Əlisəmid Kür: "Elə bilərlər qumar oynayıb ev-zad yıxmışıq"
29.01.13
-
Əlisəmid, redaksiyamıza xoş gəlmisən. Qoy, elə, əvvəlcə iş-gücdən başlayaq,
neçə ildir işsizsən?
- Dəvətə görə çox sağ olun! Mən,
demək olar ki, 1993-cü ildən işsizəm.
- Sonuncu dəfə harda
işləmisən?
- Sənin də bildiyin kimi sonuncu
dəfə “Yol” ədəbiyyat qəzetinin baş redaktoru olmuşam. Publika üçün demək
istərdim ki, “Yol” ədəbiyyat qəzeti Ədəbi Tərcümə Mərkəzinin mətbu orqanı olub.
Mənə qədər qəzetə tanınmış tənqidçimiz Məti Osmanoğlu başçılıq edirdi.
- “Yol” qəzetindən ötrü
darıxırsan? Yəni o tipli yeni bir qəzet buraxmaq istərdinmi?
- “Yol” qəzeti üçün elə də darıxmıram,
çünki orda kifayət qədər ürəyimizi boşaltdıq, ancaq bu gün belə bir qəzeti
mənim öhdəmə versəydilər, məmnuniyyətlə yeni formatda, yeni estetikada gözəl
bir qəzet buraxardım. “Yol” qəzetindən sonra ən çox bəyəndiyim ədəbi qəzet
sizin dərc elədiyiniz “Proloq” qəzeti oldu. Qəzet ədəbiyyat fədaisi, əziz
dostumuz Tahir Kazımlının şəxsi təşəbbüsü və maddi dəstəyi ilə çıxırdı. Çox
heyflər olsun ki, o qəzetin də ömrü çox uzun olmadı. Ancaq çox istərdim,
ədəbiyyatımızın gəlişməsi, yeni ədəbi qüvvələrin ortaya çıxması üçün belə
qəzetlərin sayı və ömrü uzun olsun.
- Bəs necə dolanırsan?
Yaxşı, bilirəm necə dolanırsan, sadəcə, publika üçün soruşuram.
- Şəxsi dostlarımın maddi
dəstəyindən asılıyam. Belə baxanda, xətrimi istəyən dostlar çoxdur.
Yaşayışımdan narazı deyiləm.
- Biz neçə illərin
dostuyuq, ona görə sənin ailə tarixçəni çox yaxşı bilirəm. Hazırda yaşadığın
sənin 3-cü ailəndir. Sonuncu həyat yoldaşından bir qızın var. Mənə həmişə
deyirsən bu uşaq nəvəm yerindədi. Ən kiçik qızınla necə davranırsan,
ata-bala kimi, yoxsa nəvə-baba kimi?
- Bu balaca qızımla mənim
hisslərim bir-birinə qarışıb, onu gah qızım, gah da nəvəm kimi əzizləyirəm.
Şəklini sənə göstərmişəm, heyrətamiz dərəcədə o biri qadından olan böyük
bacısına bənzəyir.
- Ata bir, ana ayrı
uşaqların bir-birilərinə necədirlər, mehriban davranırlarmı?
- Mən fürsət düşdükcə
övladlarımla tez-tez görüşürəm, onları bir-birilə görüşdürməyə çalışıram. Onlar
öz aralarında həmişə mehriban və doğma kimi davranıblar.
- Oğlun Qorqud indiki
balaca bacısını çoxmu istəyir?
- Hə, əlbəttə! Qorqud bizə
gələndə saatlarla balaca bacısı ilə oynayır.
- Nə yazırsan indi?
- Silsilə yazılarım var, onun
üstündə işləyirəm.
- Bir dəfə demişdin,
dəlixana haqda dram yazmısan. Niyə üzə çıxarmırsan?
- Gülmək üçün sənə bir söhbət
eləyim, bu yaxınlarda Oskara təqdim olunan filmlərdən birinin adı “Sevgilim
dəlidir” idi. Yəqin başa düşdün söhbət nədən gedir. Belə plagiatlıq eləyib pyes
yazmağa nə var? Bizdə bu adda yazılmış çox bədii əsərlər var. Mən isə
bacardıqca yazdıqlarımın sanbalına fikir verən adamam. Yazdığım pyesi oxuyub
rəy bildirməsi üçün zövqünə hörmət elədiyim bir neçə adama vermişəm. Hamısı da
yüksək fikir söyləyib. Orada söhbət insanın altıncı hissinin təlatümlərindən
gedir. Hələlik o hissi ürəyimcə tapıb verə bilmədiyim üçün pyesi tamamlaya
bilməmişəm.
- Yaradıcılıqla ardıcıl
şəkildə məşğul ola bilirsənmi?
- Mən hər zaman, hətta bu dəqiqə
də yaradıcılıqla məşğulam.
- Ən çox hansı ilə
məşğulsan, arağı çox içirsən, yoxsa şeiri çox yazırsan?
- Arağı hamımız içirik dəə! Araq
həm də yaradıcılığın yorğunluğunu götürmək üçündü.
- Razıyam, araq həm də
dostları baş-başa yığmaq üçün bir vasitədi.
- Bizdə bəzən yazarı pisləmək
üçün deyirlər, filankəs içəndir.
- Sovet dövründə
işsizləri, tüfeyliləri qınağa çəkmək üçün onlara əyyaş damğası vururdular...
- İçməkdən, öz həyatımı olduğu
kimi yazmaqdan heç vaxt çəkinməmişəm. Mənim belə bir şeirim var:
Hamı iftar açır günah içində
Alqışla hamını, alqışla allah.
Sənin sağlığına içmişəm, allah
Bağışla sən allah, bağışla allah.
- Stalin dövründə
yazıçını cəzalandırmaq üçün birinci tənqidçiləri işə salırdılar. Tənqidçilər
yazarı “yıxıb-sürüyəndən” sonra onun “leşini” necə istəyirdilər elə də
cəzalandırırdılar. Bizim indiki yaşlı nəslin canında bu xof indi də
qalır. Çoxları hələ də elə bilir tənqid olunan kimi sürgünə göndəriləcək, yaxud
güllələnəcək.
-
Mən “Yol” qəzetinin baş redaktoru olanda sevimli şairimiz Musa Yaqub
redaksiyamıza gəlmişdi. Bilirsən ki, mən redaksiya mühitində azadlıq yaratmış adamlardan olmuşam.
İllərlə çap olunmayan, Mehdi Hüseynin tanıdığı ədəbiyyat müəllimi, zəif şeirlər
müəllifi salyanlı Cəfər Mehdinin oğluyam. Allah şans yaratdı, redaktor oldum.
Redaktorluğum sizin gözünüzün qabağında olub. Heç vaxt özümü baş redaktor kimi
aparmamışam. Musa Yaqubu qarşıladım, görüşdük, redaksiyaya gətirdik.
Qəzetimizdə çap olunmaq üçün şeirlərini gətirmişdi. Yadındadımı, redaksiyadakı
azadlıq ab-havasından ilhamlanan Musa Yaqub məndən soruşdu ki, burda sizinlə
içmək olarmı? Mən də dedim, olar nədi, mütləq lazımdı! Balaca dar otaqda
yeyib-içdik. 1992-ci il idi, Musa Yaqubun dediyi söz indiyə kimi də yadımdadır.
“Ömrüm boyu istəmişəm, bir ədəbi qəzetimiz ola, oturub baş redaktorun otağında
yeyib-içək. Əli Kərimdən üzü bəri, “vurmağa” getmək üçün bir-birimizi
him-cimlə, göz vurmaqla çağırmışıq. Bir-birimizlə pısın-pısın, xısın-xısın
danışıb “Cənub”un altında oturmağa qaçmışıq.” Bundan gözəl heç nə yoxdur. Mən
bunun təməlini qoyanlardan olmuşam.
- İndiki ədəbi vəziyyəti necə qiymətləndirərdin?
-
Ədəbiyyatımız indi xaos içində olduğuna görə çox narahatam. Görürsən, çox
vaxt ədəbi məclislərdə əsl yazıçılar bir kənarda qalır, ancaq ədəbiyyata dəxli
olmayanlar yuxarı başa keçib. Belələrinə demək istəyirəm, a kişi, bu meydan o
meydandan deyil! Meydanları səhv salma! Bu cameədə qabağa çıxmaq sənin işin
deyil. Mən bunlarla mübarizə aparan adamam, sözümü də üzlərinə dediyim üçün pis
olmuşam. Bu yaxınlarda Azərbaycanın Xalq Yazıçısından müsahibə alırlar və
Folknerə, Heminqueyə verilən sualları ona verirlər. O da bu suallara bəh-bəhlə
cavab verir. Yazığın xəbəri yoxdur ki, bu suallar 50 il əvvəl Folknerə verilib.
- Sən 70-ci illərdən bu tərəfə çap olunmusan. Ancaq 80-ci il ədəbi
nəslinə mənsub hesab olunursan. Çox adam 80-ci illər nəslini – Əlisəmid
Kür, Tofiq Qaraqaya, Adil Mirseyid, Adil Şirin, Zahid Sarıtorpaq, Şaiq Vəlini
itirilmiş, unudulmuş nəsil hesab edir.
-
Yazıçılar Birliyinin növbədən kənar plenumu keçirilirdi. Elçin Əfəndiyev orda
çıxış etmişdi. O vaxt mənim dörd şair - Nizami Aydın, Xanəmir, Mətləb Ağa və
Dəyanət Osmanlı haqda “İlham” qəzetində “Kompas: uğurlu yol” adlı yazım
çıxmışdı. Ondan bir ay sonra “itirilmiş nəslin” söhbəti plenumda müzakirəyə
çıxarıldı. “İtirilmiş nəsil” söhbətini ilk dəfə Elçin Əfəndiyev qaldırıb. Onun
söhbəti təxminən belə qurtarırdı: “Arada bir nəsil itib. İndi Əlisəmid Kür
cavan nəsli təqdim edir”. Plenumdan sonra Elçin müəllim mənə dedi ki, Əlisəmid,
adını çəkdim haa! Guya onun bu jesti məndən ötəri böyük bir şey idi.
- Bu ifadə ilə razısanmı? Məsələn, Zahid Sarıtorpağı, Adil Mirseyidi,
Vəli Xıramçaylını, Şaiq Vəlini, Saday Budaqlını itmiş ədəbiyyat hesab eləmək
olarmı?
-
İndi yaxşı-pis yazıdan söhbət getmir. Yazın varsa çap oluna bilərsən. O vaxt
ümumiyyətlə, çap olunmaq problemi var idi. İndi çap olunmaq problemi yoxdur,
ancaq yaxşı yazı yoxdur. Bu nəslin yazıları vardı, ancaq çap oluna bilmirdilər.
- Anar Yazıçılar Birliyinin sədri olandan sən ona qarşı hücum
kampaniyalarında iştirak etməmisən və hər zaman kənarda durmusan. Anar
müəllimin adına hörmətlə yanaşmısan. Bir dəfə də mənə demisən o adama qarşı ona
görə getmirəm ki, üç nöqtə...
-
İcazə ver o üç nöqtəyə aydınlıq gətirim. Mən Anar müəllimi şəxsiyyət kimi
də, yazıçı kimi də çox istəyən insanlardanam. Anar müəllim “Qobustan” jurnalını
buraxmış, o yazıları yazmış yazıçımızdır. Mən istəyərdim ki, o, beş il də
işləyib, sonra getsin. Yazıçılar Birliyi ilə ən yaxşı bacaranı odur. Allaha and
olsun, Anar olmasa o idarə bir hala düşər ki! 1850 nəfər üzvü olan təşkilatı
idarə etmək asan deyil.
- Öz aramızdı, Birliyin 1850 üzvünün olması Anarın şəxsi günahıdı.
Bu kişi Yazıçılar Birliyini kolxoza döndərib, lakin sən ona həmişə loyal
münasibət bəsləmisən. Ancaq mənə bəzi söhbətlər elədiyinə görə səni yaxşı başa
düşürəm. Kişi gərək yaxşılıqları da unutmasın...
-
İki dəfə Ukraynanın Xarkov şəhərində adam soymaq maddəsilə həbs olunmuşam. O
vaxtlar təzə-təzə çap olunurdum. Türmədə olanda Anar müəllim mənə qayğı
göstərib. Xəlil Rza mənə göndərdiyi məktubda “Azərbaycanın Xalq Şairi Əlisəmidə
Azərbaycanın Xalq Şairi Xəlil Rzadan” yazmışdı. Onda heç Xəlil Rzanın özü Xalq
Şairi adı almamışdı. Bu mənə qarşı böyük jest idi. Aləm bir-birinə dəymişdi.
Orda bilirdilər ki, mən yazaram. Yazılarım çap olunan materialları
gətizdirmişdim. “Yol” qəzetini Anar müəllimin xeyir-duasıyla çıxarmışam. İkinci
dəfə türməyə düşəndə mənə dedilər ki, sənin şeirlərin “Min beş yüz ilin oğuz
şeiri” kitabına düşüb, bu jesti də mənə Anar eləmişdi. Hər halda mənəvi bir
dayaq idi.
- Bilirsən, düzdü, bu söhbətlər artıq bizim üçün öz qüvvəsini itirib,
lakin, Yazıçılar Birliyində istedadsız adamı qabardıb önə çəkəndə, ona yersiz
qayğı göstərəndə bəzi sadəlövh gənclər hətta yaradıcılıqdan perikirlər...
- “Yol” qəzetinin baş redaktoru
olanda Novruz bayramı axşamı Yusif Səmədoğlunun yanına getdim. Yazıçılar
Birliyinin aşağısında iki mənzil boşalmışdı. Dedim ki, Yusif müəllim,
bilirsinizmi, xalq Səməd Vurğunu nəyə görə çox istəyir? Dedi, nə olub? Dedim,
aşağıda bir neçə otaqlıq mənzil boşalıb, çağırın, Əhməd Oğuzu, kirayələrdə
qalan şairdi, açarı verin ona, bayram günü onu sevindirin. Yusif müəllim Çingiz
Abdullayevi yanına çağırtdırdı. Çingizdən soruşdu ki, açar kimdədir. Çingiz cavab verdi ki,
açar məndədir. Dedi, açarı ver bu adama! Çingiz müəllim açarı
verənə kimi bizi boğaza yığdı, Əhməd Oğuz də bezib o evə köçməkdən imtina etdi.
Nə isə. Səməd Vurğun təkcə şair yox, həm də el adamı idi. Xeyirxah insanlar vəzifədə
olanda çox yaxşılıq edirlər. İndi ədəbiyyat çətin bir ilğımın içərisindədir.
Plagiatlıq baş alıb gedir.
- İndiki nəsil rus dilini bilmir deyə türk poeziyasını yolub tökürlər.
-
Bir vaxtlar Milli Məclisdə İsmayıl Şıxlı Məmməd İsmayılın “Kimi aldadırsan, a
zalımoğlu?” şeirindən sitat gətirmişdi. Yadıma o düşdü, indi demək istəyirəm,
kimi aldadırsınız? Adlarını da çəkmək olmur, o qədərdirlər ki! İstedadlı
uşaqlar var. Lap yeniyetmələrdən Aqşin Yeniseydi, Qismətdi, Mövluddu...
Ümumiyyətlə, belə baxanda ədəbiyyat həm də tale məsələsidir. İndi hamı bu
meydanda at oynamaq istəyir. O vaxt Nemət Pənahlının şeirlər kitabı çıxmışdı.
Sabir Sarvan onun kitabı haqqında yaxşı yazı yazmışdı. Yazmışdı ki, “Bu meydan
o meydan deyil”. Yazı heç Nemətin qəlbinə də dəyməmişdi.
- Öz aramızdı, bir vaxtlar Əjdər Olun sənin haqda yazdığı yazıdan möhkəm
incimişdin. Yadındamı, mən sənə dedim, Səmid, inciməyin yeri yoxdu, kişi əla
portret yaradıb...
-
Ümumi götürəndə pis yazı deyildi, səmimi yazı idi. Əjdər Ol bizim maraqlı
yazıçılarımızdandır. İşlənilməmiş mövzunu hamıdan qabaq götürüb, birinci özü
işlədi. Ancaq incikliyim orda idi ki, mənim haqqımda yazdığı portret yox,
karikatura idi. Rafiq Tağı haqda yazdığı da yarı karikatura, yarı portret idi.
Rafiq haqda yazdığı yazıda belə bir yer vardı: “Əlisəmid Rafiqin qabağını kəsib
deyir ki, a kişi, burnunu haralara soxursan? Səni vurub öldürəcəklər!” İnanın
ki, mən o sözləri Rafiqə bir neçə il əvvəl öldürüldüyü yerdə demişdim.
- Səmid, yadındamı, biz Tərcümə Mərkəzində işləyəndə həmişə maaşdan
sonra yığılıb qumar oynayırdıq?
-
Hə, o çox xoş günlər idi. Ancaq indi mən qumardan danışmaq istəməzdim. Çünki
oxuyanlar düzgün anlamaya bilər. Elə bilərlər biz də ciddi qumar oynayıb ev-zad
yıxmışıq. Halbuki, özün bilirsən, yığışıb dilxoşluq eləyir, yeyib-içmək pulu
uğrunda “mübarizə” aparırdıq.
- Mənim üçün çox maraqlıdı, sən qumarı yaxşı oynayırdın, ancaq nədənsə,
həmişə yalnız mənimlə əlbir olurdun...
-
Düzdü, həə! Mən həmişə səninlə əlbir olurdum, özü də sən qumarı o qədər də
yaxşı oynamırsan, çox vaxt pulları sənin ucbatından uduzurduq, sonra mən səni
kənara çıxarıb təkcə oynayaraq uduzduğumuz pulları geri qaytarırdım. Mən həmişə
sənin təmiz qəlbinə görə səninlə əlbir olmuşam. İkimizin də pula münasibətimiz
eynidi, həm də ona görə birgə oynayırdıq...
- Maraqlı söhbətə görə çox sağ ol!
-
Məni və bizim ədəbi nəsli yad etdiyinizə görə hamınıza minnətdaram! /kulis.az/
|