Fərid Hüseyn - Tək qalmış əlin səsi
28.01.13
Məni öldürsən qanlı köynəyimi
verəcəyin adam yoxdu, qatil xanım.
mən ölməkdən yox, köynəyimin yiyəsiz
qalmasından qorxuram.
məndən səndə heç nə qalmayıb,
verdiyim qabırğanı da çıxartdırmısan.
indi sən özgürsən,
amma yerim görünür
canında
Yolçu yolun sonuna varamaq ümidilə gedər,
nəyi varsa satar,
amma pulu çatmaz yolun sonu almağa
heç nə deməz, dinməzcə küsər dünyadan
yaş artıqca adamı ovundurmur heç nə,
dünya sevgi bəhanələrini yığışdırır
hərdən anamın səsindən özgə heç nəyin
qalmadığını duyuram
Quşlara yem səpirəm,
kiminsə ümid yeri olmaqdı arzum.
sənin bircə günahın hamını sevib
heç kəsi öldürməməyindi, "qatil" xanım.
|