Cavid Zeynallı Kənan Hacının “Atamın sevgilisi”ndən yazdı
19.12.12
Çoxdanın vərdişkarıyıq:
bizi oxumurlarsa, deməli kütlə savadsızdır, kitablarımız satılmırsa əlbəttə,
bizi anlamırlar, başları boşdur, eləcə gur-gur guruldayırlar. Lap yürüş davulu
kimi...
Xub, bəs biz nə
yazırıq? “Nə yazmaq əə, ağlınıza gələni hüdüləyib tökürsünüz, gic-gic şeylər
sayıqlamaqdan başqa əlinizdən nə gəlir ki?”
Tənələr də bir tərəfdən
adamı yorur, darıxdırır...
Kənan Hacının “Atamın
sevgilisi” kitabı işıq üzü görüb. Kitabda “Çəhrayı qan” romanı və bir neçə
hekayəsi yer alıb. Birnəfəsə oxudum: dilim büdrəmədi, kələ-kötür cümlələr zəhləmi
tökmədi. Əlbəttə, Kənan Hacının nəsr dili rəvandır, laxlaq cümlələr, naşı ifadələr
ən azı addımbaşı əl-ayağa dolaşmır. O Kənan Hacının ki, istedadına, ədəbi
zövqünə də mənim şəkk-şübhəm yox. Billah! Di gəl,...
“Çəhrayı qan”
romanını Nabat adlı bir qıza dəlicəsinə
vurulmuş talesiz gəncin həyat hekayəsi də saymaq olar. O Nabatın ki: “Mən həyatında bəlkə də yeganə
kişiydim ki, onunla fahişə kimi davranmırdım”. Qəhrəmanı da belə təsəvvür edin:
daxili azadlığı əldə bayraq edib dərdi yamsılamaqla özünü kədərə pərçim edən
zavallınını biri. Amma yaşanmış həyatmı, yoxsa illərin qələm təcrübəsimi,
bilmirəm: Kənan qəhrəmanının düşdüyü acınacaqlı durumu əla təsvir edə bilib.
İfadələr dəqiq, boyalar rəngarəng, gözəl...
Bir fahişəyə olan
sevgisi hər şeyi alt-üst edir. İşdən uzaqlaşır, qəzetin baş redaktorunun “Təhminə”dəki
Dadaş sayaq nəsihətləri kara gəlmir. Bir tərəfdən də zəhrimar içki... Bahoo,
romanın 48-ci səhifəsində qarşımıza kim çıxsa yaxşıdır: Aqil Abbas! Heç nədən,
elə qəfildəncə: “Bir dəfə Aqil Abbas məni yaş yuyub quru sərdi, dediyi sözlər
indiyəcən qulaqlarımdadır. “Bala, sən çox istedadlı oğlansan, amma bu zəhrimara
çox aludə olma. Heyifsən, vallah. İçki çox istedadlıların başını yeyib, axırına
çıxıb. Hələ dünyada arağı yıxan adam
olmayıb, həmişə araq adamı yıxıb”
Bir xəbər alın görək,
Kənan romanı kiminçün yazıb: hamı üçün, məsələn, həm də ucqar dağ kəndində
yaşayan yeniyetmə Cəfər, çoban Kərəm üçün, yoxsa bir ovuc ədəbi mühitdən ötrü?
Ki, ədəbi mühitdə Aqil Abbası tanımayana lənət! Əgər bunun adı ədəbi
priomdursa, Kənan bəy çox üstünü vurmasın, bilməzlikdən çox şeylər olur.
Romanı oxuyanda bu
kiçik həcmli əsərin üç-dörd ilə yazıldığı gümanına düşməyim, məni aldatmadı, müəllifin
öz dilindən eşitdim. Təxminən 35-ci səhifədən sonra nəsrə tamam yad və yabançı
olan belə-belə cümlələr başlayır: “Bununla belə, 37-ci ilin repressiyası
tariximizin hələ də qan verən yarası kimi qalır və bu qətliamı qoca tarix və
uca zaman Mir Cəfərə bağışlamayacaqdı”( səh, 46); “Elə bir insan yoxdur ki,
onun bu və ya digər hadisədə özünü necə aparacağına qəti proqnoz vermək mümkün
olsun” (səh, 48); “Almazın da yağlı müştəriləri bilirsiniz kimlər idi? Yüksək
rütbəli polis işçiləri, qudurğan papa uşaqları, prokuror balaları” (səh,
50). “O vaxt Bakıda hakimiyyət uğrunda
mübarizə gedirdi, bütün diqqət ora yönəlmişdi, nizami demək olar ki, yox idi”
(səh, 67). Yeri gəlmişkən, bu tipli cümlələrə kitabdakı hekayələrdə də rast gəlmək
olur. Və zəhlətökən nəsihət olmasın, könül
istər, Kənan Hacı bu sayaq cümlələrdən qaçıb “aşına su qatmasın”. Öz
axmaq vasvasılığımı da boynuma alıram, mübaliğəli çıxmasın, adda-budda
qarşılaşdığım belə-belə ifadələr məni şapalaq kimi diksindirirdi: “əks təqdirdə,
müşayiət edirdi, hökm sürürdü, müşahidə edirdi, buna baxmayaraq...” və s.
Adama elə gəlir,
roman ya sonradan ixtisar olunub (özü də naşıcasına), ya da müəllif hadisələri təmkinlə, ləngərlə təsvir
etməkdən təngə gəlib də, əsəri tezbazar
yaxasıdan uzaqlaşdırıb. Məsələn, Almazın qızı Şahanə lapdanca peyda olur,
avtobus şoferi Məmməd necə olur səhifələrin içindən çıxır, bilmirsən. Adam
qalır çaş-baş... Və məlum olur ki, Nabat Pakistandan baş örtüyü ilə qayıdıb
“mömin” qadın həyatı yaşayır: “Namaz qılmaq onun işi deyildi, sadəcə bədənini
dincə qoymuşdu.”
Yazını necə, harda
bitirməyi bilmirəm. Deyəsən, Kənanın başını itirən qəhrəmanının halına mən də
yoluxdum. Buna müəllifin tələskənliyinə tutulmaq da demək olar. Amma bir şeyi
qulağımızda sırğa edək: Kənan Hacının
yazıçı səmimiliyi məni hədsiz sevindirdi. Aldandığını hiss edə-edə müəllifin
ardınca düşüb ta son səhifəyəcən nəfəs dərmədən ayaq döyməkdən yorulmamaq...
Çoxmu yazıçı bunu bacarır?! Ona görə də Kənan Hacını oxumağa dəyər! Elə birnəfəsə... Yorulmadan.../kulis.az/
|