Günel Eyvazlı - Bakının mənzərəsi
24.01.13
Şəhər
İyirmi Yanvar küçəsi,
Tələbə axını.
Metroya çatana qədər,
Əl açıb dilənçilər,
Xeyir-dua vermirlər.
Bu şəhərdə müasir görünmək
Çox asandır:
Cırıq şalvar, ədalı baxış,
Kəkilli saç və qulaqcıq.
Əsl şəhər adamısan.
Hələ ora bax,
Tozun, torpağın içində
Siqaretin, maşınların
tüstüsündə,
Dönər satır. Ölüm satır.
Hamı alır.
Vaqonun bir küncünə qısılıram,
Nəzərlərdə böyüməkçün,
Daha düzü gizlənməkçün
İnsanlardan.
Qarşımda iki sevgili,
Birinin soyuq əlləri, digərinin
saçındadır.
O saçların, saçlar onun
yadındadır.
Mən üzümü çevirirəm manitora,
Reklam, reklam,
Bu səs, bu küy,
Dəli eləyər adamı.
Durun saxlayın zamanı
Qayıdıram.
Kiçik, sakit məhləmizə,
Binamızın arxasında qır
yığmağa,
Qara qırı qoxlamağa.
Yadımdadır,
Dizimi qanatmışdım,
Anam eşitsin deyə,
Mən ucadan ağlamışdım.
Böyümək arzulamışdım...
Ədalət
Qartal dimdiyində aprırdı
Dovşanı.
Balaları ağızlarını açıb
civildəşirdilər.
Qayğıkeş ana,
Dovşanı parçalayıb,hərəsinin
ağzına,
Bir tikə qoydu.
Kiçik qartal balaları yeyib
doydu.
Meşənin içində iki dovşan
balası,
Gözünü zilləyib göyə,
Anaların gözləyirlər.
Hər ikisi yaman acdır.
Dovşanlar pıçıldaşırlar,
Anam, qartalın evində
Bugün qonaq qalacaqdır.
Ədalət...
Avanqard.net
|