Əli Şirin Şükürlü - Bütün sevgilər düzdür, ayrılıqlar paralel...
25.02.13
görüş ehtimalı
ideyası: “Ehtimal nəzəriyyəsi”nin “görüş məsələsi” və V.Şimborskanın “Vağzal” şeiri.
görüşəcəkdilər. yeri də məlum idi, vaxtı da: dənizə yaxın metro stansiyasının qarşısında, saat 5:00-dan 6:00-a kimi.
bir saat ərzində hər an görüşə bilərdilər. tərəfi vahidə bərabər kvadrat üzrə paylanmişdi görüş anları, -
qəfəsə salınmış zaman kəsiyidi “görüş vaxtı”, çərçivədə şəklidi təyin olunmuş görüşlərin.
görüşəcəkdilər təyin olunmuş vaxtda. yeri də məlum idi, vaxtı da. görüş baş tutmadı. ya biri gəlmədi, ya da hər ikisi.
bütün görüşlər ayrılıqdı həm də.
görüşmədilər təyin olunmuş vaxtda. görüş məkanı böyüdü əslində, zaman müstəvisi də; tərəflərini iki şəxsin ömür sərhədləri cızırdı indi.
ya görüş baş tutacaqdı bu müstəvidə, ya da...
neşə il sonra təsadüfən üz-üzə gəldilər, ani ayaq saxlayıb, uzaqlaşdılar: əlvida! bəlkə bir də görüşmədilər, bəlkə də görüşdülər təyin olunmuş vaxtdan kənarda.
əlvida! əl-vi-da! ə-l-v-i-d-a! yaşanan hər an ayrılıqdı əslində. ... – 18.01.2012
zenon məsələsi
böyük dairə içində balaca bir dairə.
böyük dairə - mənim bildiklərim, balaca dairə sizin.
sizin bilmədikləriniz mənim bildiyim qədər, mənim bilmədiklərim – hüdudsuzluq.
sizin bilmədikləriniz mənim bilmədiklərimdən az; mən heç nə bilmirəm.
belə söyləyərmiş Zenon tələbələrinə.
gözlərim yol çəkir. otağam indi. dayan, qapıdı döyülən: - kimdi? - mənəm.
açıram qapını – sonsuzluq. - xoş gəlmisinz. keçin içəri... hamı keçdimi?
örtürəm qapını. örtürəm – otağam; həm də otaqdayam. indicə peyda oldu, ayrıldı məndən. içində kətil, masa, kağız , qələm, kompüter... dairə içində dairə.
və yazıram: mən sənin bildiyin qədərəm. həm də bilmədiyin qədərəm. qədərəm, qədərəm, qədərəm – qaçammaram, qaçammaram, qaçammaram.
... – 05.02.2013
paralellik- ayrılıq
nizamsız səpələnər əşyalar.
bu nizamsızlıqda bir nizam var; paralel, çarpaz, perpendikulyar. vəssalam.
paralel ayırarıq vərəqi masadan, çarpaz oxuyarıq. düz qaytararıq masaya, - son qoyular həsrətə. çox yaraşar bir-birinə masa və üstündəki əşyalar.
düz bitər ağaclar – torpağa perpendikulyar, başı səmada. ayrılmaz torpaqdan, ölümü də torpaqda olar. quş qonar ağaca –ayrılaryenə. ölümü səmada.
uçanlar çarpaz qalxar havaya, paralel uçar. məsafə dolar araya. paralel enər torpağa. ayrılar səmadan.
hər hərəkətin həndəsi təsviri var, hər təsvirin mənası; bir qədər yanlış olsa da.
zaman düz keçər yollardan, - ayrılmaz. heç ayrılmaz yollardan. düz keçər, geriyə baxmaz. əyiləndə dəəyilər yollarla...
illərdi seyr edər uzanan yolları, seyr edər yorğun, sevdalı, sevgidən danışmaq ağlına gəlməz;
bütün sevgilər düzdür onsuz da, ayrılıqlar – paralel.
... – 22.02.2013
Avanqard.net
|