Ayxan Ayvaz - Uçan xoşbəxtlik
20.02.13
Keçən ilki bir hadisə yadıma düşdü. Axşam evə gələndə masanın üstünə qoyulmuş qəfəsdə bir tutuquşu görmüşdüm. Sarı tüklü, yanaqları qırmızı, pırpızlı, tez-tez cikkildəyən bu quşu görəndə sevinmişdim.
Tutuquşunu qonşu bizə pay vermişdi. Oğlan danışırdı ki, bu quş onların evinə pislikdən başqa bir şey gətirmədi. Demə, onların başına gələn əcaib hadisə məhz bu tutuquşunun üzündən baş veribmiş. “Düşər-düşməzi var” haqda danışan qonşu uşağı onu satmaq istədiyini də dedi. Ancaq nə illah eləsə də tutuquşunu alan tapılmırmış. Hətta bir dəfə qonşu oğluna kömək üçün qardaşım da heyvan satılan mağazaların canına düşüb, ancaq heç kim quşa yaxın durmayıb. Onda qardaşım quşu geri gətirməli olub. Yolda tutuquşunu görən insanlar onu qorxuya salmış, bir anın içində bu yanağı qırmızıdan səs çıxmayıbmış. Qardaşım onun öldüyünü zənn edəndə quşdan səs çıxıb və o da belə yozub ki, bu quşda nəsə hikmətli bir şey var. Qonşu oğlan da bu səbəbdən onun bizdə qalmasını istəyib. Onun ürəyinə damıbmış ki, bu quş bizim evə xoşbəxtlik gətirəcək.
Onda tutuquşu kimsəsiz bir yerə düşdüyü üçün yaman hövsələsizlik edir, qəfəsin o başına, bu başına tullanır, bizi balaca, kədər ifadə edən gözləri ilə süzürdü. Anladım ki, o qəfəs quşu deyil. Onunki özgür, heç bir yerə bağlı olmadan istədiyi yerə uçmaqdır.
Düşündüm ki, əslində bizim hamımız dəmir barmaqlıqlara, ya da aşa bilməyəcəyimiz divarlara həbs olunmuşuq. Məhbusluğumuzun bəraəti hələ ki bilinmir və yəqin uzun müddət də anlaşılmaz olaraq qalacaq. Tomas Eliotun fikridir: “İnsan öz dərisi ilə özünə həbs olunmuş bir məxluqdur”. Bu sarı tutuquşu isə insan deyildi və görünür, onun üçün bunun elə bir əhəmiyyəti yox idi, o, sadəcə istədiyi yaşam tərzini əldə etmək istəyirdi. Necə ki, hər insan bunu istəyir, ancaq təəssüflər olsun ki, bu həmişə müsbət nəticələrə gətirib çıxarmır. Tutuquşumuzun isə bundan xəbəri yoxdu, olsa da o bunu nə anlayacaq? Onun dünyası, dili tamam ayrıdır. Sanki o yad bir ölkədən gəlmiş və bizim evin durumunu görüb öz-özünə bu haqda danışır.
Anlayıram ki, tutuquşu cikkildəyərək nə isə danışmağa, dərdini bölməyə çalışır. Bütün çırpınmalar, vuruşmalar hamısı insanın, ya da var olmuş bütün canlıların həyat sirrini öyrənmək cəhdi, burda nəyə görə yaşadığımızı anlamağa çalışmaq deyilmi?
Deyəsən, həmin oğlanın özgürlük anlayışından xəbəri yoxdur. Gərək ki, onun da bir gün yıxa bilmədiyi şeyləri dartıb qırmaq, qaçıb haralarasa uzaqlara getmək fikri olacaq. O, bizə verdiyi tutuquşunun nələr çəkdiyini onda başa düşəcək. Anlayacaq ki, özgürlük yalnız taleyi parlaqların deyil, taleyi sınıqların da haqqıdır.
Və mən bir gün görəcəm ki, həqiqətən də, hər kəs hər şeyə qadirdir və aşıla bilinməyəcək heç bir sədd, divar yoxdur. Onda tutuquşu dəmir barmaqlıqların arasında, öz qəfəsində olsa da başa düşəcək və duyacaq ki, artıq içində bir özgürlük yaşayır, onun taleyinə yad olan, ancaq həmişə arzuladığı xoşbəxtlik dustaq görkəmində olsa belə, yenə də üzündə yansıyacaq.Tutuquşunun bizim taleyin bir parçası olduğunu hiss edirdim. Ancaq onun yeri bura deyildi. Bəli, elə düşündüyüm kimi də olmuşdu.
Keçən il idi. Tutuquşu hələ təzəcə bura gəlmişdi. Qəfəsi açıq saxladığımı unutmuşdum. O, açıq pəncərədən öz xoşbəxtliyinə doğru uçmuşdu. Mən buna görə onu heç qınamadım da. Gec-tez hamının azadlığa ehtiyacı var. İndi o ötən ildən tutuquşunun qəfəsi bizdə qalıb. O qəfəs də sanki kimisə gözləyir… /teleqraf.com/
|