Aliq Nağıoğlu - Qəribə hisslər
29.01.13
Hekayə Saat ikiyə qalırdı. Doğulub boya-başa çatdığı kəndə getməyə hazırlaşırdı. Orta məktəbdə müəllimə işləyən həyat yoldaşı hələ məktəbdən qayıtmamışdı. Fikirləşirdi ki, gözləməyinə gözləyib, bir az da dözsün. Son günlər yeknəsəqlikdən darıxırdı, amma səbəbini bilə bilmirdi. Yaş öz işini görürdü, ortada isə hələ bir şey yox idi. Zövq alacağı məşğuliyyət qalmamışdı. İşi vardı, əmək haqqı alırdı, kollektivdə başı qarışırdı, ancaq di gəl, nəsə kefi açılmırdı, səbəbini özü də anlamırdı. Ona görə dünəndən beyninə bu fikir hakim kəsilmişdi: bir az gəzişmək, mühiti dəyişmək lazımdır, yaxın qonşu kənddə yaşayan atası evinə baş çəkər, hal-əhval tutar. Bir aydır ki, azadlığa çıxan uşaqlıq dostunu görmək də borcudur. Zarafat deyil on beş il günəgün yatmaq ağır sınaqdır. Qəribə-qəribə şeylər eşitmişdi ondan... – Əə-ə, burda niyə durubsan, harasa gedənə oxşayırsan, – həyat yoldaşı idi, nə vaxt gəlmişdi, onu görməmişdi. – İstəyirəm bir kəndə tərəf gedim, dədəmi, məzarlıqda uyuyanları yaman ürəyim istəyir, sənin gəlməyini gözləyirdim, günortanı yemişəm, çayı da təzə dəmləmişəm. – Heç ömründə yeməyini dədəngilə salmadın da, – birgə yaşadıqları otuz ildə həyat yoldaşının dəfələrlə səsləndirdiyi bir cümlə də bu idi. Ancaq məktəbdən hər dəfə olduğu kimi yorğun, əsəbi qayıtdığından cavabını vermədi.
*** Kəndin içindən keçən, təxminən otuz il bundan əvvəl basılan asfalt tamam dağılmışdı: sonradan vaxtaşırı tökülən daşlı-çınqıllı qumun iri daşları böyüyən çalalarda batmış, qumunu isə aramsız yağan yağışlar yuyub aparmışdı. Yaşadığı kəndlə doğulub boya-başa çatdığı kəndarası yol boyu dəmir yol keçidinə kimi yeni üslubda, yaraşıqlı evlər salınmışdı: bu evlərin sahibi son zaman parlayan böyük imkanlılar sayılırdı və daş hasara alınan həyətləri də olduqca geniş idi. Əvvəllər bir kilometrlik bu yolun hər iki tərəfi sovet təsərrüfatının əkin yerləri sayılırdı və o vaxtlar ətraf kəndlərin sakinləri çox məhrəm idi. Bir-birinin xeyir-şər işlərində iştirak edən camaatın qaranlıq çökəndən sonra geri qayıtmaları bəzən müşkülə dönürdü: çünki yolun meşə zolağının içindən keçən hissəsində qış aylarında yırtıcı heyvanların insanlara təhlükəli hücumları mütəmadi baş verirdi. O, həmişə bu yolu piyada getməyi xoşlayırdı: ən azından fikirləri ilə baş-başa qalırdı, ətrafdakı ən xırda dəyişikliklərə diqqət yetirirdi, nələrisə nəzərində saxlamağa çalışırdı. Niyə o beləydi özü də anlamırdı, niyə o narkoman, alkaş deyildi; əclaf, yaltaq doğulmadı- bunları izah edə bilmədiyi kimi, qeyri- müəyyən xasiyyətinin izahını da yozmaqda aciz qalırdı. Doğma kəndin sərhəddinin ilk metrindən əsl asfalt başlayırdı: keçən il yolun bu hissəsini kəndin çox imkanlı sahibkarı basdırmışdı. Deyirlər, o, oğlunun toyunu kənddə də çaldırmaq fikrinə düşür: qonaq-qaranın həm çox, həm də səviyyəli olacağını görüb təzəlikcə tikdirdiyi əzəmətli mülkün önünə bir kilometrlik məsafədə təcili olaraq keyfiyyətli asfalt basdırır. Sonra, nədənsə toy kənddə baş tutmur, lakin yol əhvalatı yaddaşlarda bu hadisə ilə bağlı qalır. Bir az aralıda, sahibkarın mülkünün tarazında uşaqlıq dostu Qəşəm görünürdü. Uzun boylu, lopa bığlı bu adam əlində çubuq irəli-geri yeriyərək dodaqaltı mızıldanırdı. “Nə yaxşı oldu Qəşəmlə rastlaşdım, yəqin yolqırağı hevanları otarır, görüşüb dərdləşərik”. Ürəyi uçunurdu, Qəşəmin inadkar dolanışığa bağlılığı ona qarşı yaxşı mənada həsəd yaratmışdı. Dostu növbəti dəfə geri dönəndə onu gördü, addımlarını yeyinlədib çatdı, qucaqlaşıb öpüşdülər. – Ay qardaş, çoxdandır görüşmürük səninlə. Necəsən, zəmanə ilə neynirsən, ev-eşik, balalar? – Min şükür, hələ ki hər şey yaxşıdır. Bilirsən də sənə dəyməmiş pələddən o yana adlaya bilməzdim, canınçün... Ancaq bəri başdan deyirəm: evə getməyəcəyik, başqa vaxta qalsın. – Qəşəm qara lopa bığlarına sığal çəkə-çəkə başını yellədi: – Nə danışırsan ə-əə, sən bilirsən kimsən: leqendarnıy Əliş, otuz beş il əvvəl səni belə çağırırdılar. O vaxtdan ikinci bir adam məktəbi sənin kimi bitirə bilmədi. Qağacanı, mən bunu şənliklərdə həmişə fəxrlə deyirəm. – O, utancaqlıqla dostunun əlini əllərinə aldı: – Sağ ol əzizim, Allah səndən razı olsun. Sorağın qulağıma yaxşı gəlir. Müəllimliyindən, el şənliklərini aparmağından, məntəqədəki fəaliyyətindən məlumatlıyam. Allah səni pis nəzərdən saxlasın, kisbinə bərəkət versin. – Deyilənlər yağ kimi canına yayıldığından dostu aşağıda yaşıl göylükdə otlayan inəkləri unudub ona qoşuldu, keçidə tərəf addımladı. Bu payız məntəqəyə yağışlar tez düşdüyündən sahələrdə yaxşı ot əmələ gəlmişdi: heyvanlar sanki hörüyə vurulubmuş kimi heç hara tərpənmirdilər. – Ay qadan alım, bəri bax ey, zəmanə yavadır. O vaxtın kitablarında biz oxuyardıq ki, Amerikada, Türkiyədə, nə bilim daha hansı kapitalist ölkəsindəsə bizim təki insanlar dolanmaq üçün beş-altı iş aparırmışlar, şəkk edərdik. Sənə deyim, sadaladıqlarından savayı, mən hələ uşaq da hazırlayıram, bərkgedən kəndin bələdiyyə vergisini də yığıram, vaxt tapanda təsərrüfata da əl atıram; bəri bax, yoldaşım da həkimlik edir. Min şükür, day nə olmalıyam-qazançı Adəmin oğluyam da, milyonçu olmayacam ki-dədəm ömrü boyu on baş külfəti qara motosikletlə dolandırdı, axırda qazancı o oldu ki, bir ayağı çürüdü, kəsdilər. Yadındadır, kənd sovetinin qara siyahısına bir evə dörd baş qoyundan yuxarı düşməmək üçün səhəridiri gözlü taxıl zəmilərində açırdıq. İndi qabağını kəsən var, isəyirsən min baş saxla. Başarana can qurban! – Dostu danışa-danışa hər dəfə sağ əlini onun çiyninə vururdu. “Əşi bunun ürəyi lap doludur ki... Görəsən bunları necə çatdırır.” – Qəşəm sağlamlığına fikir ver, hələ uşaqların balacadır, qaçhaqaç deyil ki, can düşəndə xəbər eləmir. Maşın aldığını da eşitmişəm, Allah xeyir versin... – Maşınsız keçinə bilmirdim, canım haqqı. Çox sağ ol! İndi hər yerə maşınla gedirəm. Nə gizlədim, ən çoxu gecə toydan çıxanda dadıma çatır. Mənimki iri təkərlilərin yanında heç nədir, yenə min şükür, narazı deyiləm. Gərək qapıda hər şey ola, özün bilirsən bura baxmırlar-sağ əlini gicgahına tuşladı-bura baxırlar-həmin əlini sağ cibinə saldı. Onlar artıq danışa-danışa dəmir yol keçidinə çatmışdılar. O dayandı, dostu ilə söhbətdən ürəyində qəribə hisslər baş qaldırmışdı: “Dirilər kimi, dünyasını dəyişənlərın ruhu da yaxınlarını gəzir, burdan qəbiristanlığa yaxındır. Düzdür, beş-on il bundan əvvəl özüm də sıxıntı, çatışmazlıq içində çobalayırdım. Şükür ki nisbətən yüngülləşmişəm, amma çətinliklərim çoxdur, canımız salamat olsun, bir ucdan edərik. Yadıma gəlir, Qəşəm beş il qabaq şeir deyənə acı həsədlə baxırdı. İşə bax ha, indi şənlik məclisləri onsuz ötüşmür. Deməli, çörəyi verən də, alan da Allahdır...” – Səni görəndə, nəsə həmişə rahatlıq tapıram, yaşamağa ümidim artır, ancaq uşaqıq məğrurluğunu saxlamısan. Qayıdan başı bizə dəyərsən, gözləyəcəm, sən mənimçün hər zaman arzuladığım dostsan, – uzun boyunu əyib yanağından öpdü. Sağa burulub relslərin arası ilə yeridi. Dəmir yolundan post götürüləndən çox bədbəxt hadisələr törəmişdi. Deyirlər, hətta bu yaxınlarda rayon mərkəzindən fabrik fəhlələrini gətirən köhnə avtobus düz keçidin üstündə sönür, içəridə olan iyirmi işçi möcüzə nəticəsində sağ qalır. Son bədbəxt hadisə tənzimləyici qatarın minik avtomobilini əzməsi nəticəsində cavan sürücünün ölməsi idi. Dünyasını dəyişən gənc sonbeşik qardaşının qaynı idi, qəfil oğul itkisi gözlənilmədən varlanan atanın belini əymişdı. “Zaman hər yerdə insanları dəyişir, dolanışıq adamları ağıllarına gətirmədiyi yerlərə aparıb çıxarır. Bu kəndin də cavanlarının əksəriyyəti pul qazanmaq üçün xarici şəhərlərə üz tuturdular. Yeniyetmə gənc müstəqil həyata qədəm qoyan təki bahalı maşını, bər-bəzəkli imarəti, güclü sahibkarlıq fəaliyyətini görüb təəccüblənirdi. Sanki kitablar, şeirlər, savadlanmaq haqqında fikirlər toy şənliklərində səslənəndə yada düşürdü. Əvvəllər ya özü, ya da həyat yoldaşı təhsil almış ailələr, əslində övladlarını oxutmaqda çətinlik çəkirdilər. Təhsili olmayan imkanlı ayıq tərpənirdi: uşaqlarını ya pullu məktəblərdə oxutdurur, ya da repetitor-müəllim yanına göndərirdi.” Aşağıda qəbiristan görünürdü, ehtiyatla dəmir yolundan endi. Axır zamanlar ölənlərin sayı artdığından əlavə iki hektara yaxın sahə də dəmir çubuqla çəpərlənmişdi. Giriş qapısından içəri girəndə, alçaq boylu ağzı yaşmaqlı tanımadığı qadın qabağını kəsib əl açdı. Sədəqəni uzatdı, talvarın altında dayanıb ümumi “fatihə” verdi. Onun yaxınları ağız tərəfdə basdırılmışdı. Uzaqda dayanan 13-14 yaşlarında sarıbaş oğlan onu görcək yanına qaçıb dayandı. Əlində balaca kitabça vardı, başı ilə işarə elədi ki, başlasın. Oğlan işini görüb haqqını aldı. Onun nəzərləri heykəli qoyulan məzara dikildiyindən ora yaxınlaşdı. Burada uyuyan, atası ilə əmiuşağı idi. Qəbirüstü abidə isə sonradan götürülmüşdü. Mərhumun iki oğlu xaricdə böyük iş adamları idi, özü iyirmi il olardı dünyadan köçmüşdü. Lakin doqquz uşağı böyük əziyyətlə, zillətlə böyüdən arvadı hələ sağ-salamat yaşayırdı. Xeyir işlərdə məşhur müğənnilərlə qol-boyun olub şəkil çəkdirirdi. Uşaq hafizəsində uzun müddət mağmın kənd naxırçısı kimi qalan heykəlli mərhumla bağlı bir əhvalat düşdü. Deməli, yaz günlərinin birində, səhər çağı uzun çomağına söykənən kənd naxırçısının qəmgin görkəmi ata babasının nəzərindən qaçmadığından ona yaxınlaşır. Səbəbini soruşur, göz yaşlarını saxlaya bilməyən naxırçı: – Tifillərim qırılacaq, məşədi, sənə qurban olum, naxırçılığım əlimdən çıxıb, – zarıya-zarıya onun ayaqlarına düşür. Kəndin sayılıb-seçilən kişisi naxırçını qaldırır, sakitləşdirir. Camaatın yığılmasını gözləyir, sonra amiranə səslə üzünü onlara tutur: – Obalı camaatı, düzdür kəndçiliklə ağır güzəranımızı sürürk, ancaq içimizdə elələri var, bizim verdiyimiz çörək puluna gözünü dikib. Böyük ailə, azyaşlı uşaqların taleyi, sabaha sağ çıxması bizdən asılıdır. Bu fəqirin əlindən başqa iş də gəlmir, ona görə içi mən qarışıq, qaytaraq mal-qaramızı naxıra, – adətən yaz ayları köp halları çox olduğundan əhali heyvanları özü otarmağa üstünlük verirdi. El ağsaqqalının məsləhətindən sonra, hamı bir nəfər kimi göstərişə əməl edir. Beləcə ağır külfət aclıq təhlükəsindən sovuşur. Bu ailənin xaricdə yaşayan iki oğlu böyük sərvətə yiyələnəndən sonra ad-soyadlarını dəyişmişdilər. Lakin, nədənsə, bu ağırlığın yükünü çəkən valideynlərə bugünki nağılvari şəraiti görmək əksər zaman nəsib olmur. İndi içində qəribə hissləri keçirdikcə istər-istəməz kövrəldi. “Kəndlilər canlarının qədrini bilmir, ancaq ümidlərini qara torpağın altına bağlayırlar. O səbəbdən də imkanlı övladları qəbirlərin üstünü düzəldir, böyründə bəzək şeyləri əkirlər.” Kəndə getmək fikrinə düşəndən hisslərin, duyğuların burulğanında idi.Amma yüksəlişdənmi, ya nədəndi, məzarlıqdan çıxınca, bu xatirələr daha onu bir o qədər də çəkmirdi, indi hər şeyi həmin illərin, ərgənlik çağlarının bircə saatına qurban verməyə hazır idi. Gün günorta olduğundan heç kəs gözə dəymirdi.Çox dəyişmişdi uşaqlığının keçdiyi kənd. Kəndarası yolları hündür daş hasarlarla əhatələnmişdi. Bu hasarlar malalanmışdı, bəzi yerlərdə zövqlə, səliqə ilə rənglənmişdi.Orda-burda üçmərtəbəli evlər diqqət çəkirdi.Damların üstü ən müasir rəngli örtüklərlə əvəzlənmişdi. Kəndin içinə, bəzi ara küçələrə, evlərin iri darvazalarına qədər təzə asfalt basılmışdı. Doğulduğu evə gedən yolun yarısı da belə idi. Xaricdə oxuyanda, işi ilə bağlı uzaq səfərlərdə olandaburadakı hava da ona doğma gəlirdi, müqayisə edirdi; uşaqlığının keçdiyi yerlər, palçıq evlər xəyyallarında, arzularında yaşamışdı, onları özündə əks etdirib yaşatmışdı. Bəlkə elə bu səbəbdən insan doğulub-böyüdüyü torpağa nə vaxt ayaq basırsa, özündə olmur, duyğularının axarına düşür. Ata evinin dəmir darvazasının arxası bağlı idi. Qardaşını səsləsə də cavab gəlmədi. Bir az keçmiş qonşu həyətdən qarayanız, çəlimsiz oğlan uşağı qaça-qaça gəldi, gülə-gülə əl verib görüşdü. – İt açıq olduğundan baba qapının dalını vurur, naşı adam girəndə qapmasın. Öz həyətimizdən keçib çağıraram, bu saat, – gəldiyi kimi geri qayıtdı. Həyətdən qoyun sadırının iyi vururdu. Atası qocalsa da, qoyun saxlamağa davam edirdi. Bir az keçmiş qapının arxasından zəhmli “poşolt, köpəyoğlunun iti” səsi gəldi, dalınca bala qapının linki çəkildi: – Bu da, baba, – qaraca irəli çıxıb arıq, üzü tüklü, nimdaş gödəkçə geymiş kişini göstərib duruxdu. – Gəl-gəl, xoş gəlibsən, – kişi əlini ona sarı yellədi, – qapıda dayanma, mənim yanımda cummaz. – İtə tərəf dayandı. – Əcnaf necə baxır, elə bil deyir: yiyə-mənəm, it-sən. Bu, özümüzünküdür, Coni, – it quyruğunu bulaya- bulaya geriyə çəkilib yanı üstə çöməldi. O, əl verib görüşdü, atasının saqqallı üzündən öpdü. – Nə var, nə yox, neyniyirsiz? Saqqalı vaxtlı-vaxtında qırxmadın da... – Gözüm görür ki... Birtəhər dolanırıq, hamı necə, biz də elə. Siz necəsiniz, – danışa-danışa həyətin qabaq hissəsinə yeridilər. Gəlin onu görcək qucağındakı ağlayan qız uşağını yerə qoyub gəldi: – Xoş gəlibsən, qağa, böyük gəlin necədir? – Salamları var, məktəbə görə gələ bilmir, ancaq laleyk idi gəlsin, dilindən düşmürsən. Uşağı yerdən götür, qoyma ağlasın, – dedi. Duruxsa da, özü onu yerdən qaldırdı, yaşlı üzündən öpdü. Kişi : – Gəlsənə çöldə oturaq, hava yaxşıdır, burda stol-stul var, – dedi. Hər ikisi üzüm tənəkinin altında üz-üzə oturdu. Gün düşməsə də bura həmişə bürkü olurdu. Qaraca oğlan yaxınlaşıb: – Gəlinbacı dedi Aykanı versin, yoxsa səni incidər, –uşağı ondan alıb içəri otağa apardı. Kişi bir neçə dəfə udqundu, başını qaldırıb nəzərlərini onda saxladı: – Gec-gec görünürsən, elə mən də... Uzaq vilayətdə işləyəndə tez-tez gəlirdin. Zəmanənin üzü qara olsun, yaxınlıqda yaşasaq da illərlə görüşə bilmirik. Gəlinə uşaqları saxlamaqda kömək edirəm, oğlan nəvəmiz hələ yatır, vaxtına var, çatanda özü duracaq... Sənin balaların necədir, nağayrırlar? – Nə yaxşı vaxtını bilir... İndikilər ağılları kəsdikcə, uzaqlaşır. Deyəsən, böyüdükcə onların üzünə həsrət qalacayıq. Yekənin hələ ki evlənmək fikri yoxdur, evim-pullu işim yoxdur, deyir. İndiki uşaqlar hər kəslə normal dolanır, bircə ata-anaya laqeyddilər. – Səbrli olsan, düzələcək. Sən də hövsələsiz olubsan, bir yerdə qərar tuta bilmirsən... Əvvəlki iş yerin bundan yaxşı idi.Nəyinə gərəkdir, başqaları necə, sən də elə... Heç vaxt dərinə getmə, ataların yaxşı misalı var: “Palaza bürün, elnən sürün”. Həmişə canıyananı vururlar, demişdim axı sənə: “El üçün ağlıyan göz, kor olar”... – Oldu-keçdi, keçmişi tərpətməyək, dədə. İndiki işim də pis deyil. – Təki elə olsun. Ancaq o arvadsifətin oğlundan özünü gözlə... Çoxdanın qurdudur. O gün bazardan qayıdanda az qala məni vuracaqdı, qaracaynan idim, uşaq tanıyıb. Lap təzə bahalı maşın idi, bərk sürürdü... Yəqin gəliri çoxdur? – kişi balaca gözlərini qıydı. – Bilmirəm, ayrı-ayrı sahələrə baxırıq. Onunku özəl sahədi, ticarət-xidmətdi... Nə bilim, Vallah... – Dədəsini hüzürlərdə görürəm, pudralı xanımlar kimi elə özünü dartır. Əyni-başı təmiz, ütülü, ayaqqabıları işıldayır... – Ağıllı atadır, xaricdə olanlara da baş çəkir, hər birinin evi-eşiyi, imkanatı... Uşaqlar da əlbirdilər... Fermaları da var, xeyli mal-qoyun saxlayırlar... – Zibilin zibilidir, mənə tanıtma! Uşaqlığımız bir yerdə keçib, o qədərnə çöldə qoyun döşləri əmib ki... Qındırğa bitdi, qırağını örtdü! Onun ucbatından kənd camaatı payı bəlli torpağına yaxın düşə bilmir. Düz deyirsən, ağıllı olmağına ağıllıdır, öz gücünə oxuyub, qalxıb. Gözüaçıq idi, nəinki öz oğlanlarına, hətta qayınlarına kasıb qızı almadı, varlıya əyildi, tanımadığı-bilmədiyi yerlərə gedib çıxdı. Mənnən çox mal-qoyun saxlayan yoxdur, heç gör arta bilirəm, burda başqa şeylər olmamış deyil. Bazar qabağında durub məxsusi qoyunlarımı sayanların çoxu o dünyadadır, elə bilirlər saxlamaq asandır. Mən indi də yerimdən sübh tezdən qalxıram. Gəlin güllü sinidə bir cüt stəkan- nəlbəki, qənddan, çaynik gətirib mizin üstünə düzdü. – Qağa, hazır günorta var, gətirim yeginən. – Günortamı yeyib gəlmişəm, narahat olma gəlin, işində ol, dədə maraqlı şeylər danışır, – gülə-gülə stəkanlara çay süzdü. – Sənə deyirəm, başqaları ilə nə işim. O gün qonşuya qoşulub təzə məktəbə getmişdik, nəvəsi ilə maraqlanırdı. Hər cürə şəraiti var, səliqəli, təmiz. Bir müəllimin aralı qapıdan səsi koridoru başına götürmüşdü. Boylandıq, lopa bığ, keçmiş aqronom, toyların tamadası, sənin dostun; kitabı sərib qabağına dabanbasma döşəyir, tez-tez də: “Fikrimi tuta bildiiz, uşaqlar?” – deyə soruşur. Maraq üstün gəldi, boylandıq: baxaq görək, içəridə cəmi bir qız uşağı oturub, o da başını əlləri arasına alıb. Ay sənin oyunun olsun, bu da özü üçün məşq edir. Direktorun da yanında olduq, deyir: hər şeyimiz əladır, gəl ki uşaqlarda biliyə həvəs oyada bilmirik. “Həə, indi sonuncu sinifdə kvadrat tənliyini həll edə bilən şagirdi barmaqla göstəririk. O da ola bir, ya da iki uşaq. Dərdimizə baxın, ay ağsaqqallar. Cib telefonu çıxandan bu gündəyik”. Deyirəm, məni çağırın həll edim, o vaxtdan yadımda qalandır, gülür tüllab. Bundan əvvəl, indiki məktəbin yerində Səfərin at tövləsi vardı, partalar da heç düz əməlli-başlı yoxudu. Hamımız orda oxumuşuq, içindən alimi, milyoneri, mənim kimi bisavadı çıxıb.Mahna axtarmağa nə var ki...Cırıq nol on biri vardı tüllabın,indi bahalı “Mersedes” sürür. Məşhur sahibkar hər ay müəllimlərə paketdə pul verir, qış odunu qapısına gəlir, xeyir-şər işlərində başda olur, ancaq çifayda... – Oğlan evdə deyil? – ürəyindən olan söhbət deyildi. – Çörəyini yedi, getdi çölə, bir də axşam gələcək. O da bir az dingildədi, maşın aldım, qoydum altına. Böyük külfətik, maşınsız işimiz aşmır, həm də əziyyəti çoxdur, hər işi gəlinlə ikisi edirlər, mən əl daldası verirəm, daha qabaqkı canım yoxdur... Qalır prava almaq, rayonda adını yazdırıb... Mənim pravam var, amma gözlərimə etibarım yoxdur. Sən o qədərinə yolu piyada gəldin? – Həə, gəzə-gəzə, ordan da türbəyə döndüm, bizimkilərin comasına yasın oxutdurdum. Yaman narahat idim, ana gecələr yuxuma girirdi. – Allah köməyin olsun, savab iş görübsən. Gahda-güzarda mən də gedib baş çəkirəm. Düzü, gedəndə yaman pis oluram, çünki orda da ayrı-seçkilik baş alıb gedir. Mən də deyirəm-danışıram, olmasa, ürəyim partlayar.Ancaq hər adna axşamı yasın oxuduram, özü də Hacı Absəmədə, qalanlarına etibarım yoxdur, hüllükçüdür. Rəhmətklik anan da sağlığında ona oxutdurardı... – Deyirlər, it Əyyubun oğlu türmədən çıxıb. – Həə, bir ay olar. Bilməmiş olmazsan: it Əyyubda altı min pulum batdı. Bu gədənin işində vermişdim. Məhkəmədə ona ölüm kəsmişdilər, sonra pul gücünə on beş ilə saldılar. Mənimlə xalaoğludur, qapıdan keçdi, yıxıldı ayaqlarıma, varımdı, verdim. Sonralar istədim, dedi yoxumdu, gəl öldür. Düşmən oldu, durdu-oturdu qaramca hürdü. Oğlanı bazar qabağında gördüm, hamısını danışdım, başa saldım. – Fikrim var ona baş çəkim. Bir sinifdə oxumuşuq. – Bekara yerə əziyyət çəkmə, it Əyyub onu da qaçaq saldı. Buraxılan gündən gününü göy əskiyə tutmuşdu: indi ki çöldəsən, qazan, mənim borclarımı qaytar. Babal qaçdı Rusiyətə... Ağır işə-zada özünü vermədi, yedi-yatdı, qocalığı daməsciddə keçir kaftarın... Danışmaram. Məscidə getmədiyimi, namaz qılmadığımı, ehsanatlardan yemədiyimi özlərinə dərd edib bir para qurumsaq... – Kişi arıq əlləri ilə tüklü üzünü qaşıdı. – İndi neyləmək istəyirsən, gedəcək başqa yerinmi var? – Yoox, ürəyim uçunmuşdu, kəndi gördüm, sizi gördüm, sakitləşdim. Burdan durub geri qayıdacam. Baxanda uzaqda yaşamırıq, di gəl vaxt tapa bilmirik. Bir saat da olsa, birlikdə olmaq başqa şeydir. Niyə biz beləyik, dədə? Həştaddan yuxarı yaşın var, dünyanın hər üzünü görübsən? – Darıxan adamlar sənin kimi olur. Hissiyatlısan, hər şeyi ürəyinə salırsan. Elə bilirsən hamı sənin kimidir? Yoox, – özü də cavab verdi, – əhlikef adamlar çoxdur, adı nisyə dəftərindən çıxmayan, mal-qoyun saxlamağa lodanı olmayan, xalqın balalarına dərs deməyə can çəkənlər, haram yeyənlər... Kimlər, kimlər...Onlar çoxdur, lap çoxdur, balaca kəndi başına götürüb... Halallar azdır, lap azdır, onlar təklənib, sıxılır, boğulur...İndi sənə bir el məsəli danışacam. Bir dəfə padşaha gəlib deyirlər ki, bir yağış yağacaq, o yağışdan kimin üstünə düşsə, o adam dəli olacaq. Padşah vəzirə qayıdır: bu ərəfədə saraydan çıxmayaq ki, qəfil yağışa tuş gəlməyək. Bir gün bu yağış yağır, padşahla vəzirdən başqa hamı dəli olur. Tədbirli vəzir bayıra çıxmasa da, bu yağışdan bir vedrə götürtdürüb saxlayır. Dəli olan camaat qalxır ayağa, üsyan edir ki, bu nə padşahdır, bu, bizə oxşamır, dəlidir, bunu devirmək lazımdır. Vəziyyəti görən vəzir saxlatdırdığı sudan tez götürüb padşahla öz üstünə çiləyir, bunlar da olurlar həmin camaat kimi. Camaat da dərhal fikirlərini dəyişib padşahı devirmirlər, deyirlər səhv etmişik, səndən yaxşısı yoxdur... Səni çox yordum, ancaq məni başa düşməlisən. – Məşhur boksçu-onu sən də tanıyırsan-çox gözəl deyib: "Sən qalxanda dostlar bilir ki, kimsən, sən düşəndə isə bilirsən ki, dostlar kimdir". Həyat davam edir, yaşayırıq, yaşayaraq öyrənirik, tanıyırıq. Əsas odur ki, kiminsə yanında başıaşağı, gözükölgəli deyiləm. Heç kimə də ehtiyacım yoxdur. Ruzimiz İlahidəndi. –Minbərə çıxıb xalqın başa düşmədiyi bir dildə xütbə oxuyan xətibi anlaya bilmirəm.Vəfa və etibar: təəssüf ki, it və at bunu insanlardan daha gözəl anlayırlar,–atasının gərginləşmiş sifəti doğmalaşır, oradakı ifadələr də aydınca oxunurdu.– Deməyim odu, heç nəyi özünə dərd eləmə. Mənim ömrümə çox qalmayıb, –sozalmış gözləri gülümsəyirdi. – Heç biriniz əziyyətə düşməzsiniz, dəfnimin pulu evdədir, mənim kimi adam tədbirli olmalıdır. Deyəsən, bunu sən də gözləmirdin. Böyük qardaşım da ölümünü bilirdi, düzdü Quran oxuyan idi. Həmin günü məni uzağa qoymadı, yanında oturtdu, “qorxma haa, yarım saata tapşıracam”,– dedi. Mənim vaxtıma bir həftə qalır, səhv etmərəm, inşallah. Gedək səni ötürüm,– hər ikisi ayağa durdu. Kişi dəmir darvazaya çatanda dayanıb heysiz əlini yana açdı: –Pis odur ki, bura yas çadırı üçün yaramır. Sadır iyinə camaat oturmasın, onu da söz edərlər. Sən ağlı kəsənsən, başqa yer seçərsiz. Özün də, bu neçə günü mənə tez-tez baş çəkərsən. İndi get, hamıya salamlarımı yetir, nə qədər yaxın olsaq da, bir o qədər uzağıq. Çalış evdəkiləri narahar eləmə, bunlar da bir şey hiss etmirlər. Taqətdən düşmüş təkin, sanki gücünü-qüvvəsini almışdılar. Beyni dolu idi, konkret bir şey fikirləşə bilmirdi. Böyük marketin qabağından keçəndə oturanların nəzərini çəkmədi. Sağa burulub asfalt yola çıxdı, indi ürəyindən keçdi ki, görəsən, ona, ölümünü əmisi və atası kimi qabaqcadan hiss etmək nəsib olacaqmı?! Avanqard.net
|