Yeganə Cansail - Bütün uşaqlara...və bütün kişilərə...
16.01.13
Mənim heç atamla Gülümsəyən şəkillərim olmadı. Yuxularda gördüm atamı, Atasız uşaqlar, Heç vaxt xoşbəxt olmadı! Heç ağlamadım da Sən gedəndə, Anam səni söyəndə... Heç küsmədim də əynimə gəlməyən xoşbəxtlikdən. sən gedəndə böyük qayğılar geyib, sevgimizi soyunmuşduq. Heç şikayətlənmədik, ata əsirgənmiş sevgidən, bir nəfəs istidən bir qucaq doğmalıqdan, Allahın yadından çıxmaqdan. Şikayətlənmədik, Diksindik “qızım” kəlməsinə Qızındıq, “qızım”ların istisinə... Adamlar ürəyimi sıxanda Gündüzlər uzaqda qalanda Qaçmaq istədim qoynuna. Açmaq istədim sirrlərimi Kitab-kitab danışıb, Nöqtə-nöqtə susmaq istədim, ata. Suallarıma cavab istədim, “olmaz-olmaz!” – uşaqları atasız böyütmək olmaz, -Deyib, bağırmaq istədim, Ata... Tez qocaldım... Saçıma ağ dənlər düşüb, Gəlmə daha, ...gəlmə daha...
|