Murad Köhnəqala - Markes qəlyan çəkməyi Anardan öyrənibmiş
23.01.13
Bir dəfə məşhur
Kolumbiya yazıçısı Markesə sual vermişdilər ki, dünyada hansı yazıçıdan
qorxursan, yəni özündən üstün bildiyin bir yazıçı varmı? Markes heç düşünmədən
Azərbaycan Xalq Yazıçısı Anar Rzayevin adını çəkmişdi. Məşhur yazıçı dünyada məşhurlaşmaq
üçün Anar Rzayev şöhrətinin arxasında gizlənərək öz məkrli siyasətini həyata
keçirtmişdi. Markes bizim doğma, milli yazıçımızın adını çəkəndə onda Anar
Rzayevin beşcildliyi çapa hazırlanırdı. Kolumbiyalı yazıçısının hələ Biləcəridən
bu tərəfdə tanınmadığı dövrlərdə Xalq Yazıçısı ordeni ilə təltif edilmiş Anar
Rzayev artıq Biləcəridən bu tərəfdə, yəni hərbi çağırış məntəqəsində çox yaxşı
tanınırdı. Lakin getdikcə öz üzərində işləyərək püxtələşən yazıçımız qəsəbənin
o tərəfində də tanınmağa başladı. Kolumbiya yazıçısı boynuna almışdı ki, indiyə
qədər də bizim milli, öz soykökünə, adət-ənənəsinə bağlı yazıçımız olan Anar
Rzayevi yamsılayaraq ona oxşamağa çalışır. Əcnəbi yazıçı adı çəkilən müsahibəsində
dönə-dönə boynuna alır ki, Anar Rzayevin qəlyanlı bir şəklini görmüş və heç tərəddüd
eləmədən dərhal o da qəlyana keçmişdi. Günlərin bir günü Xalq Yazıçısı özünə
yeni bığ qoymaq qərarına gəldi. Milli yazıçımızın bığlı şəkilləri mətbuatda
yayımlanan kimi Markes yenə də dərhal Kolumbiyada özünə bığ qoymuşdu. Beləliklə,
bizim doğma və milli, öz soykökünə bağlı, təpədən dırnağa yazıçı olan Anar
Rzayevin adını dilinə gətirdikdən sonra bu əcnəbi yazıçı parlayaraq dünyada məşhurlaşdı.
Artıq 25 ildi
ki, bu nəhəng yazıçımız, hörmətli Anar Rzayev Yazıçılar Birliyinə rəhbərlik eləyir.
Hamı bilir ki, Anar Rzayev Birliyin sədrliyindən çıxsa orda heç kim sədrlik edə
bilməyəcək və dərhal dünya dağılacaq. Məlumdur ki, Anar Rzayevin Birlik sədrliyindən
getməsi xalqımızın faciəsi ilə nəticələnər. Qocaman yazıçı öz kreslosundan
aralanarsa dərhal təbii fəlakətlər baş alıb gedər və ölkəmiz böyük faciələrlə
üz-üzə, burun-buruna dayanar.
Vəzifədən
getmək o yana, ədib, sadəcə, bu fikri başından keçirərsə o dəqiqə göy guruldayıb şimşək çaxar,
dayanmadan qırx gün, qırx gecə leysan yağışları yağar. Güclü qasırğalar
ağacları kökündən çıxarıb göylərə qaldırar. Xəzər dənizinin suyu günbəgün
artaraq hamam vannası kimi dolub öz sahillərindən daşar və əvvəlcə Bakını, sonra bütün Azərbaycanımızı
basar.
Quşlar
qonmağa yer tapmadığına görə yad ölkələrə köçər. Ölkədəki bütün müəssisələr
bağlanar və insanlar su içində işsizlikdən əziyyət çəkər. Evlər öz sakinlərinin
başlarına uçar və hamının başı yarılar. Yurdumuzun hər tərəfində torpaq sürüşmələri
olar və aclıqdan vətəndaşlarımız bir-birinin ətini yeyər.
Gözlənilən fəlakətlərə
baxmayaraq yurdumuzun bəzi satqın gəncləri dayanmadan Anar Rzayevin Yazıçılar
Birliyindən getməsini arzulayır. Bunlar başa düşmək istəmir ki, bir kreslodan
ötəri ölkəni məhvə sürükləmək olmaz. Həmin gənclərə dəfələrlə demişik, başa
salmışıq, yazmışıq, pozmuşuq, cızmışıq, yenə xeyri olmayıb. Onlar öz mənfur
niyyətlərindən heç cür əl çəkmək istəmirlər. Yadınızdadırsa, axırda qocaman
yazıçı məcburən qələmə sarılaraq həmin gənclərə daşlama janrında bir silsilə
şeir həsr etməli olmuşdu. Şeirlərin rəvanlığı, axıcılığı, öz milli soy kökünə
bağlılığı adamı valeh edirdi. Müəllif gəncləri şeirinin kəskin misralarıyla
daşqalaq eləyirdi. Onun sədrlikdən getməsini arzulayan hər bir gənc ədibin nifrət
dolu ilhamına tuş gəlir və al-qan içində misra nizələrinin, şeir daşqalağının
altında qalırdılar.
Silsiləyə
daxil olan hər bir şeirin öz məna yükü, bədii təfəkkürün qabarması və çəkilməsi
insanı riqqətə gətirir. Öz qələmini süngüyə çevirərək nərə çəkibən gənclərin
qarşısına tək çıxan qocaman ədib hələ də onlara qarşı amansız mübarizə aparır.
Daşqalaq altında bağıra-bağıra qalan gənclərin səsi buz bulaqların, su
krantlarının, maşınların, oxuyan quşların və böcəklərin səsinə qarışaraq qəlboxşayan
musiqi yaradır. Daşlamanın kənardan atılan öldürücü misralar gənclərə dəydikcə
müəllifin qəlbi ehtizaza gəlir və getdikcə gəncləşməyə başlayır. Müəllif silsilənin
axırında hər bir həssas oxucusuna söz verir ki, gənclərin bir daha nəfəsi gələrsə
növbəti daşlamalar daha kəskin və daha öldürücü olacaqdır. /kulis.az/
|