Əkrəm Əylislidən sensasion roman
28.01.13
Yazıçının “Drujba narodov” jurnalında dərc olunan “Kamennıye snı” romanında ermənilər azərbaycanlılardan üstün xalq kimi göstərilib.
Azərbaycanın görkəmli yazışısı Əkrəm Əylislinin bu yaxınlarda Rusiyanın məşhur ədəbiyyat dərgisi olan “Drujba narodov”da yeni romanı dərc olunub. Yazıçının “Daş yuxular” romanında sensasion məqamlar yer alıb. Belə ki, əsərdə azərbaycanlılarla ermənilərin münasibətlərindən bəhs olunub. Jurnal əsəri azərbaycanlı yazıçının cəsarətli addımı kimi qiymətləndirib. Romanda azərbaycanlılar aşağılanır, ermənilər isə müdrik xalq kimi göstərilir. İki xalqın münasibətləri dialoq şəklində təqdim olunur. Rus dilində nəşr olunan bu romanın Ermənistanda böyük maraqla qarşılandığı bildirilir. Roman haqqında daha geniş məlumatı hazırlayıb təqdim edəcəyik.
Bu arada “Qafqazinfo”məsələ ilə bağlı yazıçı Ə.Əkrəm Əylislinin də münasibətini öyrənib. Yazıçı bildirib ki, əsəri rus dilinə özü tərcümə edib, lakin “Drujba narodov”da çap olunduqdan sonradan roman üzərində bəzi dəyişiliklər edilib və həmin versiya hələ işıq üzü görməyib.
Ə.Əylisli əsərə münasibət bildirərək deyib ki, qəhrəmanın dili ilə deyilənləri yazıçının ayağına yazmaq olmaz: “Əsərdə Azərbaycan xalqının ləyaqətini bir zərrə qədər də alçalda bilən söz yoxdur. Bu, bədii əsərdir, hər bir oxucu özü bildiyi kimi qavrayır. Mənim 75 yaşım var, xalqın əleyhinə yaza bilmərəm. Yazıçı Çingiz Hüseynov əsəri oxuyub və “Zerkalo” qəzetinə müsahibəsində onu estetik şedevr adlandırmışdı. Bir şey demək istəyirəm, qafqaz xalqları bir-birinə düşmən olmamalıdır, körpüləri yandırmaq olmaz. Yazıçı bildirib ki, əsəri oxuyanların təsəvvürlərində birtərəfli münasibətlər yarana bilər. Təbii ki, mövzu elə yazılıb ki, cəmiyyətdə maraq doğurmaya bilməz. Mən istəməzdim ki, əsəri oxumadan insanlar mülahizələr yürütsünlər və məni nədəsə ittiham etsinlər. Yeganə istəyim məsələyə obyektiv yanaşılmasıdır. Mənim üçün Azərbaycan xalqının ləyaqəti hər şeydən üstündür. Sadəcə bu əsəri düşmənçiliyin aradan götürülməsinə bir səy kimi qiymətləndirmək olar. Azərbaycan xalqı humanist, vicdanlı , bəşəri dəyərlərlə yaşayan bir xalqdır”./Qafqazinfo/
|