Qulu Ağsəs - Zakir Sadatlının xatirəsinə
05.02.13
- Dostlarla qurtardım, hamınıza nifrət eləyirəm! - Yeddi ildə yetmiş dəfə eşitmişəm bu sözləri: təxminən beş dəqiqə söyüb söylənib, yumruğunu havanın alnına döyəcləyirmiş kimi dirsəyini büküb, qolunu başı bərabəri qaldırıb, hikkəylə sümürdüyü siqaret tüstüsünü ciyərlərində həbs eləyib, dodağımın çənədən aşağı düşdüyünü görüncə hirsini tüstüqarışıq havaya püləyib, başlayıb, nə başlayıb:
“Deyəsən, yuxusuzsan? Evədə nə var, nə yox? xətrinə dəyən varsa, salım ayağımın altına! Maa bax, “iki şirvan”a harda oturmaq olar?..”
Zakirdən danışanda yadıma Vaqif Səmədoğlunun Anar haqda yazdıqları düşür. Çox xırda bir improvizədə: Zakir Sadatlı gözəl jurnalistdi — kimsə deyə bilər ki, nəyi gözəldi, on ildi Az.TV-də işləyir, heç üzünü də görməmişik; onda Zakir Sadatlı yaxşı şairdi — kimsə deyə bilər ki, nəyi yaxşıdı, AYB-nin soraq kitabçasında adı da yoxdu, onda Zakir Sadatlı orijinal nasirdi — yenə kimsə deyə bilər ki, kitabını qoy ortalığa, deyim hə; iş ki belə oldu, Zakir nümunəvi ailə başçısıdı — onda da Vətəni (oğlunun adıdı) görənlər daş atıb başını tutacaq; Zakir yaxşı oğlandı — məsələ bitdi, ta heç kim səninlə söz güləşdirməyəcək! O qədər yaxşıdı ki, Anar Niftəliyev kimi zəhər tuluğu Zakirin başına fırlanmaqdan yorulmur, desəm inanmazsız, hələ onunla şirin-şirin danışır da!..
Zakir Sadatlı həm də:
— doğan Günəşə “Allah balanı saxlasın” deyən; — sinəsini sərinlədən bulaq suyunu pivəyə qonaq eləyən; — dərdi araya qoyub özünə güldürən; — gəncliyini Əfqanıstan çöllərində qocaldıb heydən salan; — istedadını abrının qoltuğunda daldaladan; — dost üçün — filtrsiz siqaret kimi — hər iki ucundan alışıb yanan; — potensialının cüzi bir hissəsini dövriyyəyə çıxaran; — dillə başa salmadığını əllə qandıran... kişidi.
Zakir danışdıqlarını olduğu kimi yaza bilsə, dahi olardı. Zakir dahi olsaydı, adamlığından kəsib qələminə yedirərdi. Əgər belədisə, Zakir heç vaxt dahi olmayacaq...
Zakir — hərb mütəxəssisidi. “Müharibənin estetikası”ndan indiyəcən niyə əsər yazmayıb — anlamıram...
Zakir — əsl döyüşçüdü. İşə ancaq metroyla gedib-gəlir ki, özünü səngərdəki kimi hiss eləsin...
Zakir 40 yaşınacan bəlkə 40 dəfə ölümlə gizlənqaç oynayıb: uşaq vaxtı dostu Sabirlə, Əfqanıstanda ağdamlı Bakir Qəmbərovla, türkmən balası Amangəldiyevlə, rus zabiti İzmalkovla, Qarabağda rejissor dostu Taleh bəylə... Və hər dəfə elə yerdə gizlənib ki, ölüm onu tapa bilməsin. Bu, çox xatalı və sadə oyundu: ölüm həyatda gizlənənləri dərhal tapır, amma ona sığınanları özündə axtarmağı ağlına da gətirmir...
Zakir — qırxını ayaq üstə üstə mərdi-mərdanə çıxaran tək-tük adamlardandı. Mən hərdən Allaha yalvarıram ki, Zakir dostlarına doğrudan nifrət eləsin və indiyəcən boğazından kəsib bizə yedirtdiklərini indən sonra qələminin qabağına töksün... /Kulis.az/
|