Ramil Əhməd - Məktub
12.11.12
Məni elə sevəsən
ki,
sevilməkdən yorulam...
Doğmanın,
yadın,
hamının əvəzinə sevəsən...
Elə sev ki,
sevilib qurtarım – yox
olum...
Ruhumla öpüş,
gözlərinlə qucaqla məni.
Bir ağac ək içində
öləndə basdır məni,
o ağacın dibində...
Elə sevgi ki,
qədərini kimsə bilməsin...
metrlə, kiloyla,
dünyayla, həyatla
ölçüyə gəlməsin...
Sevməkdən lap itirəsən
başını...
Gecəylə gündüzü qarışdırasan,
səbəbsiz darıxasan,
sevməyin özünü sevəsən...
Roman kimi oxuyasan məni,
sevgi sözlərinin altından xətt çəkəsən,
xəyalındasa şəklimi...
Unudasan harda
yarımçıq qaldığını,
təzədən oxumağa başlayasan...
Sevəsən məni
bir nəfəs uzunluğu qədər,
qulağa pıçıltı ilə deyilən
sevgi etirafı kimi...
Küçədə gözlərin
məni axtarsın...
Tapmayanda
öz içinə baxasan,
sonra dərindən bir nəfəs alasan...
Və mən sevilib
qurtarım – yox olum....
|