Zahir Əzəmət - "Kirayə evimiz, sevimli arvadımız var"
06.02.13
**** İndi işə gedəcəm sən “zibili atmağı unutma” deyəcəksən uşaq arxamca ağlayacaq “ata” kəlməsi yapışacaq ətəklərimdən qaçaraq atılacam küçəyə amma unutmayacam zibili atmağı on saat işləyəcəm günəş batarkən dönəcəm evə bir qucaq təbəssümlə “sən zibili at” deyəcəksən uçaq sarılacaq ayaqlarıma birlikdə zibil atmağa gedəcəyik zibilliyin üzərinə sallanan söyüd budaqlarına barmağını uzadan körpə “gül” deyəcək birdən gül qoxusu yayılacaq zibilliyə sonra bütün şəhərə sonra bütün məmləkətə “ata” və “gül” kəlmələri unutdurar günəşin yoxluğunu
*** Elə də pis deyil həyatımız kirayə evimiz, sevimli arvadımız var günəş gülümsəyərək toxunur pəncərəmizə hərdən danışmağa, hərdən susmağa hərdən gülməyə icazəmiz var bizə seçim haqqı verilib! hər zaman ölməyə icazəmiz var *** Gəl unudaq hər şeyi heç olmasa bir anlıq. Hürkütməsin qəlbini bu mənasız qaranlıq. Unutdum, sən də unut siyasi sözcükləri. Sızlamasın qolunda polis öpücükləri. Xatırlama, sevgilim harda doğulduğunu. Unutdum, sən də unut niyə boğulduğunu…
|