Sultan Sevda - Əxlaqsız qızlar
20.11.12
Qızlara
inanmaq olmaz, heç cür. Onların kənardan bu qədər məsum, ağıllı görünüşünə
aldanmayın. Rol oynayırlar. Sadəcə onlara öyrədilən ağıllı qız rolunu oynamağa
çalışırlar. Kənardan hər kəsin onlardan gözlədiyi tərbiyəli, əxlaqlı, səliqəli
qız rolunu. Çox vaxt yan-yörəsindəkilərə, ata-analarına, özlərindən böyük
bacı-qardaşlarına elə görünməyə
çalışarlar ki, guya qarşı cins onları heç maraqlandırmır. Ama bütün hərəkətlərinin
altında özünü qarşı cinsə göstərmək, bəyənilmək meyli durur. Sadəcə qarşı cins
onlara yasaqdır. Bu üzdən bu cür altdan-altdan oyun oynayırlar. Hələ azacıq
boyları qalxdımı, ətə-qana doldularmı, onlar qədər təhlükəli məxluq yoxdur. Sizə
kələk gəlib elə dona girərlər ki, mələk cildində şeytana bənzəyərlər. Söz deyəndə
utanıb qızaranları belə öz aləminə çəkilən kimi ağıllarından keçirmədikləri
qalmaz. Siz onlara həyatda qadağan etdiklərinizi xəyallarında yaşarlar. Güzgü
qarşısına keçib saçlarına, üz-gözünə, əndamına on tərəfdən baxdımı bilin ki, elə
belə baxmır. Ağlından nələr keçdiyini bir allah bilir. Bu üzdən qızlara inanmaq
qədər ağılsız bir iş yoxdur. O həmişə sizi aldadacaq. Telefonla danışmalar,
internetlə sevdalaşmalar... Bir gün harasa getməyi bəhanə edib evdən görüşə
qaçacaq. Bu yəqindir ki, təmiz, dürüst, yalansız qız yoxdur. Qız nəzarətsiz
qaldısa demək artıq o hər şey edə bilər. Bunu hamımız hiss edirik. Bu üzdən nə
qədər anlayışlı davranmağa çalışsaq da heç vaxt şübhələrimiz bizi rahat
buraxmır. Bütün bunlara baxmayaraq bəzən sizdən etibar, inam tələb edə bilər bu
qız. Siz də sadəlöhvcəsinə onun haqqında yanlış düşündüyünüzü güman edib: - “o
mənim qızımdır, belə bir iş görə bilməz” -deyə, sentimentallığa qapıla və ona qədərindən
artıq azadlıq verə bilərsiniz. Ama bir azdan sonra o özü də başa düşəcək ki,
bacara bilmədiyi bir yükün altına girib. Bu inamı doğrultmaq onun işi deyilmiş.
Hər halda bu qədər sadəlövh olanlarımız heç də çox deyil. Hər kəs bu şübhəsiz həqiqəti
yaxşı bilir. Bu üzdən valideynlər hələ lap körpəlikdən öz qızlarını qol-budaq
etməyi yaxşı bacarırlar. Həm də təkcə valideynlər yox, bütün ətraf, cəmiyyət
bununçün çox əmək sərf edir. Qız özü bilir ki, bayıra çıxdısa bütün hərəkətləri
nəzarətdədir. Yerişi, duruşu, baxışı hamısı söz-söhbət mövzusudur. Bu onu məcbur
edir ki, özünü ondan gözlənən çərçivələrə uyğunlaşdırsın. Ya da ən azından belə
görünsün. Ən xırda detallara qədər olan ətraf marağı onları həmişə gərgin, sək-səkəli,
özündən bədgüman, qorxaq olmağa məcbur edir.
Qızların başı üzərində qılıncla durmaq
lazımdır. Ata, qardaş nəzarəti xüsusilə vacibdir.”Oğul namusdur”- bu üzdən
deyiblər. Məyər qardaş nəzarəti olmayan, hər addımına diqqət yetirildiyini
duymayan qız namus qeydinə qala bilərmi? Hansı kişi namusunu öz qızına etibar
edə bilər? Qız satqın və xaindir. Bu üzdən hələ lap qədimdən ata-bablarımız bu
işdə çox tər töküblər. “Qız gülməz”, “qızın dişləri görünməz”, “qız bərkdən
danışmaz”, “qızın dostu olmaz” , “qıza söz deyəndə başını aşağı salar” deyibən
hələ ən kiçik yaşlarından onu hər tərəfdən darayıb yatqın, itaətli hala gətirməyi bacarıblar. “Qızını döyməyən
dizini döyər” deyiblər. Evlərdə, çadralrın altında bir təhər, qorxa-qorxa
saxlayıb böyütdükdən sonra 13-15 yaşına çatmamış “oxxay” deyib ərə veriblər.
Ancaq bundan sonra onların namusunun daha etibarlı əllərdə olduğuna inanıb
rahatlanıblar. Hər bir kişinin qız xofu, qadın qorxusu var. Buna namus qorxusu
adını veriblər və bundan hürküblər, vahimələniblər. Bu vahimə qız gənc yaşa
çatandan başlayıb ta ki, qadınlığını itirənə qədər davam edib. O zamana qədər
qadının, qızın evdən çıxması, hər hərəkəti, hər sözü çərçivəyə salınıb. Ancaq
qadın bəlli bir yaşa gəlib qocaldıqdan sonra bu ittihamçı əllər onun yaxasından
əl çəkib. İndi, müasir zəmanədə isə hər şey bir az daha çətinləşib. Süni şəkildə
bizdən tələb olunan müasirlik, zəmanəylə ayaqlaşmaq problemləri var. Bir tərəfdən
də namus qorxusu, namus xofu... İndi kənardan daha cazibəli, daha kübar görünmək
tələbi var. Bir tərəfdən də ləyaqətli, təmiz-tarıq... İndi qızları tutub evə,
çadra altına yox, bəzəyib düzəyib insanların gözü qarşısına ideal, mələksima
bir tövhə kimi çıxarmaq lazımdır. Həm də elə qol-budaq edib çıxarmaq lazımdır
ki, öz təbii hisslərindən əsər əlamət qalmasın və biz istədiyimiz bayağılığa
vara bilsin. Hətta yubkasını bir az qısaldıb, dar şalvarlar geyməsinə də icazə
verə bilərik ki, həm daha müasir görünsün, həm də qarşı cinsin diqqətini cəlb
edə bilsin. Ama nəbadə özünün də ağlından belə şeylər keçdiyini biruzə verməsin.
O sadəcə bu gözəlliklərin içində öz gözəlliyindən xəbərsiz, əlçatmaz ilahə
roluna girməlidir, vəssəlam. Birdə ki, qızı başı qalxmamış ərə verməli
olduğumuzu hamımız yaxşı bilirik. Çünki, onun da təbii ehtiyacları var. Və bu təbii
ehtiyaclar ödənməlidir. Əgər vaxtında öz durumuna, adına-sanına layiq birinə
tapıb vermədinsə kim bilir bu təbii ehtiyacları necə ödəməyə qalxacaq? Çoxda
ki, özünü hətta 25-30 yaşlarına qədər arınıb-daranmış, ancaq işə-gücə sarılmış
biri kimi göstərdi. Ama biz bilirik ki, onun içində nə qurd yatır. Bir gün
başını qaldırsa hamımızı çalacağından əminik. Onun adı qarşı cinsə olan meyl, təlabatdır.
Buna görə də vaxtında birinə tapıb verdinsə bu təlabatı da rahatlıqla,
qayda-qanun, ən-ənə daxilində ödənər, üstəlik özünün də başı uşaq-muşağa
qarışıb sevgi-məhəbbət xülyasından aralanar. Bir düşünün, bir gün ayılırsınız
ki, qızınız bir sevdiyiylə bütün sərhədləri aşıb sevib-sevişib, və sizin heç nədən
xəbəriniz yox... Hətta gözləri xoşbəxtlikdən parlasa da, sevib- sevildiyi bir
insanın yanında xoşbəxt olsa da bundan dəhşətli bir şey varmı? Ama həm də bu
şükürlüdür. Birdən Allah eləməmiş sevgilisiylə ayrılsa necə? O zaman onu hətta
bazara çıxarsaq belə fərq etməz. Alıb üstümüzdən aparıb, namusumuzu təmizləyən
tapılmaz. O zaman bəlkə gedib kiminsə gədəsinin ayağına belə qapanmaq olar ki,
gəl bu qızı al, mənim namusumu təmizlə. Ona görə də deyərlər ki, “qız yükü, duz
yükü”...
Qızları tərbiyə etməkçün yaraqlanıb
yasaqlanmış cəngavərə bənzəməlisən. Hansı tərəfdən öz kimliyini biruzə verdisə
o tərəfdən vurmalısan. Geyimindən tutmuş, saç düzümünə, maraqlarına, məşğuliyyətinə,
dost-yoldaşına, dinlədiyi musiqilərə, oxuduğu kitablara, əgər yazmağı sevirsə
yazılarına, gündəliyinə- hamısına diqqət yetirməli, gözünü dörd açmalısan. Qız
tərbiyə etmək asan deyil. Çünki, sənin hədəfin qızın özü, öz kimliyi, təbiətdən
aldığı doğal yaradılışıdır. Biz özümüz də bunu yaxşı bilirik ki, ondan etməməsini
istədiyimiz şeylər onun təbiətindədir. Bizim müharibə elan etdiyimiz şey onun
yaradılışıdır.Yaradılışla müharibə etmək qədərsə çətin, əl çatmaz bir iş
yoxdur. Buna görə də qızı tərbiyə etməkçün onun özünü öz içinə gömməlisən.
Hisslərini, istəklərini içində öldürməyə vadar etməlisən. Və hətta bu hissləri,
duyğuları özünün öz içində boğmasına nail olmalısan. Əgər bir valideyn, ana və
ya ata qızının əxlaqına, namusuna güvəndiyini deyirsə demək o daha çox qızını
qol-budaq edib içindəki hisslərini təşrih edə bildiyini demək istəyir. Beləcə
qurumuş, manqutlaşmış bir məxluq yarada bildinsə demək namusunu, əxlaqını
qoruya bildin. Bu məxluq da sənin nəslinin davamçısı, özü kimi məxluqlar böyüdəcək
bir elementi sayıla bilər. Ama baxanda işimizə yarayacaq şeylər də az deyil.
Çünki, qadının, qızın təbiətində bir itaətkarlıq, qayda-qanuna, nizam-intizama
meyllilik var. Və həm də zəif məxluq olmağı bu işi bir az daha asanlaşdırır.
Buna görə cəmiyyətin əxlaq yükünü qadınların, qızların boynuna yükləmək daha
asan yoldur. Baxmayaraq ki, bu halda hamımız ikiüzlü bir oyun oynamağa məcbur
oluruq. Məsələn oğlanlar sevdiyi qızla hər cür yaxınlığı ağlından keçirdiyi
halda onun əxlaqına, əlçatmazlığına hörmət duyduğunu deməli olur. Qızlarsa
bayaqdan dediyim əlçatmaz, əxlaqlı, ağıllı qız rolunu oynmalı olur. Özünü hər
cür yaxınlıqdan, isti münasibətdən, təmiz, təbii hisslərdən məhrum edən belə
insanlar çərçivələnib əxlaq çərçivəsində sevir, əxlaq çərçivəsində sevişir, əxlaq
çərçivəsində yatır, əxlaq çərçivəsində evlənib boşanırlar. Yəni önəmli olan
bizim duyğularımız, hisslərimiz deyil, önəmli olan hisslərimizin də,
duyğularımızın da bu çərçivələrin içinə sığmış görkəmidir. Daha çox özlərini təşrih
etməyə məcbur etdiyimiz qızlar olduğundan hissiz, duyğusuz, içsiz qalan da
qızlar, qadınlar olur. Belə qadın və ya qızlar sanki, pərdələnib hər tərəfinə
tikanlı bir məftil çəkmiş kimi duyğuya, sevgiyə, təbii hisslərə içlərini bağlı
elan edib bununla özlərini kənar söz-söhbətən qorumuş olduqlarını sanırlar.
Bu yaxınlarda şahidi olduğum bir hadisədən
danışmaq istərdim. Özümün də dərs dediyim əyalət məktəblərinin birində iki bacı
nisbətən oğlanlarla açıq, sərhədsiz davranışıyla camaatın dilinə düşdü. Dərhal
müəllimlərin içinə təşviş düşdü. Məsələn, həmin sinfin qızları ilə söhbətim
zamanı mənə aydın oldu ki, həmin iki qızla-Mələknisə və Gülşənlə yaxınlıq etmək,
onlarla qol-qola gəzib deyib gülmək digər qızlara qadağan olunub. Özü də bunu
kişi cinsindən olan idman müəllimləri qadağan edib. Və üstəlik xəbərdar ediblər
ki, gözümüz hamınızın üstündədir. Kim özünü necə apardı, nə etdi hamısı bizə
çatır. Mələknisə və Gülşən haqqında isə, “onlar heç də yaxşı qız deyil, onlara
qoşulmayın”- deyibən bu iki qızı az qala digərləri üçün təhlükəli düşmən elan
ediblər. Həmin iki qızsa hətta əvvəldən yaxınlıq etdiyi rəfiqələrinə az qala
yalvarışçı düşüblər ki, onlarla bayırda, insanların gözü qarşısında olmasa da
sinifdə yaxınlıq etməkdən çəkinməsinlər. Sonra həmin sinfin qızlarına hətta
bufetə düşmək belə qadağan olunmuşdu. Bunu nizamlamaq isə sinfin oğlanlarına
tapşırılmışdı. Hansı ki, bu oğlanlar illərlə müəllimləri az qala boğub boğaza
yığmışdı. Beləcə qızları nəzarət altına almışdılar.
Hə,
belə qızlar haqqında adətən el arasında “ tez ayılmış, oyanmış qızlar”- deyirlər.
Məktəblərdə beləsi peyda oldumu, müəllimlər onun haqqında danışanda ağız büzür.
Belə qızların peyda olması ətrafda həyəcan siqnalı kimi bir effekt yaradır.Dərhal
hər kəs səfərbər olur. Digər məsələlərə − bu qızların təhsilinə, psixoloji
durumuna və başqa problemlərinə etinasız yanaşmaq da olar. Ama bu kimi şeylərə
etinasızlıq bağışlanmazdır. Məktəblər də daha çox təhsil, təlim-tərbiyə
xarakterini itirib məcburən bir parta arxasında oturmağa buraxılmış oğlan və
qızların əxlaqsız hərəkətlərinin qarşısını almaqla uğraşır. Və ata-anası da
qızının ayıldığını duyan kimi tez başından basıb ərə verməyi yeganə çarə hesab
edir. Cəmiyyətdəki əxlaqszlıq halları beləcə nizamlanıb qaydaya qoyulur. IX
sinif şagirdi- Səadət adlı başqa bir qızı da bu cür hərəkətləri üçün valideynləri
məktəbdən saxlayıb evdə göz dustağına çevirdi. Sinif rəhbəri də bununla çox
rahatlıqla razılaşdı. Çünki, bu cür ənənələr hər cür qanunu yuyub aparır bizim
cəmiyyətdə. VII sinif şagirdi Şəfəqi isə oğlanla söhbətləşdiyi üçün nişanlayıb
məktəbə gəlməkdən məhrum etdilər. Bu günlərdə dərs deməsəm də həmin sinifdə
oldum və daha bir qızın- Vüsalənin aqibətini eşitdim. Küskün, ürkək nəzərlərlə ətrafına
baxır, verdiyim suallara cavab verə bilmirdi. Valideynləri hansısa hərəkətinə
görə onu məktəbdən çıxaracaqlarını demişdi. O da məsumluqla özünü bağışlanmaz
bir günah sahibi kimi hiss edirdi. Sonra həmin sinif rəhbəri ilə də ayrılıqda
danışıb bu işlə maraqlandım. Sən demə Vüsalə məktəbin pəncərəsi qarşısında
duraraq onun arxasınca gəlmiş oğlanlara görünübmüş. Bunu da duyan məktəb
direktoru onun valideyninə müraciət edərək-“ qızının əl-ayağını yığ”- deyibmiş.
Bax,
beləcə bu balaca qızlar balaca-balaca “günahlarının” əvəzini belə böyük bədəllə
ödəməli olurlar.
Hə,
bu cür həqiqətləri hamı bildiyi üçün hər kəs sək-səkədən ayrıla bilmir. Bu
yaxınlarda məşhur salyanlı üç qızın evdən qaçışı ata-anaları necə təşvişə
saldısa hər kəs evindəki qızların yaxasından yapışıb az qala həmin üç qızın
qaçışının rüşeymlərini öz qızında axtardı. “Səni şişə çəkərəm ha... Evə yaxın
buraxmaram” ... -deyibən qızına əvvəldən xəbərdarlıq edənlər oldu.
“Əxlaqsızlıq, tərbiyəsizlik baş alıb gedir” deyib mollalar dilə gəldilər.Hər kəs
əxlaqsızları, tərbiyəsizləri söyməklə özünü sığortalamış oldu. Bu cür halları
da cəmiyyətdə əxlaqsızlığın artmasıyla əlaqələndirdilər. O üç qızın halını
uzaqdan da olsa təsəvvür etmək mümkündür. Üz qarasına, baş qaxıncına çevrilib,
cəmiyyətin qınaq mənbəyinə döndülər. Hər şeyin qorxunc görkəmi qızlardan
birinin nənəsinin televiziya kanallarının birinə müsahibəsində “mənim qızım evdən
qaçmayıb ki, uşaq əmisi gilə getmişdi, sonra da qayıdıb gəlib” dediyi sözlərin
simasında ortaya çıxır. Ya da qızlardan heç birinin valideyninin ekrana çıxa
bilməmək qorxusunda... Bu 14-15 yaşlı uşaqlar bağışlanılmaz bir səhv ediblər
ki, bunu qatil də, oğru da, saxtakar da, fırıldaqçı da edə bilməz. Qatil, oğru,
fırıldaqçının valideyni bu qızların valideyni qədər xəcalət çəkməzdi, bundan əminəm.
Bu 14-15 yaşlı uşaqların səhvi sevdikləri oğlanların yanına qaçmalarıdır. Bu dəli-dolu,
sadəlövh, romantik gəncliyi, uşaqlığı bizim cəmiyyət əxlaqsızlıq, tərbiyəsizlik
adıyla bax beləcə kökündən baltalayır. Əxlaqlı, tərbiyəli görünməkçün biz
hamımız o kübar, ikiüzlü, saxtakar maskanı geyməliyik ki, cəmiyyətlə ayaqlaşaq.
Hər
şeyin görkəmi budur. Biz qorxağıq. Biz özümüzdən it kimi qorxuruq. Biz özümüz
olmaqdan, cəmiyyəti ayaqlayıb keçməkdən, var olmaqdan it kimi qorxuruq. Bizim
namusumuz namussuzluq, əxlaqımız əxlaqsızlıq, tərbiyəmiz tərbiyəsizlikdir. Bu qədər
insanın qarşısında nəvəsinin sevdiyi oğlana qoşulub qaçmasını etiraf etməkdən
qorxan nənə bu ağ yalanı danışmaqdan qorxmadı. Biz namuslu olmaqdan, əxlaqlı
olmaqdan, dürüst olmaqdan bu qədər qorxuruq. Ama nədən, fırıldaqçı, yalançı,
oğru olmaqdan deyil də bu qədər vahiməli şəkildə səmimilikdən, öz istəklərimizlə
yaşamaqdan qorxuruq? Nədən bütün cəmiyyətin əxlaqsızlıq anlayışı azad sevgi,
qadın-kişi münasibətlərinin üzərinə yönəlib? Füzuli də Qeysə deyilən- “sən
Leylini sevməyi unut, biz onu sənə verək” sözlərində bu şeylərin mahiyyətini
açırdı. Əslində hər şey gün kimi aydındır: Sevgi azaddır. Sevgi çərçivələnə
bilməz. Sevgi heç bir qəlibə sığa bilməz. Sevgi cəmiyyətin kölə təfəkkürünə
ziddir. Sevgi bizi asılı olduğumuz şeylərdən, gələnəklərdən, mental dəyərlərdən,
adətlərdən, çürük söz-söhbətdən, yasaqlardan, qadağalardan azad edir. Sevgi
cılız, balaca nə varsa hər şeyi soyuna bilir. Sevgi olan yerdə ətrafdakıların
hökmü sıfıra bərabərdir. Azad sevgi cəmiyyətdəki köləliyə ən böyük zərbədir.
Buna görə də ən qapalı diktator rejimlər insanı kölə halına salmaq üçün ilk
növbədə azad qadın-kişi münasibətlərini yasaqlamışdır. Bizim də diktator
içimizdəki qaranlıqdadır. Bu üzdən hər kəs içində olan romantik, təmiz hisslərini
təşrih edib qaydalara, adətlərə yarınmağa vərdiş etmişdir. Cəmiyyətdəki bütün ədalətsizliklərin
kökü də bundadır. Avanqard.net
|