Əsed Qaraqaplan - Bizə tutulan toylar
17.12.12
Toy adətindən niyə zəhləm getdiyini bugün anladım. İnsanlar gəlir bir günün, bir neçə saatın içində yeyib-içir, çalıb-oynayır, çıxıb-gedir. Elə günü sabah hər şey yaddan çıxır, heç olmamış kimi olur... Bugün bunu Ramil Səfərovla bağlı yazılanlarda, deyilənlərdə, paylaşılanlarda gördüm. Sabah yenə toy kimi unudulacaq və heç nə olmamış kimi olacaq... Bəlkə bu, belə də olmalı və belə daha maraqlıdı. Yəqin kütlə dediyimiz, anlamadığımız adət-ənənə və sair elə buna görə bizi heç vaxt cəlb eləmir. Ama şəxsən mən hər şeyin bu qədər adi və günlük olduğunu təsəvvür edə bilmirəm. Qalıcı olmayan şeylər mənə boş və mənasız gəlir və onun olmamasını daha çox istəyirəm. Belə şeylər adamda elə təsəvvür yaradır ki, adamlar ya bunu boyunlarına düşdüyü üçün edirlər, ya da həyat haqqında elə beləcə adi düşündükləri üçün. Hər iki halın yaxşı olmadığını görürsən və biraz da bunu anlaya bilmirsən. Toy da belə bir təsəvvür yaradır insanda. Adam düşünür, nədən adamlar həyata qarşı belə günlük və məcburi yanaşırlar ki... Bəlkə də cavab çox sadədi. Ama daha dərindən düşünəndə əslində cavabın ilk ağlımıza gələn qədər də "sadə" olmadığını anlayırıq. Həm də anlayırsan ki, insanları bu günlük və məcburi şeylərdən heç vaxt ayırmaq olmayacaq. Ən pisi də budur... Toy bizim həyatımızdakı yasların sayını çoxaldır... Toy ilk baxışdan adamda elə fikir yaradır ki, şənlik və əyləncə yeridi. Ama dərindən düşünəndə və adamlara, onların indiki hallarına baxanda başqa bir şey də duyursan; insanlar yasa hesablanmış kədərlə gəldikləri kimi, toya da hesablanmış sevinclə, şuxluqla gəliblər. Hətta bunu öz geyimləri-gecimləriylə də sübut edirlər. Sanki sevinən, şad olan adamlar yox, onların zahiri görkəmidi. Necə ki yasda bunun əksini görürük. Görünür bu da insanların cansıxıcı adi həyatlarını doldurmaq vasitələrindən biridi. Necə ki insanlar darıxanda, sıxılanda elə adi şeylərə əl atırlar ki, təki darıxıb-sıxılmasınlar. Toy həm də iki gənc arasında sevgi bağlılığından çox, ətrafın onların üzərinə qoyduğu bir məsuliyyətdi. Bu məsuliyyət də onların rahat çıxıb gedə bilmə azadlığını əlindən alır. Bəlkə də azadlıq hissini həmişə improvizə edən kütlə üçün bundan yaxşısı yoxdu. Axı o, qolları bağlı olanda bununla razılaşır və azadlıq, nəsə etmək yalnız qolları bağlı olmayanda yadına düşür. Halbuki azadlıq qolları bağlı halda əldə ediləndi. Toy insanların həm də başqalarına daha çox parçalandığı və daha az özü olduğu bir adətdi. Yaxşı deyiblər "Subaylıq sultanlıqdı". Toydan sonra sən daha çox başqalarından ibarət olursan. Ailəndən, həyat yoldaşından, övladlarından, qohum-əqrabandan... bütün bu məişət burulğanında sənin heç özün olmağa da çox vaxt şans qalmır. “Çünki oldun dəyirmançı Çağır gəlsin dən, Koroğlu...” Toy həm də insanların üzərinə məişət məsuliyyətinin qoyulduğu yerdi. Zatən həyatımız "toylarla" doludu... P.S. Bu yazı həm də toyları boykot yazısıdı...
Avanqard.net
|