Fərid Hüseyn - Bizi həmcinsbaz kimi qələmə verəcəkdilər
25.01.13
Həbsxana xatirələri
İndiki kimi yadımdadı. 28 iyun idi. Gecə saat 22:00 da şam namazı qılırdıq. Nəzarətçi gəlib dedi: “namazınızı qılın, bir azdan sizi aparacaqlar”. Qəribə və dolaşıq bir hiss vardı içimizdə. Nə vaxt bizi ailəmizlə telefonla danışmağa aparırdılarsa, ya da müstəntiqlər çağırırdılarsa son dərəcədə sadəlövhlüklə inanırdıq ki, yəqin bizi azad edəcəklər. Amma heç vaxt belə olmurdu.
Gözlərimizi bağlayıb başqa bir otağa apardılar bizi. Həmin otağa “çöl paltarı”mızı gətirdilər, geyindik. Sonra maşına oturdub gözümüzü bağladılar və uzaqlaşdığımız yerdən bir xeyli keçəndən sonra açdılar ki, şəhəri görək. Şəhərin işıqlarını, ağacları insanları gördükcə məndə belə bir fikir baş qaldırdırdı: elə bilirdim ki, hamı azaddır, bu dünyada ikicə adam zindan çəkir: mən və Şəhriyar. O işıqların hansı qaranlıqla və ya hansı naməlum işıqla bitəcəyi isə bizimçün müəmma idi.
“Azərbaycan” otelinə gəldik. 428 nömrəli otağa qalxdıq. Girən kimi kameraları görüb anladım ki, çəkiliş olacaq. İki saat çəkiliş qrupunun gəlməsini gözləyəndən sonra Şəhriyarı danışdırmağa başladılar. Məni isə 4-5 metr aralıdakı otağa aparmışdılar ki, onun nə danışdığını eşitməyim. Şəhriyarın səsi az-maz eşidilirdi. Onu bir neçə müstəntiq sözlə məcbur edirdi ki, bu cümləni desin: “Mən bilərəkdən mücəvviz kağızı almamışam, xilafkaram”. Şəhriyarsa onlarla razılaşmır, əvəzindəsə deyirdi: “Mən deyəcəm ki, bilmədən icazə kağızı almamışam, görüşdüyüm şairlərinsə dövlətə müxalif olduğunu bilmirdim. Belə deyəcəyəm, istəsəniz montajda “bilmədim” sözünü kəsərsiz”. Axşam saat 02:00 da məni kameraya çəkməyə başladılar. Bir az yorulmuşdular deyə, az sorğu-sual etdilər. Çoxlarının “yotube”da baxdığı videodan da göründüyü kimi deyirdim: mən bilməmişəm icazə kağızı almaq lazımdır. Bizim – hələ ağzından süd dadı gedib dünya dadı gəlməyən iki insanın bircə “bilmədim” sözünü müdafiə etməkdən ötrü keçirdiyi stressi bilmək üçün ya bu yazını oxumalısınız, ya da orda olmaq lazımdı.
O müdhiş gecəni düşünəndə qatı toz-duman içində görünən zülm bütün ağırlığı ilə canıma həlim-həlim yayılır və az qalıram, dəli olam.
Bizi kameraya çəkən “Press TV” kanalının işçilərindən başqa foto-müxbirlər də vardı. Onlardan biri namərdlik etmək fikrinə düşmüşdü. Deməli, çəkilişdən sonra bizi otağa keçirdilər, tək çarpayı olduğuna görə Şəhriyarla yan-yana uzanmışdıq, gecə saat 03:50 idi. Qapının ağzında nəsə danışırdılar. Şəhriyarsa az-maz farsca bildiyinə görə söhbətin mətləbini kəsdirən kimi yerindən qalxdı. Foto-müxbir danışırmış ki, gəl onların bir çarpayıda şəklini çəkək, bəd ayaqda həmcinsbaz kimi qəzetlərə verərik. Şəhriyar onların söhbətini eşitcək kimi ayağa qalxıb oturdu, foto-müxbir içəri girəndə mən də yerimdən qalxdım, sonra onun yanında dayanmış adam dedi ki, eləmə, lazım deyil /qafqazinfo.az/.
|