Anar AYB-də “təmizləmə” əməliyyatına başladı
15.01.13
Azərbaycan Yazıçılar Birliyində yeni qalmaqal baş verib. AzNews.az-a daxil olan məlumata görə, AYB sədri Anar yazıçı Mahirə Abdullanı işdən qovub. Yazıçılar Birliyinin mətbuat katibi Ədalət Əsgəroğlu AzNews.az-a açıqlamasında bu faktı dolayısıyla olsa da təsdiqlədi: “Dünən Yazıçılar Birliyinin katibliyinin iclası olub. O iclasda mən də iştirak etmişəm. Həmin iclasda həm də Mahirə Abdullanın məsələsinə baxılıb. Məsələ burasındadır ki, məlum olaydan sonra o, Yazıçılar Birliyinə gəlmir. Səbəbini soruşduqda deyir ki, xəstəyəm. Xəstə adamın da bülleteni olur. Bülleten də yox. Onun Yazıçılar Birliyində öhdəsində olan işlər də yarımçıq qalıb. Birlik hər ilin yanvar ayında üzvlərimizlə əmək müqaviləsi bağlayır. Həmin müqaviləyə rəhbərliklə fiziki şəxs imza atır. Amma bu dəfə Mahirə xanımla Yazıçılar Birliyi arasında müqavilə imzalanmadı. Hazırda onun işə nə səbəbdən gəlməməsi ilə bağlı araşdırma gedir”. Qeyd edək ki, bir müddət bundan öncə Mahirə Abdulla AYB-nin katibi, yazıçı Abbas Abdulla arasında xoşagəlməz insident yaranmışdı.
|