda çoxbilmiş-çoxbilmiş danışmağa. Belə desinlər məsələn : Məncə, əsərin əsas ideyası tənhalıqdı... *** AYB-nin mükafatından hamı geri çəkilir, gərək əvvəldən qaydanı belə qoyaydılar : Kim axıracan dözsə, ödülü o qazanacaq. *** Telekanallardan birində (ya İctimai idi, ya Mədəniyyət ) "intellektual" yarışma proqramı var.Tamaşaçı suala cavab verir və tele-aparıcı deyir : - Bu rəfdə gördüyünüz hədiyyələrdən birini qazandınız, amma hədiyyəni sizin seçmək ixtiyarınız yoxdur, hədiyyəni biz seçirik. Bugün qazandığınız hədiyyə üzərində "Qız qalası" təsvir olunmuş suvenir boşqabdır... *** Nisbilik nəzəriyyəsini başa düşdüm, psixoanalizi anladım, amma bu "tı kto takoy, davay do svidaniya" nədir dərk eləyə bilmədim. *** - Gəlməsən ? - Hə. - Hardan ? - Kitabdan... (Ədəbi absurdlardan ) *** Ay Qismət, Salman Rüşdü kimdir ki, onun haqqında yazmısan ? Görmürsən şəklini şeytana oxşayır, o şedevr yazsa da, oxumaram, zəhləm gedir ondan. ( Unudulmaz şərhlərdən ) *** Rakı , sən çox sular görmüsən, amma həmişə üzün ağ olub. Zalım, adamın könlünə düşürsən... *** Qəribə zəmanədir, həzərat, deyirsən ki, filan kitabı oxumusanmı ? - deyir filminə baxmışam, deyirsən filan filmə baxmısanmı ? - deyir vikipediyadan haqqında oxumuşam... *** İndicə bir xala zəng vurmuşdu. Aramızda belə bir dialoq oldu : - Oğlum, pul hələ vurulmayıb ? - Hara zəng vurmusuz, ay xala ? - Sabah ? - Ay xala, deyirəm haranı yığmısız ? - Yaxşı, sabah baxaram. *** İki dostun çatlaşması :
Birinci sms : Elşad, kameranı aç, görüntülü danışaq. Cavab : Mənim kameram həmişə açıqdı... *** Faulzu oxumaqdan aldığım zövqü müqayisə etmək üçün heç nə tapmıram. Bəlkə belə demək olar : bu rakını İstanbulda, şərabı Fransada içmək kimidir, ya da Afroditayla sevişmək kimi... *** "Sən hələ gəncsən, bilməzsən, mən də gənc olmuşam, gərək..." - nöqtələrin yerinə bütün zəhlətökən şeyləri yaza bilərsiniz . *** Ümidini göstər, deyim hansı ağıldasan. ("Atalar sözlərinə düzəlişlər" silsiləsindən ) *** Bir romana sinopsis.
Bir oğlan bir kağıza bir cümlə yaza, şüşəyə qoyub dənizə tullaya. Möcüzə baş verə - həmin şüşə bir balıqçının toruna düşə... Balıqçının həmişə xəyal quran bir gözəl qızı ola. Qız atasını verib yuxuya şüşədəki kağızı oxuya Kağızda bu cümlə ola : "Gözlə məni, gəlirəm..." *** Həmişə belə olur, bu qəribə, izaholunmaz bir lənətdi. Əlinə kitabı götürürsən ki, başlayasan oxumağa telefon zəng edir. Cavab verirsən məlum olur ki, səhv düşüblər, sonra "olan işdir" - deyib ötüşdürürsən. Bir səhifə oxuyub-bitirməmiş bu dəfə də qapı döyülür.Açırsan və görürsən ki, qapıda bütün ümidlərini gözlərinin dibində basdırmış bir oğlan dayanıb.Soruşur : Ləyən lazım deyil sizə ? ...Oturub yazmağa hazırlaşırsan, iki-üç cümlə qaralayan kimi zəng gəlir. Zırramanın biri sənə deyir ki, elə bilirsən ancaq sənin fanatların var ? Mənim də fanatlarım var, məni bütün Azərbaycan tanıyır... *** Diş məcunu reklamlarında gülümsəməyə nə var, hünəriniz var gəlin Kafkanın kitablarında gülümsəyin ! /kulis.az/
|