Ramil Əhməd - Ağladığını
görürəm
22.11.12
Ağladığını görürəm İşdən çıxmışam, evə gəlirəm. Yağış yağır, küçələrdən ayaq izlərimizi götürüb harasa qaçır... Gözlərin açıqdır – yağış yağır... Çətirsizəm, islanıram... Yağış yağır, yağış yağır ara vermədən. Yağış səni xatırladır... Bir ağacın gövdəsinə sığınıb, telefonumda “N” hərfiylə başlayan adları axtarıram, sənə zəng edirəm. Gizlətmə, onsuz da ağladığını görürəm... Yer üzünə yağış yağır gözlərindən, Yer üzünə! Bəs, niyə sərçələr yuvasına uçmur? Maşınların şüşəsilənləri hərəkətsiz, qadınlar götürmədikləri çətirlərini açmır... Bu nə sirdi?! – məndən başqa heç kim islanmır, heç kim yağışdan qaçmır!İşdən çıxmışam, evə gəlirəm. Yağış yağır gözlərindən... İslanıram... Yum gözlərini – çətirim olsun, heç olmasa mən yuvama çatana qədər.
Sevgidən bir addım uzaq... Ayaqqabını təmiz saxla, həyat ayağa baxandır. Bir qadın bətnində qadağan nişanı – “Dünyaya başqa cür giriş qadağandır!”
Hamının alnında bir gülləlik yer, hər kəsin ürəyində izdiham. Ayrılığa bir addım yaxınıq, sevgidən bir addım uzaq... Baxışın hardasa ilişib qalıb, gözlərin özünə yaxındı. Baxışın dünyadan uzaq... Səni fikirdən oyadır, əlindən bərk-bərk tutduğun oyuncaq...
Avanqard.net
|