Ayxan Ayvaz - Artıq elçi gözləmək vaxtı deyil!
25.02.13
Viktor Hüqonun “Səfillər” romanında Fantinanın Kozettanı Tenardye ailəsinə tapşırmağı yəqin ki, oxuyanların yadında olar. Mən işin sentimental tərəfini bir kənara buraxıram. Orda Hüqo xanım Tenardyeni təsvir edərkən, bu qadının çoxlu kitab oxuduğunu vurğulayır. Ancaq Tenardyenin, Kozettaya əzablar verən qadının oxuduqları yüngül bulvar romanlarıdır. İşin maraqlı tərəfi odur ki, Hüqo məhz bu detalla qadını xarakterizə edir.
Onun oxuduğu romanların təsirindən düşdüyü vəziyyəti izah edən Hüqonun dəqiq nəticə çıxardığını sonlarda anlayırıq. Çünki Tenardye bu kitabları yalnız və yalnız kübar görünmək üçün oxuyur, orda bəhs edilənlər də qadının xasiyyətiylə üst-üstə düşür...
“Səfillər”i xatırlamağımın səbəbi var. Keçən dəfə tanış bir qızla kitab oxumaq haqqında söhbət etdik. Mən ona qızların daha çox kitab oxuduğunu dedim.
Həqiqətən elə düşünürdüm. Hansı qıza soruşurdun Koelyonu, Markesi əzbər danışırdı. Kitab mağazalarında, yarmarkalarda ən çox qızlar gözə dəyirdi. Öz aramız mən indinin özündə də qızların kitab oxumağının dəfələrlə şahidi olmuşam. Metroda, aftobusda daha çox qızların əllərində kitabın olduğunu görmək olur.
Əslində bu yaşadığımız ölkənin paradoksal mənzərəsidir.
Qızının, ya da həyat yoldaşının işləməsini istəməyən, başını pəncərədən bayıra çıxarmağa qoymayan kişilərin əhatəsində bu qızların kitaba marağı hardandır? Onlar necə olur ki, biz yazarları arayır-axtarır, yazılarımıza münasibət bildirir? Qızlarla fəxr etməklə, Lenin demiş, onlarla inqilab yaradacağımı düşünməklə bərabər bu suallar məni narahat edirdi. Ancaq sualın cavabını heç kim dəqiq cavablandırmırdı. Bu məni daha da narahat edir, işin içinə yetməyə təhrik edirdi. Və nəhayət istədiyim, daha doğrusu məntiqli cavabı tapdım.
Tanış qızın cavabı beləydi: “Şükür ki, əvvəki illərə nisbətən irəliləyiş var kitab oxumaqda. Statistikaya baxanda ən çox qızlar maqazin xəbərləri oxuyur, buna əmin ol. Ancaq onları yaxşı kitablar oxumağa çəkmək olar. Onun səbəbi də bizim qısqanclıq hissindəndir. Məsələn, mən qrup yoldaşımla Əli Əkbərin “Amneziya” romanını müzakirə edirik, qalanların bunnan xəbəri yoxdu. Biz, iki qız oxumuşuq deyə o birilərinin marağına səbəb olur. O oxuyub, mən niyə oxumayım? O dəqiqə beynində sual yaranır və həmən an cavablandırır: mən də oxuyacam. İnan bir ay sonra həmin qızların kitab müzakirəsini gördüm. Çox vaxt məhz buna görə qızlar ciddi əsərləri də oxuyur. Qısqanclıq, kompleks işə yarayır...”
Mən bu cavabın qarşısında, etiraf edim, quruyub qaldım. Qısqanclığın ilk dəfə işə yaradığını gördüm. Təsəvvür edin bir-birin paxıllayan qadınlar kitabları qabaqlarına qoyub bir-bir oxuyurlar. Bunnan gözəl mənzərə ola bilməz. Təki bütün qadınlar yalnız kitab üçün bir-birinə paxıl etsin. Yoxsa gözəllik, kosmetika... bunlar boş şeydi.
Kitab oxuyan qız həmişə gözəl görünür. Buna əmin ola bilərsiniz. Əgər özünüzü dəqiq görmək istəyirsizsə, kitab oxuyun. Mənə elə gəlir, sizi depressiyadan, mənasız ailə basqısından, qardaş danlağından kitab qurtaracaq. Onda siz özünüz qərar verə biləcəksiniz. Daha ətrafınızdakılar deyil. Bu həyatı siz yaşayırsınızsa, başqalarının ora daxil olmağına imkan verməyin. Həyatınızı özünüz şəkilləşdirin.
Gəzin-tozun, kitab oxuyun, intellektual olun. Artıq elçi gözləmək vaxtı çoxdan keçib, qızlar! Biz sizə güvənirik! İnanırıq ki, kitab oxumaq inqilabını sizinlə yerinə yetirəcəyik! /qafqazinfo.az/
|