AYB-nin şöbə müdirinin başını kəsmək istəyiblər
15.01.13
Yazıçılar Birliyində Mahirə Abdulla ilə Abbas Abdulla arasında baş verən qalmaqalda daha bir ad ortaya çıxdı-Sayman Aruz... M.Abdulla iddia edir ki, onu AYB ilk təhqir edən şəxs Sayman Aruz olub. Xanım cənubi Azərbaycandan zəlzələdən əziyyət çəkənlərə kömək məqsədi ilə yığılan pulların çeklərinin gizlədildiyini də açıqlayıb. Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsinin müdiri Sayman Aruz isə açıqlamasında M.Abdullanın ona və Anara şər atdığını bildirdi: “Bu Mahirə xanımın növbəti şəri-böhtanıdır. Anar müəllim bizim böyümüzdür. Biz onu kiçik işlərə qarışdırmırıq. Onun özünün kifayət qədər problemləri var. Mən pul yığımı kampaniyasına qətiyyən qarışmamışam. Bizim şöbənin işçiləri var -Dilrubə, hamı ona müraciət edib. Pulları o, xanım yığırdı. Siyahı bizdədir, kim istəyir, gəlib baxa bilər. Həmin siyahıdan Anar da, Fikrət Qoca da xəbərdardır. Özü də guya, nə yığılıb ki. İki ay kampaniya aparmışıq, bu boyda Azərbaycan xalqından vur-tut 500 manat pul yığılıb. Onun üstünə də 2 min dollar qoyub zəlzələdən əziyyət çəkənlərə göndərmişik. Mahirə özünü kim hesab edir ki, biz ona çek göstərməliyik. Nəyə görə? Kimdir o? Əgər xalqsevər, cənubsevər idisə gətirərdi 5 manat da o verərdi. Bundan sonra soruşardı ki, “mənim verdiyim pul necə oldu? Yeri gələndə güneylini təhqir etməyə qalxır. Gülüncdür. Mən onu heç vaxt təhqir etməmişəm. Aydın Xanəmirovun tədbiri idi. Orada mənə söz verdilər. Dedim ki, gəlin virtual bütöv Azərbaycanı yaradaq. Virtual hakimiyyətimizi yarada bilsək, oradakı soydaşlarımızı yanımıza çəkə bilərik. O, farsa qulluq etməkdənsə bizə qulluq edərdi. Bu xanım ayağa qalxdı, dedi ki, “sən farssan, öyrədilib göndərilmisən”. Dedim ki, mən türkəm. Zindanda dırnağı çəkilmiş insanam. O, yenə də təhqirlərində davam etdi. Mən susdum, cavab vermədim. Səhəri o, xanım evimə zəng edib xanımımın yanında dedi ki, “sənin başını kəsib anana göndərəcəyik, səni öldürəcəyik. De görüm mən hansı millətin nümayəndəsiyəm?”. Mən də ona dedim ki, sənin kimi tərbiyəsiz insanı mən heç bir millətin nümayəndəsi hesab edə bilmərəm. Bu yaydan bəri məni yıxmaq üçün planlı şəkildə davam edirdi.” /aznews.az/
|