Sevinc el Sevər - Eşq mesajları
12.02.13
Eşq
qızlarım üçün...
nə qədər uzaq tutmağa çalışsalar da eşq əfsanələrindən nə qədər qorumaq istəsə də anamız-atamız bizi eşq acılarından atacağımız səhv addımlardan yalnış adamları sevməkdən yenə qoruya bilmədilər biz yenə sevdik! anamızdan-atamızdan çox acılar çəkdik eşq yolunda...
içimizə çəkilməyimizdən gözlərimizi gizləməyimizdən süfrəyə- yeməyə küsməyimizdən anladılar... səhərlər balışlarımızın üzlərini dəyişəndə gecələr boyu tökdüyümüz göz yaşlarımızın izlərini yudular analarımız... gecikdiklərini bizi sevginin pəncələrinə qapdırdıqlarını anlayaraq...
sevəcəksən sən də, qızım... saçının uzanmağı boyunun artmağı kimi bir şey olacaq bu da qarışa bilməyəcəm ürəyinin işinə... gecələr boyu yuxusuz qaldım mən gah qollarımda gah ayağımda yellədim ki sən qarın sancısından belə göz yaşı tökməyəsən... üskük tax barmaqlarına, qızım sevgilinə köynəklər tikəndə... barmaqların yalın olmasın!
nə qədər ki, uşaqdın istədiyin hər şeyi ağlamaqla aldın... eşqi ala bilməzsən göz yaşıyla, acıyla eşq adamın göz yaşına baxmaz... ağlamaq istəsən anana gəl çocuqluğundakı kimi səni ancaq anan kiridər.
nə qədər uzaq tutmaq istəsələr də sevgi romanlarından qonşumuz Əliylə Leylanın sevgi əhvalatından bacarmadılar Leylanı Əliyə verməmişdilər özünü asmışdı Əli bütün analar atalar qorxmuşdular qadağan olunmuşdu eşq kəlməsi məhəllədə illərcə... barmaqlarına üskük tax, qızım sevgilinə köynəklər tikəndə barmaqların yalın olmasın! ağlamaq istəsən üstümə qaç
eh...! sanki eşq bir adamyeyəndi də gəlib səni axtaracaq mən arxamda gizləyəcəm qurtarıb gedəcək hər şey...
Eşq mesajları
hərdən darıxır uzun-uzadı axtarmalı olur arvadından gələn eşq mesajlarını telefonunun mesaj qutusundakı ərzaq və dərman siyahıları arasında... tapdıqca sevinir mesajlar təzədən gəlmiş kimi.
Vida gecəsi
pırtlaşıq saçları tələm-tələsik daranan saçları yolunduqca darağa düşmən olmuş balaca qız kimi inciyəm indi güzgünün önünə keçib ordakı özümə gülümsəyənə qədər çəkər bu düşmanlığım sevgi yaşamaq öyrədir yıxılanda durmaq öyrədir adama anasının-babasının köməyi olmadan sevgiləri daşa dəydikcə böyüyür adam
bir qəfəs quşu kimi kədərli oxumağıma baxma özümü sevdirməkdi istəyim həm bu qəfəs sahibinə bəlkə
bəzən qəm yeyə-yeyə böyüyür adam çörəkdən daha çox vitamin verər saçları uzadar yaddaşı möhkəmlədər qəm adamları tanımağı öyrənərsən həm qəm çəkdikcə
sən bir səhifəydin oxuduğum kitabda çevirdim getdi olmasaydın səhifələr arasında boş görünərdi yerin öldürərdi marağı məni kitabdan düşüb itən səhifələrin bu qədər bəsitdi hər şey bu qədər aydın
sevmək vaxt ötürməkdi vaxtı sevə-sevə ötürmək, yəni vaxtı ötürdükcə arxasınca darıxmaq nədi bilməməkdi zamanın axınında boğulanda bir saman çöpü kimi kiminsə əlindən tutub sahilə çıxmaqdı zamanı unutmaqdı
anasının küncə qoyduğu balaca uşaq kimi qızğınam cəzam bitincə unudacam...
sevgilər üçün kimsə ağlamır indi əvvəlki tək insanlar bir az daha qürurlu saflığa gülürlər ancaq uşaqkən atamın sürdüyü Zaparojesdə məni məktəbə aparmağından necə utanırdımsa elə utanaram göz yaşımı görsələr... ölümündən qorxsa da qışqırmaqdan ar eləyən qoca nənəm ölümü üzüyola qarşıladığı kimi dişimi-dişimə tutub qarşılayacam tənhalığımı səssiz-səmirsiz... balıq kimi hayqırır ağrılarını qürurlu ürəklər heç nə eləmirlər sadəcə bir az daha şiddətlə çırpınırlar kimsəyə sezdirmədən...
yekə adamam, ilk dəfə sevilmədim ilk dəfə unudulmadım ki... sevgidən öldü deyə kimsəni özümə güldürmərəm...
|