Ariz - Balığın son rəqsi
07.11.12
İnsanlar şeir söyəcək ...
Gecəykən bütün söyüşləri
şeirlərlə dəyişdirdim.
Daha insanlar bir-birinə
şeir söyəcək ...
***
Zənci şairlər ağlara etiraz
edir:
“Onlar bir də ağ şeir yazmayacaqlar!”
***
Heç kim
anlamır
ağ vərəqə
yazdığım
ağ
şeirləri.
***
Öz dilimdə danışmağa
qoymadılar.
Öz dilimdə susacağam
bundan sonra.
***
İnsan - Tanrının yazdığı
ilk sərbəst şeir!
***
Şair bətnində ölən
bütün şeirlər
Günəşi görməyən
uşaqların şərəfinə!
Divarın sevgilisi
Adına “daş” dediyin
bu soyuq divar
gör necə şövq ilə qucub
sevdiyi sarmaşıqları.
Balığın son rəqsi
Yosun ətri
verən
təkəbbürlü
tənha qadın...
Qoynunda
xumarlanır
sərxoş
qayıqlar.
Adını
zikr eləyir
balıqçı
torunda
sonuncu
rəqsini
edən balıqlar...
Saat
Saat...
insanın həyatına
qurulmuş
sayğac.
Qırmızı
Dodaqları
al rəngdəydi
Qırmızıyla hüdudlanmış
bütün qadağalar kimi...
|