Səlim Babullaoğlu: “Adam var gündə 10 dəfə içir, amma içki içməyən adamdan 100 dəfə keyfiyyətli insandır”
11.02.13

Tanınmış şair, tərcüməçi, esseist Səlim Babullaoğlu ilə müsahibə.


-Son günlər Əkrəm Əylislinin qalmaqallı “Daş yuxular” romanıyla bağlı etirazlar səngimək bilmir. Biz də istərdik ki, söhbətimizə sizin bu romana münasibətinizlə başlayaq...

- Mən bütün hallarda Əkrəm Əylisliyə qarşı dözümlü, mərhəmətli davranmağın tərəfdarıyam. Əlbəttə, bu əsər barədə mütəxəssislərin rəyi belədir ki, “tarix nöqteyi-nəzərindən, milli mənəvi məsələlər baxımından ciddi yalnışlar var, gərək bunlar olmayaydı”. Mən bu mövqe ilə razıyam. “Daş yuxular” qanqaraldıcı hadisədir. Biz bunun əziyyətini hələ bundan sonra daha çox hiss edəcəyik, Əkrəm Əylisli bunu necə çəkəcək, mən bunu bilmirəm. Bilirsiniz, bir həftə əvvəl, saytlardan birinin rəhbəri məndən “Drujba narodov” jurnalının baş redaktoru Aleksandr Ebanoidze ilə - on ildir ki, tanıyıram - söhbət eləməyimi istədi. Yəni, müsahibə almağımı. Ona zəng elədim ötən bazar. Danışdıq. Sonra nədənsə bu maraqlı söhbət çap olunmadı. Hərçənd orda maraqlı məqamlar vardı. Məsələn, mən Ebanoidzedən soruşdum: “Necə bilirsiniz, bədii mətni tarixi sənədlə eyniləşdirmək olarmı? Yaxud bədii mətni faktoqrafiya kimi qəbul etmək olarmı? Və bu nə qədər doğrudur?”
Cavabı olduğu kimi çatdırıram, o belə dedi: Bu haqda Şillerin dəyərli bir fikri var. Bu və ya digər situasiyanın bədii mətndə verilməsinin dürüstlüyü daha çox subyektdən asılıdır, nəinki obyektden. Və hər bir sənətkar öz görümündə fərqli nələrisə yazır, deyir, yaza bilər və deyə bilər. Amma fakt, sənəd… bunlar dəyişməz şeylərdir, hərçənd onu da bəzən müxtəlif cür şərh etmək olur. Bütövlükdə fikrimi belə rezüme edərdim ki, tarixi sənəd və bədii mətn başqa-başqa şeylərdir.

Mən davamında belə bir sual verdim: “Romanın jurnal nəşrinə girişdəki redaksiyanın “ön söz”ündə bu sözlər var: Əkrəm Əylislinin roman-rekviyemi yalnız bədii mətn deyil. Həm də öz xalqının şərəfi və ləyaqəti naminə acı həqiqəti söyləməkdən çəkinməyən, həqiqi vətənpərvər olan yazıçının olduqca cəsarətli bir addımıdır...”

Olduqca cəsarətli addım... Acı həqiqət... Necə bilirsiniz, bu sözlər əsərin tarixi sənədlə eyniləşdirilmək, bu cür qəbul olunmaq imkanını artırmır? Və bu nə qədər doğrudur?”
O isə “ola bilsin bizim söhbətimizin kontekstində sizin iradınız doğrudur ...”- dedi. Söhbətin bir yerində mən ondan soruşdum ki, 5-6 il əvvəl siz (yəni Ebanoidze- A.Ə.) mənə Elçin Əfəndiyevin “Bayraqdar” povestinin tərcüməsinin redaksiyaya göndərildiyini söyləmişdiniz, o əsər haqqında dəyərli firkirlər demişdiniz. Amma 5 il ərzində onu çap eləmədiniz. (Burda bir izah verim ki, “Bayraqdar” Azərbaycanlı qaçqınların kədərli həyatından bəhs edir, özü də həqiqi səhnəni ortaya qoyur.) Ebanoidze 5 il ərzində bu əsərin redaktəsini bitirmədiyini söyləyir və bunu heç cürə əsaslandıra bilmir. Ciddi bir səbəb göstərə bilmir, çünki çap eləmək istəmir, uzadır, çünki o povest Azərbaycanı qaçqınlardan danışır. Mən bunları niyə söyləyirəm. Yalnız ona görə ki, bu ya zəlzələdən, ya vəlvələdən, biz, bizi sevməyən insanların əhatəsindəyik. Belə bir əhatədə Əkrəm Əylisli gərək səhv eləməyəydi.

- Müxalifət iddia edir ki, hakimiyyət Əkrəm Əylisli qalmaqalı ilə insanları əsil hədəfdən yayındırmaq, gündəmi dəyişdirmək istəyir...

-Mən sizə belə bir şey deyim: Əgər bir yazıda bir adam təhqir olunsaydı, cavabı bir nəfər verəcəkdi. Mən yenə deyirəm, əsəri oxumamışam amma sizin suala cavab verirəm. Bir əsərdə əgər xalq təhqir olunursa cavabı xalq verir. Xalqınsa maşaallah, sayı çoxdur. Ona görə də bu məsələnın bir qədər gündəmdə qalmağı normaldır.

- İş orasındadır ki, bu münasibət birmənalı deyil.

- Görünür, o biri tərəf də münasibətin bildirə bilir. Şəxsən mən məsələnin siyasi gündəmi dəyişmək tərəfi kimi bir fikir söyləmək üçün kompetent deyiləm. Bir şey deyə bilmərəm. Bilmədiyim şeyi nə cür deyim? Ancaq düşünmürəm ki, hər hansı bu sayaq məsələ siyasi gündəmi uzun müddət dəyişə bilər. Beş gün, üç gün bütün məsələlər öləziyir. Amma həll olunmalı problemlər yenə də həll olunmalıdır. Və bu problemlərin həllindən heç kim boyun qaçıra bilməz.

- Bir neçə il öncə, “Dünya Ədəbiyyatı” dərgisini çap etməyə başladınız. İndi isə uzun müddətdir o jurnaldan səs-soraq yoxdur.

- Bəli. Dərc olunacaq çox yaxında.

- Mətbuatda AYB-nin keçirdiyi müsabiqədən yazarların imtina etdiyini görürük. “İstefa dalğası”nın qarşısını almaq olardımı? Yoxsa bütün bunlar vahid bir mərkəzdən idarə olunur?

- Mən düşünmürəm ki, nəyinsə qabağın almaq lazımdır. Gələnlər əvvəldən bilirdi müsabiqəni hansı təşkilat keçirir, juri üzvlərinin adları qabaqcadan açıqlanmışdı, yazılmışdı ki, bu müsabiqə Azərbaycan Yazıçılar Birliyinindir. Münsiflərin də bir-bir adları açıqlanmışdı.

- Yəni “etirazları olanlar öncədən qatılmazdı” demək istəyirsiniz.

- Yəni mən hələ indiyə qədər arqumentləşdirilmiş heç bir etiraza rast gəlməmişəm. Ümumiyyətlə, o şey deyilməlidir ki, onu hər yerdə demək və sübut etmək olar. Yəni, mən indi durum deyim ki, bir nöqtədən idarə olunur sabah mənə deyərlər ki, Hansı nöqtədən? (gülümsünür) Bircə onu deyə bilərəm ki, heç bir “dalğa” filan yoxdur. Heç ləpə də yoxdur. Dörd-beş adam, onların arasında da çox təəssüflə deyirəm ki, rəhmətlik, mənim də dostum Zakir Sadatlı da var idi, əsərlərini geri götürüblər. Dörd-beş yazıçı gəldi əsərlərini təqdim etdi, sonra da geri götürdü. Özü də yüksək səs alan müəlliflər. Geri götürmə arqumentləri də ciddi deyil. Mən onlara da, o birisilərə də müvəffəqiyyət arzu edirəm, ümid edirəm gələn dəfə müsabiqəyə əsər verəndə onun şərtlərini əvvəlcədən yaxşı oxuyacaqlar.

- Kamal Abdullanın jüri üzvlüyündən istefasını sonrakı istefalara səbəb kimi göstərə bilərikmi?

- Mən bilmirəm. Bu sualı o adamların özündən soruşsanız yaxşı olar. Amma mən bir şeyi deyə bilərəm ki, mən o müsabiqəyə Kamal Abdullanın təklifi ilə juri kimi qatılmışam. Kamal müəllim mənə zəng etdi, dedi ki, “mən istəyirəm siz juri üzvü olasınız” mən də dedim “əgər siz istəyirsinizsə -onu nüfuzlu, dəyərli bir yazıçı, alim kimi qəbul edirəm- mən juri üzvü olaram. Hətta gülə-gülə dedi ki, “Bəlkə sənə birinci mükafat verək? Bəlkə istəmirsən müsabiqədə juri olasan əsər təqdim etmək istəyirsən” Mən də gülə-gülə dedim ki, “Kamal müəllim, mənim mükafat alan vaxtım keçib, artıq mükafat verirəm”. Belə bir zarafatımız da oldu. Ona görə, yəni sonra da Kamal müəllim işlərinin çoxluğunu əsas tutaraq, müsabiqə komissiyasının rəhbərliyindən jurilik mövqeyindən imtina elədi. Yəni, bu da onun haqqıdır. Amma yenə də deyirəm heç bir dalğa filan yoxdur. Kimsə sənəd vermişdi götürdü. Bu qədər.

- Bəs bu qədər danışılması televiziyalara çıxması sizdə qıcıq oyatmır?

- Bu qədər danışılması artıq idi, amma heç bir qıcıq-zad oyatmır. Yəni, geri götümə faktı məni niyə qıcıqlandırmalıdır ki? Arqumentləri ola bilsin. Lazım biləndə cavab da verdim. Ümumiyyətlə isə, adamdır da, əsər verdi və götürdü. Siz deyən kimi çox danışılırsa deməli danışılacaq ciddi şeylər yoxdur, adi, xırda bir məsələni böyük problem kimi təqdim etmək artıqdır.

- Bildiyiniz kimi “Tərcümə Mərkəzi”nin bir “Xəzər” jurnalı var. Mərkəzin rəhbəri Afaq Məsud ayrılan maliyyənin azlığından şikayət edir. Siz həmin büdcə ilə səviyyəli bir tərcümə dərgisi çap edə bilərsinizmi?

-Mən bilmirəm “Tərcümə Mərkəzi”nə nə qədər maliyyə ayrılır. Amma hörmətli Afaq xanım bundan şikayət edirsə deməli onun belə şikayətlər üçün əsası var. Düşünmürəm ki, burda ciddi bir narazılıq olmalıdır. Yəni Afaq xanımın bir narazılığı varsa, birbaşa Yazıçılar Birliyinin rəhbərliyinə müraciət etsin. Tələblər, təkliflər tələb olunan büdcə… bunlar danışılsın, dartışılsın hökumət qabağında məsələ qoyulsun, tələb olunsun, xahiş edilsin, kəsəsi masa araxasında həll olunsun.

-Siz bir şair kimi öz oxucu auditoriyanızı tapdığınızı düşünürsünüzmü? Ümumiyyətlə, sizin fikrinizcə həm kütləvi həm elitar şair olmaq mümkündürmü? Dünya ədəbiyyatında belə örnəklər varsa bu örnəklər barədə danışmanızı istərdik.

- Ümumiyyətlə, bütün dünyada belədir ki, şeir nəsrlə müqayisədə qat-qat, onlarca dəfə az oxucuya malikdir . Mən oxucu kütləsi bol olan, şanson tipli, nəğmə kimi zümzümə edilməsi mümkün ola, belə deyək də bir qədər “solaxay” yazılmış poetik mətnləri demirəm. Azərbaycanda ən kütləvi şeir növü meyxanadır. Biz onu yazmırıq axı. Mən demirəm o pisdir, yaxud yaxşıdır. Əgər on min nəfər ondan zövq alırsa, qoy alsın. Amma mənim yazdığım, mənim kimi adamların yazdığı şeir növlərinin öz oxucu dairəsi olur və bu dairə bir az məhdud olur. Sözün düzü, deyim ki, kütləvilik arzusundayam, yox belə bir arzum yoxdur. Şeirlərim birmənalı qarşılanmır, hə, qarşılanmır ola bilər. Amma oxucu sarıdan korluq, nigarançılıq… Yox! Belə bir duyğum yoxudur. Kifayət qədər oxucu da var, kifayət qədər pozitiv rəylər də almışam, məktublar da almışam, ölkə daxilindən, ölkə xaricindən. Belə bir narazıçılığım yoxdur.

- Yaradıcılığınız barədə mətbuatda ara-sıra tənqidlər də səslənir. Və maraq burasındadır ki, siz o tənqidlərin demək olar ki, hamısına ayrı-ayrılıqda cavab verməyə çalışırsınız. Bunun səbəbi nədir, Səlim Babullaoğlu öz yaradıcılığının başa düşülməməsindənmi narahatdır, yoxsa bu emosianallığının əlamətidir?

-Əvvəla, mən hər tənqidə cavab vermirəm. Çalışıram ki, təhqir elementlər olanda, opponentlərim həddlərini aşanda olanda cavab verim. Əslində, 15 il ərzində cavab tipində yazdığım və çap elədiyim yazıların sayı 5-dən artıq olmaz. Məsələn, mənim kompyuterimdə bir qovluq var. Orda 21 yazı var. Onlar müəyyən adamların yazdığı düz olmayan, dürüst olmayan yazılara cavab kimi yazmışam. Çap elətdirməmişəm. Çünki anlamışam ki, mən o yazıları çap elətdirsəm həmən adamların qəlblərinə dəyə bilər. Bəzi hallarda cavab vermişəm.
Bilirsiniz, gəlirlər, adamı öyrətmək istəyirlər. Özləri bilmirlər və öyrətmək istəyirlər. Bax, o halda hə artıq mən cavab verirəm. Görünür, həmin yazılar oxunub deyə insanlara elə gəlib ki, mən hər dəfə cavab verirəm. Mənim indiyə qədər cavab xarakterli yazılarımın sayı beşdən-altıdan çox olmaz.

- Sizin tərcümə dərginizdə püxtələşmiş imzalar var. Yəni bir növ Səlim Babullaoğlu məktəbi keçənlər. Onlardan biri də Günel Mövluddur. Günel xanım dünya ədəbiyyatının şah əsərlərindən olan “ 100 ilin tənhalığı”-nı Azərbaycan dilinə çevirmişdi. Sizin bu tərcümə barədə fikirləriniz necədir?

-Hə, Günelin tərcüməsi yaxşı tərcümədir. Ümumiyyətlə, Günel Mövludu istedadlı tərcüməçi və istedadlı şairə hesab edirəm. Hərçənd onun bir çox publisistik yazıları var ki, o yazılarla, o mövqeylə qəti razı deyiləm. Məsələn bu gün milli qəhrəmanımız Mübariz İbrahimovun ad günüdür (Müsahibə Fevral ayının 7-də baş tutub.). Mübarizlə bağlı bir yazı yazmışdı onu çox bəyənmişdim. Özünə də zəng edib demişdim.

- Şərq ədəbiyyatı, daha çox, İslam-Təsəvvüf qanadı üzərində dayanıb. Söhbət Nizamidən, Nəsimidən, Füzulidən, Molla Vəli Vidadidən, Aşıq Ələsgərdən gedir ki, bu yol 30-cu illərdə Hüseyn Cavid Əfəndinin Sibirə sürgün olunması ilə yarıda kəsildi… Adlarını sadaladığımız dühalar yazdıqlarını yaşayan, yaşadıqlarını yazan adamlar idi. İndi isə bizə daha çox Sovet dövründə formalaşan şair obrazı sırınır. İçki içən, yüngül həyat tərzi keçirən... Neçə illərdir ibadətlə məşğul olan Səlim Babullaoğlu “sərxoş şairlər”in içində özünü necə hiss edir?

-Özümü normal hiss edirəm və içki içməyə belə deyək, faciəvi hal kimi baxmıram. Mən özüm də uzun müddət içki içmişəm. Sonra qərara gəlmişəm ki, içməsəm daha yaxşı olar. İçki içmək də olar içməmək də. İçməsən daha yaxşı. Bunu tibb də deyir, din də deyir, hətta yol polisi işçiləri də deyir ki, içib rul arxasına oturma (gülür).

Amma yenə deyirəm ki, mənim üçün ətrafımdakı adamların içki içməyi və ya içməməyi fərq eləmir. Çoxlu adamlar var ki, gündə 10 dəfə içir, amma içki içməyən adamdan 100 dəfə keyfiyyətli insandır. Ancaq çoxlu o qədər, ondan 10 dəfə artıq adamlar var ki, onlar içki içən adamdan yüz dəfə keyfiyyətlidir. Eləsini də görmüşəm, beləsini də…

Sualın əvvəlində çox maraqlı bir şey qoydunuz ki, Nəsimi, Füzuli, Nizami Gəncəvi bu adamlar o adamlar idi ki, Ali ruh məqamında yaşayırdılar, yaşadıqları kimi də yazırdılar. Bu dəqiqə Azərbaycanda yazdıqları kimi olan, olduqları kimi yaşayan adamlar çox azdır. Hüseyn Cavid o təsəvvüf təliminin yaradıcı adam kimi mənim tanıdığım sonuncu nümayəndəsi idi. Hətta inanın mənə yəqin ki, Allah qismət edər kimlərsə bunları yazar. Hüseyn Cavidin yaradıcılığı hələ yetərincə düzgün tədqiq edilməyib. Onun mətnləri düzgün oxunmayıb. Təkcə Hüseyn Cavid yox, elə Məhəmməd Hadi də mənim gözümdə o qabildən olan adam idi. Ruhani məqamı vardı.

Bizdə adamlar çox şeydən yazırlar, dindən, peyğəmbərdən, Allahdan yazırlar, amma mən onların yazdıqlarında ruhi bir boşluq görürəm. Bu barədə çox danışmaq istəmirəm haqlısınız, yazmadıqları kimi yaşayan, yaşadıqları kimi yazmayan adamlar çoxdur.

- Bir müddət öncə dünya ədəbiyyatının tanınmış nümayəndələrini yuxuda görməyinizlə bağlı çox maraqlı yazılar yazmışdınız. Əğər sirr deyilsə son vaxtlar dahilərdən yuxularınıza “qonaq” gələn varmı? Yəni biz bu seriyadan növbəti yazını gözləyə bilərikmi?

-Düzün deyim, ondan sonra bir neçə yuxu gördüm amma yazmadım.

- Niyə?

- Görünür, yuxu var ki, sən sadəcə olaraq görürsən, yuxu var ki, o sənin həyatında hansısa rol oynayır. Yəni sənin həyatının hansısa məqamı ilə bağlıdır. Ola bilər ki, kimsə oxuduğu bir əsərin yuxusunda hansısa personajını, müəllifini görsün. Bu sadəcə yuxu olar, sənə yeni heç bir yükü olmaz. Amma elə yuxu ola bilər ki, biz hər hansı bir problemi düşünə bilərik həmin yuxuda o problemin həllinə hansısa cavabı ala bilərik. Mən o yuxuları yazdım ki, onlarda hansısa cavabları tapdım. İstər Nazim Hikmətlə bağlı olsun, istər Orxan Pamukla. Istər İosif Brodskiylə bağlı olsun, istər Şimborska ilə bağlı. Mən öz suallarıma cavab aldım. Mən indi burda 15 dəqiqə mürgüləsəm 15 dəqiqədə 15 dənə yuxu görərəm. Qəribəsi budur ki, o 15 yuxunun 15-i də mənim yadımda qalır. Adam var ki, 12 saat yatıb bir yuxu görür o da yadında qalmır.

- Yəqin ki, elə fərqli və təsirli yuxular olsa qələmə alacaqsınız?

- Yəqin ki, inşAllah. Yaşayarıq görərik./qafqazinfo.az/

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.