Səlim Babullaoğlu-40: Təbrik edirik!
10.12.12
Azərbaycanın tanınmış şairi, tərcüməçisi Səlim Babullaoğlunun doğum günüdür. Dekabrın 10-da şairin 40 yaşı tamam olur. Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan Səlim Babullaoğlunu təbrik edir. Ona həm yaradıcı və təşkilati işlərində, həm də şəxsi həyatında uğurlar arzu edirik. Səlim Babullaoğlu 1972-ci ildə anadan olub. Onun tərcüməsində Orxan Vəlinin bütün şerləri (Türkiyə şairləri; 2005-ci ildə kitab şəklində), Sergey Yesenin, Mandelştam, İosif Brodski, Çeslav Miloş (2006-ci ildə kitab şəkilində) və Audenin şeirləri tərcümə blokları şəklində nəşr olunub. “Tənha” adlı ilk şerlər toplusu 1996–cı ildə işiq üzü görüb. 2006-cı ildə Türkiyədə “İyunda oxunan nəğmələr” (“Haziranda okunan nağmeler”) adlı şerlər kitabı, 2007-ci ildə isə Polşada, polyak dilinə çevrilmiş şeirlər kitabı nəşr olunub. Bundan əlavə, Ukrayna, Gürcüstan və İranda da kitabları işıq üzü görüb. Ümumilikdə, şeirləri 12 dilə tərcümə olunub. “Nar budağı”, “Kitab–2003″, “Kitab–2004″ milli ədəbiyyat mükafatlarına, Azərbaycan Gənclər, İdman və Turizm Nazirliyinin 2002–ci il üçün müəyyənləşdirdiyi “İlin ən yaxşı tərcüməçisi”, İLESAM-ın (Ankara) təsis etdiyi M.Füzuli adına Beynəlxalq Poeziya Mükafatına, Türkiyənin məşhur “Sali” art-foto qrupunun mükafatına, Qırğızıstan Qızıl qələm mükafatına və digər ödüllərə layiq görülüb. Dünya Ədəbiyyatı dərgisinin baş redaktoru, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin və Beynəlxalq Ədəbiyyat Fondunun üzvüdür.
|