Faiq Balabəyli-49 - Şair doğum günün mübarək
23.02.13
Məni ağlamazsan
Məni ağlamazsan, Sağlığımda səni çox ağlatdım, Saçlarından tutub başını Divara vurdum, Eşitmək istəmədiyin Sözlərlə təhqir etdim səni. Hədəqədən çıxmış gözlərinlə Boğazından keçməyən nəfəsinlə Mənim belə olmadığımı Bilmədiyini demək istəyirdin. Məni ağlamazsan, Düyün–düyün olmuş ürəyinin əzabını Mən vermişəm sənə. Saçlarının arasındakı ağ cığırları Mən göndərmişəm sənə. Çayımı, çörəyimi vermisən, Sevmisən məni, dəli kimi sevmisən… Məni ağlamazsan.
Bbilirəm darixirsan
Bilirəm darıxırsan, Gözlərin də yol çəkir. Dərd, sevincin üstünə İmza atır, qol çəkir. Kəndimizdə ağaclar Tökür yarpaqlarını. Şəklimi bas bağrına, İslat yanaqlarını. Külək əssə, çıx çölə, Gətirəcək qoxumu. Sənsizlik ərşə çəkib, Gözlərimdən yuxumu. Kövşən ətri gəlir, bax Mənim şeirlərimdən. Zülmət düşəcək sabah, Gəl yapış əllərimdən. Şəklimi gözlərinə Nə tutub bağlayırsan Yaman islandı şəklim Bu nədir ağlayırsan?..
Sən getdin
Sən getdin, özünlə apardın, Gətirdiyin bir udumluq sevinci. Zülmətə döndü hər tərəf, Yağmura düşdüm elə bil. Batdı limanda gəmilər, Söndü bütün işıqlar, Sən gedəndən sonra. Bir vaxtlar barmaqarası Baxdığım həyata Barmaqlıqlar arasından Baxmağımı indi dərk etdim. İndi özümə görk etdim; Necə də gözəlmiş həyat, Və sənli günlər. Sən getdin, Və başa düşdüm ki, Bu andan məhbəs həyatı yaşayıram, İçimdə sənsizliyi daşıyıram.
Və bir gün
….Və bir görərsən qayıtmışam mən, Həminki adamam, dəyişməmişəm. O şirin anları oyatmışam mən, Həminki adamam, dəyişməmişəm. Nə boyun–buxunum, nə də ki, səsim, Saçını oxşayan əlim, nəfəsim. Tükənməz heç zaman arzum, həvəsim, Həminki adamam, dəyişməmişəm. Göydə göy buludam, dağlarda çayam, Çağırsan gələrəm, harayam, hayam. Necə görursən də eləcə buyam, Həminki adamam, dəyişməmişəm. Mən həbsxana həyatına öyrənə bilmədim, çıpındım qəfəsdəki quş tək, hər gecə bir şirin yuxu arzuladım, gözlədim bayquş tək toraxaylar kimi yuvamda qalan balamı arzuladım, gözləri, yolumu gözləməkdən çuxur salan anamı arzuladım mən yaşamaq istədim, “həyat gözəldir” dedim oğlumun geniş alnı, qızımın zərif teli hər gecə yola dönüb keçdi yuxularımdan məni geri səslədi əlimdən nə gəldi ki əllərimin içində axtaram əllərinin izlərini hara baxsam görürdüm balamın gözlərini çırpınırdım yaralı quş kimi səsimə səs verənlər azaldı günü gündən, təqvim vərəqləri tək günlər ötüb keçdikcə ayırdım günü, gündən.
|