Kənan Hacı - Həkim deyir: - içmək olmaz!
16.11.12
Uzun bir
yolçuluğa çıxmışam,
yayları qopuq
bir avtobus dayanacağında
yırğalana-yırğalana,
məsud günləri
anıram,
içim çölümə
axır, içim, çölüm pərişan...
Həkim deyir:-
içmək olmaz!
içməsəm,
olmaz, olmaz..
Yenə yumşaq səsin
qıdıqladı qulağımı,
şeytan apardı
ağlımı,
yox, şeytana
böhtan atdım,
şeytanlıq bir
iş yoxmuş,
anam məni belə
doğmuş...
sənə mesaj yollamaq
aynasız bir
evdə gəzmək kimidir,
susuz bir
hovuzda üzmək kimidir,
varlığını bilə-bilə,
yoxluğunda yaşamaq...
sənə
qovuşmağın cəzası ağır,
sənə
qovuşmağın bədəlini
başqa bir
ayrılıqla ödəməm lazım...
Mənsə bunu
istəmirəm.
Sənə uzanan
yollar xəyanət qoxuyur, canım...
ovunmaqdan ötrü şərab içirəm;
alovu içimi
qarsır, canım...
ürəyimə
damıb- bu sevgidən sağ çıxmağa ümid yox...
Həkim deyir:-
içmək olmaz!
İçməsəm,
olmaz!..
Olmaz!!!
Bunu tək sən
bilirsən, canım...
Avanqard.net
|