Furqan Sadıq - Bir az ürək-dirək ver, yaz nisyə dəftərinə...
24.11.12
* * *
Ümidlərim tükəndi,
yenə bir qab verərsən...
Ehtiyat yığmaq üçün
mənə bir qab verərsən...
Bütün yollar qırılır-
hər tərəf yarımçıqdı...
Yaman tez sürüşürəm,
xəyallarım palçıqdı...
Mənə bir şeir yaz, dost,
hopum hərflərinə...
Bir az ürək-dirək ver,
yaz nisyə dəftərinə...
* * *
(Ad günüm üçün...)
Hələ canım üstümdədi,
yük altındayam hələ...
Göy üzü var başım üstdə,
kök altındayam hələ...
Yaşamaq kiminə asan,
kiminəsə zülümdü...
Bu gün ad günüm deyil
ki...
Bu gün mənim ilimdi...
Mən öz ömrümün görəsən
harasında durmuşam?!
Sərhəddəyəm, iki ilin
arasında durmuşam...
* * *
Zaman heç yana getmir,
elə saatda qalır...
Çünki, itirilənlər
həmişə yadda qalır...
Ürəyim nələr çəkir,
nə bilsin ürəksizlər?!
Ha yana gedirəmsə
bütün atdığım izlər
ayağım altda qalır...
* * *
Ürəyimdə yer yox daha,
otaqlar yaman tünlükdü...
Kirayə qalmaq çox baha,
o da ki, üç-beş günlükdü...
Yenə nə tappıltıdı bu,
yenə də nə hay-haraydı?
Qapılar taybatay açıq,
ürəyim karvansaraydı...
Yorulub heydən düşərsən,
getsən bu gedişlə, ürək...
Bə dərdləri hara yığım,
bir azca genişlən, ürək...
* * *
(Varis üçün)
Allah həyat varibsə, dost,
gərək mən də yaşayım...
Adam kimi ömür sürüm,
it günündə yaşayım?!
Həm başım boşdu, həm cibim,
zaman da boş ötüşür...
Əməllərim yazılanda,
sol çiynimə yük düşür...
Dost, indi sən de neyləyim,
silim günahlarımı?!
Yandırıb səpim torpağa
külün günahlarımın...
Avanqard.net
|