Saday Şəkərli - Şeirlər
26.01.13
Var mənim
Bu gecə güzgütək təmizdi ürək, min-min açılmayan sirrim var mənim... Ulduzlu göyləri geydim əynimə - üstümdə nə qədər zərim var mənim. Tanı Ulu Tanrı səsimi - mənəm yaralı könüllər nəsibi mənəm... Hələb meydanında NƏSİMİ mənəm, əcəb soyulmalı dərim var mənim! Nə fərqi şairəm, nökərəm, xanam hazıram cəhənnəm odunda yanam... Bəlkə yer üzündə ilk müsəlmanam allahım, quranım, pirim var mənim. Görmüşəm rəngimi sözün qanında, qorxum yox məhşərdə, haqq divanında... Suyun yaddaşında, daşın canında danışan, daşınan şerim var mənim. Bu Qoca, yorulmuş qocanı neynər, yolları bitəndə izləri göynər... İlahi, nə yaxşı ucadır göylər, hələ boy atmağa yerim var mənim...
Bu gün 70 yaşında qürbətdə ömür sürən ustad şair qardaşım Məmməd İsmayılın Fase-də şeiriylə üz-üzə gəldim. 30 il öncə mən qürbətdəydim, Məmməd əmi mənə "Hələ yaşamağa dəyər" şeirlər kitabını göndərmişdi. Həmən kitabla qucaqlaşıb ağlaşdığımız günlər yadıma düşdü. Çoxdan başımda yuva salmış bu şeiri ilk dəfədir paylaşıram ki, vətənində qərib olanlarla Məmməd əmi təskinlik tapsın...
De nədir mükəmməl, hansıdır o kəm, Sulanmış gözləri cücərdən LƏKəm... Mən boyda tənhasan, Sən boyda təkəm Allahım, bu qərib O qərib deyil. O qərib, bir "qərib" sözündə yoxdu, Yanıb alovunda,.. közündə,.. yoxdu... Özündə gizlənib - özündə yoxdu, Allahım, bu qərib O qərib deyil. Sordunmu bu qərib nədən ağladı, Yas qurub Gələnə Gedən, ağladı... Elə Vətən deyib, Vətən... ağladı, Allahım, bu qərib O qərib deyil. Yüz yol YER altına girib, qayıtdım, Gedib o dünyanı görüb, qayıtdım... Mən qərib getmişdim, qərib qayıtdım, Allahım, bu qərib O qərib deyil. Dünyamız quyutək yaman dərindi, Havası sərxoşdu, suyu sərindi... Allahım, bu qərib Sənin birindi, Allahım, bu qərib O qərib deyil?...
Avanqard.net
|