Əsəd Qaraqaplan - İçdikcə imanım artır
12.11.12
Mən içki içəndə də, içməyəndə də insan oldum, sən içki içməyəndə. İçəndə nə olacaqsan, məlum deyil... Mən içki içəndə də, içməyəndə də öz canıma ziyan vurdum, sən içki içməyəndə. İçəndə başqa kimlərə ziyan vuracaqsan, məlum deyil... Mən içki içəndə də, içməyəndə də ruhum Tanrıya qovuşdu, sən içki içməyəndə. İçəndə necə olacaq, məlum deyil... Mən içki içəndə də, içməyəndə də içimdəki kimi oldum - dağınıq, dəli, uşaq kimi ərköyün və səmimi. Sən içki içməyəndə çölündəki kimi oldun - səliqəli, ciddi, hesablanmış... İçəndə necə olacaqsan, məlum deyil... Mən içki içəndə də, içməyəndə də sevdim, sən içməyəndə. İçəndə sevəcəksənmi, məlum deyil... Mən içki içəndə də, içməyəndə də... Sən içki içməyəndə... Səninçün həyatın yalnız bir tərəfi var - o, xeyir də ola bilər, şər də. Mənimçün həyatın iki tərəfi var - o, həm xeyir tərəfidi, həm də şər tərəfi... Həyatın bir tərəfi yoxdu - ya xeyir, ya şər tərəfi. Həyatın iki tərəfi var - həm xeyir, həm şər tərəfi... Sən həmişə etmədiyin bir şeyin pis olduğunu dedin - məsələn, içki içməyin. Mən həmişə etdiyim bir şeyin pis olduğunu dedim - məsələn, içki içməyin... Sən başqalarına baxıb yaşadın, mən içimə. Sən başqalarının səhvini elədin, mən içimin... Sən Tanrıdan qorxduğundan içmədin, mənsə Tanrını sevdiyimdəm içdim... Və mən sənin bədbəxt olduğun üçün içdim, sənsə məni içdiyimə görə bədbəxt hesab etdin. İçdikcə imanım artır...
|