Əsəd Qaraqaplan - Sasi
23.11.12
Bütün günü həyətdə onunla oynayırdım. Adını "Sasi" qoymuşdum. Onu əllərimdə böyütdüm, universitetə girənə qədər heç yanımdan ayrılmazdı. Meşədə futbol oynayanda mal-qoyunu itirəndə Sasini çağırardım, arxasıyca düşərdim, düz məni onların yanına aparardı, tapıb gətirərdim. O, mənim ən yaxın dostum idi, heç vaxt məni tək qoymazdı. Onunla oynadığıma görə hər axşam yuyunmamış məni evə buraxmırdılar. Və mən heç vaxt evdəkilərə onun necə təmiz, necə saf olduğunu başa sala bilmədim... Ən təsirlisi universitetə girəndən sonra oldu. Elə ilk dəfə Bakıdan kəndə qayıdırdım, gecə idi, yağışlı gecə, göz-gözü görmürdü. Kəndin girişində taksidən düşəndə bir də gördüm Sasi oturub dayanacaqda məni gözləyir. Onu görən kimi gözlərim doldu. Qucaqlayıb öpdüm onu. Evə birgə gəldik. Və bundan sonra hər dəfə kəndə gələndə bilirdim ki, Sasi kəndinin girişindəki dayanacaqda məni gözləyir. Həm də ən yaxın adamımdan daha yaxında gözləyir məni. Ona görə çox rahat və uça-uça gəlirdim kəndə. Onda kəndimizin girişindəki çaydan keçəndə də qorxmazdım bu zülmətdə... Dördüncü kursun axırıncı semestrində oxuyurdum, kəndə getdim, dayanacaqda Sasini görmədim. Çox kövrəldim, gözlərim doldu. Onu qınamağa başladım ki, dostunu daha qarşılamır, unudub, sevmir... Nə biləydim Sasi ölüb... Xain qonşulardan biri çörəyin arasında iynə atıb ona, öldürüb. Gəldim evə, bunu eşidəndə inanmadım. Sasi ölə bilməzdi mənə görə. Dedilər, evimizin qarşısındakı dərədədi ölüsü. Yenə inanmadım, fənəri götürdüm, yenə yağışlı bir gecəydi, yenə göz-gözü görmürdü. Getdi dərəyə. Məsumca yatırdı dərədə. Elə bil heç ölməmişdi. Dişləri də elə bil mirvari kimiydi. Elə bildim indicə qaçacaq qarşıma və mən də onu qucaqlayıb öpəcəm. Ama Sasi heç tərpənmirdi, elə bil heç olmamışdı da. Onda ağlamaq tutdu məni. Kəndəki ən gözəl dostumu itirmişdim... Və son dəfə gecənin zülmətində qucaqlayıb ölüsünü öpdüm Sasinin - ağlaya-ağlaya... ...8-ci sinifdə oxuyanda qonşu kənddən (sevdiyim qızgildən) bir qulaqları kəsilmiş küçük gətirmişdim. Boz və toppuş bir küçük idi.
Avanqard.net
|