Aytən Nəsibbəyli - Şeir
29.01.13
Öldürməyən dərd iflic edir.
Qulaq as
ruhunda gedən qırılmaların səsinə.
Bu, Mozart bəstəsi deyil əlbət.
Nə də sən səbirli dinləyici.
Qulağı əllərində.
Düşün,
son dəfə hansı səslə rəqs etmisən?
Sükutdan qeyri
nə pıçıldayıb qulağına
sevgilər?
Ən böyük üsyanlar
sükutdan doğar elə.
Siqaret tüstüsünə qarışar
yalnızlığın qoxusu.
Neçə küləkli gün
sərsən havaya
çıxmaz qoxusu bu candan
ölümlə yumadıqca.
O da gəlməz qapına.
Yaman nazlı çıxdı sevgili.
Yaman şıltaq.
Dərd bitdi qapımızda
Ota nə hacət?
|