Raqif Raufoğlu - Azadlığa qadınlar can atar
23.01.13
Yox cənab hakim! Mənə azadlıq verməyə haqqın yoxdur. Azadlığa qadınlar can atar. Kişilər onsuz da azad doğular. Qərarını ver, Gedim cəzamı çəkim. Bəli cənab hakim! İnan mənə Hamı sənin qərarından danışacaq. Hər şey yaxşı olacaq... Məni nədə ittiham edirsən? Sərxoşluqda? Mən onsuz da sərxoş ola bilmirəm. İçən kimi ayılıram. Ya ağlamaqdan, Ya da gülməkdən. Yoruldum deməkdən. Ancaq sənə çatır ərkim. Yox cənab hakim! Bu yalvarış deyil, Bu müraciətdir. Deyirsən azadlıq böyük nemətdir? Nə verəcək mənə Sənin azadlığın Sevgililərin bir-birini Qucaqlaya bilmədiyi ölkədə? Xəbərin yoxdur bəlkə də Azadlıq keçəndə, Yolları bağlayırlar. Parkları tək-tək gəzənlərə, Otları əcnəbilərə saxlayırlar. Sənin hökm verdiyin şəhərdə Bir-birinə baxıb Gülümsəyə bilməz heç kim Bəli cənab Hakim! Daha məni qınama. Bacara bilsən, Bir günlük azadlıq götür Gəl mənim dəlixanama. Bütün qurbanlarına Göz yaşı töküm İmza: Baş həkim.
|